Azərbaycanın və Rusiyanın İşgüzar Şuraları əməkdaşlıq haqqında saziş imzaladı

Azərbaycanın və Rusiyanın İşgüzar Şuraları əməkdaşlıq haqqında saziş imzalayıb.

Sənədi Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının İdarə Heyətlərinin rəhbərləri Səməd Qurbanov və Aleksey Repik imzalayıblar.

***

2017-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 34 faiz yüksəlib.

Bunu Rusiya Dəmir Yolları ASC-nin I vitse-prezidenti Aleksadr Mişarin forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəmiryolu daşınmaları 18 faiz artaraq 6 milyon tonu ötüb.

Rusiyanın Turizm üzrə Federal Agentliyinin sədri Oleq Safanov isə deyib ki, 2017-ci ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı 17 faiz artıb.

***

Bu gün Bakıda IX Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumu nazir Şahin Mustafayev giriş sözü ilə açıb.

O, əvvəlcə Səməd Qurbanov və Aleksey Repikovu Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şurasının rəhbər postuna seçilmələri münasibəti ilə təbrik edib: “Onlara fəaliyyətlərində uğurlar arzulayıram. Hər iki ölkənin münasibətləri qarşılıqlı hörmət və mehriban qonşuluq siyasətinə əsaslanır. Ölkələrimizin rəhbərliyi ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Ticarət əlaqələri Azərbaycanla Rusiya əməkdaşlığının əsas istiqamətidir. Rusiya Azərbaycanın idxal üzrə əsas tərəfdaşıdır və qeyri-neft məhsullarımızın ixracında birinci yeri tutur”.

Onun sözlərinə görə, Azərbaycan Yekaterinburq, Həştərxan və Sankt-Peterburqda şərab və ticarət evləri açmaq niyyətindədir.

Nazir ölkələr arasında qarşılıqlı investisiyalar sahəsində aktiv əməkdaşlığın olduğunu da vurğulayıb: “Azərbaycan Rusiya iqtisadiyyatına bir milyarddan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan çox investisiya yatırıb”.

Share: