Azərbaycanın “sülh olmasa, hərb variantı”: Zəngəzur, Göyçə, İrəvanın kimin olduğunu unutmasınlar – TƏHLİL

Azərbaycanın “sülh olmasa, hərb variantı”: Zəngəzur, Göyçə, İrəvanın kimin olduğunu unutmasınlar – TƏHLİL

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvan administrasiyasının göstərəcəyi siyasi ədəb-ərkandan asılıdır.

Azərbaycan sülh üçün şərtləri təqdim edib, Azərbaycanın sülh konsepsiyası erməni fantaziyalarındakı ərazi iddialarının üzərindən qalın bir xətt çəkən diktəedici bəyanatdır və gedişat həmin istiqamətlərin hansı formada təzahür edəcəyini müəyyənləşdirəcək.

Ermənistan sülh müqaviləsini Azərbaycanın tələbləri əsasında imzalasa, onda İrəvan regional kommunikasiyalara qoşulacaq və özünü dalandan çıxararaq firavanlığa qovuşacaq.

Yox, Ermənistan Bakının jestlərini vaxtı yubadıb toparlanmaq üçün istifadə etsə, onda başının ağrısı onun vahid orqanizm kimi ölümünə gətirib çıxaracaq.

Ermənistan, onsuz da, Azərbaycana məğlubiyyətinin acısından qıvrılır, lakin ermənilərin ərazilərə dair əsatirləri hələ də qalmaqdadır, bu instinktiv fitnə isə revanşizm üçün mayak rolunu oynayır.

Qlobal siyasi sistemin məhvərindən çıxarılmasından ötrü gedən çarpışmanın notları Cənubi Qafqaz regionunda da hiss edilməkdədir və Azərbaycan risklərin neytrallaşdırılması üçün əhəmiyyətli tədbirlər görür.

Azərbaycan müdafiə qabiliyyətini yeni geosiyasi reallıqlara uyğunlaşdırır və potensialını regiondakı istənilən hərbi-siyasi təxribatı, radikal ideologiyaları zərərsizləşdirmək vasitəsinə çevirməkdə davam edir.

Erməni siyasi elitası və hərbi komandanlığı Azərbaycanın hərbi qüdrətini düzgün dəyərləndirməlidir, revanşizm və ya onun ekvivalentində ideyalar toplusu istehsal etməkdənsə, özünü praqmatik gündəliyə kökləməlidir.

Bu həm Azərbaycanın, həm onun strateji müttəfiqi Türkiyənin maraq dairəsində qırmızı xətlə keçir. Bakı-Ankara müştərək maraqlarının miqyası isə Ermənistanın tutacağı mövqe ilə düz mütənasib şəkildə inkişaf edəcək. Yəni İrəvan çox atlanıb-düşsə, Bakı Ankaranın dəstəyi ilə özünün maraq radiusunun tətbiqini genişləndirəcək.

Azərbaycanın çevrəsi tarixi ərazilərə baxış bucağını özündə cəmləşdirir, dünyanın və regionun əsas güclərindən biri olan Rusiya da Ermənistanın ikibaşlı mövqeyindən usandığından Bakıya həlledici siyasi dəstək verir.

Bu mənada Azərbaycanın öz tarixi əraziləri olan Zəngəzura, Göyçəyə, İrəvana mənəvi himayəçiliyi hüquqi nəticələrə gətirib çıxara bilər – ərazi iddialarına qarşı adekvat cavab kimi.

Azərbaycanın Zəngəzuru, İrəvanı, Göyçəni götürərək tarixi gerçəkliyi hüquqi əsasa söykətmək üçün kifayət qədər resursu mövcuddur.

Azərbaycanın leksikonuna Qərbi azərbaycanlılar adı ilə düşən soydaşlarımızın tarixi ərazilərə qayıdıb orada yaşamaq hüququ var, hesab etmək olar ki, Bakı sülh gündəliyinin pərdəarxasında həmin məqamı da mümkün razılaşmaların tərkib hissəsi kimi masaya qoyur.

Amma Ermənistan bundan imtina edən hərəkətlər etsə, onda Azərbaycan hərbi variantla istədiyini təmin edəcək.  

Azərbaycan Ermənistanla sərhədin bütün zolağından – Naxçıvan, Tovuz, Qazax, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Laçın – İrəvanı administrativ bir quruluşa endirmək potensialına malikdir.

Ermənistan və ona havadar çıxmaq istəyənlər Azərbaycanın gücünü düzgün ölçməlidirlər, çünki Prezident İlham Əliyev dediklərini edir və nəticəni bütün dünyaya göstərir.

Sərhədlərin delimitasiyası mövzusunda da 1920-ci və ondan əvvəlki illərin xəritələrinə boşuna istinad edilmir, Azərbaycan isə istəyir ki, bu prosesi sülhyaratma mexanizmləri yönləndirsin.

Bu sülh təşəbbüsünün qarşısına keçmək isə Azərbaycana hərbi ssenarilər üçün zəminlər verir və Bakını həmin ərazilərdəki mümkün hərbi əməliyyatların xəritəsini cızmaq üzərində düşünməyə vadar edir.

Aqşin Kərimov

Share: