30 aprel 2024-cü il tarixində BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhvə verir.
Azərbaycan nümayəndəsi şəffaf keçirilmiş seçkilər nəticəsində göstərilmiş etimada görə bütün iştirakçılara, o cümlədən UNESCAP rəhbərliyinə, katibliyinə öz dərin təşəkkürünü bildirmiş və bütün üzv-ölkələrdən olan həmkarlarla birlikdə inklüzivlik, gender balansı prinsipləri əsasında qarşılıqlı hörmət və dəstək şəraitində çalışacağına söz vermişdir. UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri kimi iclasa rəhbərlik edən cənab F,Hümbətov ilk növbədə COP29 kimi nüfuzlu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsinin Azərbaycan Respublikasının dünyada artan beynəlxalq nüfuzunun bariz göstəricisi olduğunu qeyd etmiş, bu qlobal tədbirə hazırlıqla əlaqədar ölkəmizdə uğurla həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat vermisdir. O, həmçinin ətraf mühitin çirklənməsi, təbii resurslardan qeyri-rasional istifadə, iqlim dəyişmələrinə qarşı effektiv mübarizə üçün bütün ölkələrin, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatları və özəl sektorun sıx əməkdaşlığına ehtiyac olduğunu ifadə etmiş və konkret təkliflərin hazırlanması irəli sürmüşdür.
Bundan əlavə, iclas zamanı UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsi tərəfindən irəli sürülmüş Atmosfer Çirklənməsi üzrə Regional Proqram (RAPAP) layihəsi, iqlim baxımdan dayanıqlı şəhərsalma məsələləri, 2025-ci ildə hər bir ölkə tərəfindən iqlim dəyişmələri ilə mübarizə istiqamətində Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədinin yüksək səviyyədə (NDC 3.0) yenilənməsi üzrə birgə fəaliyyətlər, habelə UNESCAP-ın Ətraf Mühit və Inkişaf Komitəsinin 2024-cü ilin oktyabr ayında keçiriləcək 8-ci sessiyasına (CED-8) hazırlıq məsələləri müzakirə olunmuşdur.
Xatırladaq ki, F.Hümbətov 1994-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əvvəlcə “Xüsusi törəməli diferensial tənliklər”, sonra isə “Diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi” şöbələrində fəaliyyət göstərmiş, kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək irəli çəkilmişdir. Eyni zamanda, 1994-cü ilin fevral ayından 2002-ci ilin sentyabr ayınadək “Azərbaycan” Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasında dosent vəsifəsində çalışmışdır.
F.Hümbətov 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayınadək AR Xarici İşlər Nazırliyinin Birinci Qərb İdarəsində fəaliyyət göstərmişdir. 2002-ci ilin may ayından 2008-ci ilin dekabr ayının 15-dək AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin Birinci Katibi vəzifəsində çalışmışdır. Səfirlikdə ikitərəfli siyasi və parlamentlərarası əlaqələr, Belçika, Lüksemburq və Hollandiyadakı Azərbaycan diasporası ilə iş və mətbuat məsələlərinə cavabdeh olmuşdur.
F.Hümbətov 2004-cü və 2006-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin Belçikaya, Avropa Birliyi institutlarına və NATO-ya səfərlərinin təşkilati işlərində bilavasitə iştirak etmiş, habelə müxtəlif illərdə dəfələrlə “chargé d’affaires” (müvəqqəti işlər vəkili) statusu ilə səfiri əvəz etmişdir. O, 2007-ci ilin fevralında Hollandiyanın Haaqa şəhərində “Xocalı qurbanları”nın xatirəsinə həsr edilmiş, Avropada ilk abidənin ucaldılmasının təşkilati məsələlərinə rəhbərlik etmişdir. Paralel olaraq, 2003-2008-ci illərdə, ölkəmizə qarşı erməni işğalının ifşa edilməsi, “Xocalı faciəsi”nin beynəlxalq səviyyədə təbliğatı istiqamətində diaspora mövqeyindən Avropa İttifaqı institutlarında, Avropanın müxətlif şəhərlərində ardıcıl təbliğat kampaniyalarını təşkil etmiş və 2006-cı ildə Avropa Komissiyası rəhbərliyi tərəfindən bu faciənin bəşəriyyət əleyhinə ilk dəfə rəsmi tanınmasına nail olmuşdur.
Bundan əlavə, F.Hümbətov ermənilərin soydaşlarımıza qarşı Şərqi Türkiyə və Cənubi Qafqazda həyata keçirdikləri soyqırım cinayətləri barədə 2005-ci ildə fransız dilində “Le pouvoir du lobby” (“Lobbinin gücü”) adlı kitabı belçikalı siyasətçi-alim ilə birgə hazırlamış və onun Avropa Parlamenti deputatları, Belçika XİN, Parlamenti, müxtəlif dövlət qurumları, siyasətçiləri arasında yayılmasını təşkil etmişdir. Qeyd olunan kitab Belçikanın o dövrdəki Xarici İşlər naziri Lui Mişelin stolüstü kitabına çevrilmişdi.
F.Hümbətov 2005-2006-cı ildə Brüssel şəhərində Avropa Parlamenti nəzdində fəaliyyət göstərən Avropa Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil edilmiş “Academia Diplomatica” diplomatik kurslarını müvəffəqiyyətlə bitirmişdir.
O, 2006-2007-ci illərdə Brüssel Universitetində Beynəlxalq hüquq sahələri – Dəniz hüququ, Məsuliyyət hüququ və İnsan Hüquqları üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə başa vurmuşdur.
Hazırda AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin “Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri” şöbəsinun müdiri vəzifəsində fəaliyyət göstərir. 2023-cü ildə AR Prezidenti tərəfindən Dövlət Qulluğunda Fərqlənməyə görə medalı ilə təltif edilmişdir.
Bundan əlavə, 2014-cü ildən etibarən AR Prezidenti yaninda Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafının planlaşdırılması və idarə edilməsi” kafedrasının dosenti vəsifəsində çalışır. O, saysız elmi məqalə, tədris proqramı, o cümlədən monoqrafiyaların müəllifidir.