…QARABAĞDA SÜRƏTLI INŞAAT!
Şuşaya nə şəkil çəkdirmək, nə prestij üçün getmək istəyirəm. Yazmaq üçün getmək istəyirəm Şuşaya. Özü də sanbalı yazar, reportyor heyətinin tərkibi kimi. Indi elə heyətlər göndərilir, standartı bəlli deyil, parametrlər bəlli deyil, heç kimin də adamı deyilsən, dövlətinin, xalqının və peşəninsən. Bu da yaramır.
Niyə? Anlamaq zordur.
…Və aralarından beş-üç adamın görə biləcəyi işin faydası olur, vəssalam. Bu növbəti deyəcəklərim üçün sözönü olsun yetkililərə. Ədalət, vicdan, əxlaq, mənəvi dəyərlər, dövlətin baş tacıdır. Bu duyğularsız olarsa, insan da, dövlət də zəlil görünər. Indi hamı bir az belədir Azərbaycanda, zəlil kimi…
…Və düzü media quruluşlarının çoxu ciddi bir məsələni yazmır, qaçır bu mövzudan. Yəqin həm ustanovka yoxdur, həm də ictimai sərt, kəskin qınaqdan qorxurlar.
Nədir o məsələ?
Diqqət edilsə, aydın görünür ki, böyük Qarabağ qələbəsinin ardınca insanlarda ruh düşkünlüyü var. Çoxu ölkədə gözlədiyi ümumi dəyişikliyin olmamasından gileylidir. Bir qisim adamlar, məmurlardan narazıdır. Hamı bir-birini nədəsə ittiham edir, dolanışıqdan gileylidir. Qarabağda isə sürətli inşaat işi aparılır. Ölkədə, xüsusən də əyalətdə, insanlar bərbad günlər yaşayır, bəs Qarabağda bu sürətli inşaat, bunca bahalı iş, nəyə, kimə, niyə lazımdır? Qeyd elədiyin sualı ən vacib olan hissəsi budur. Sürətli inşaat nədir? Fərdi və ya biznes marağı, yoxsa siyasət?
***
Düz otuz il dözüb, minlərlə şəhidin üstünə dörd minə yaxın adı da əlavə edib, on minlərlə şəhid verib, Qarabağı aldı dövlətlə xalq. Xalq, döyüşçü olmadan bu mümkünsüz idi. Prezident bu fikri dəfələrlə öz çıxışlarında qeyd edib. Indi o xalq mövcud bütün suallara cavabı haqq edir. Odur işsizlik, maddi sıxıntı və məmur ədalətsizliyi ilə döyüşən, hələ şəhidinin yasından çıxmayan, itkinlərini axtaran, xəstə, can üstə olan qaziləri ilə birgə dövlətinin yenə də yanında olan afamla bu sualların cavabını haqq edir.
Verilməlidir!
Özü də sizin rəsmi, quru dildə özətiniz insanlara gərək deyil. Prezidentin danışdığı xalq dili lazımdır, sadə, səmimi gerçək. Insanlar bilməli ki, onlar hələ müharibədədir. Dövlətin informasiya savaşı işində ayağını yerə sağlam basması üçün xalqına son dərəcə ehtiyacı var.
Ordan başlamaq lazım ki, əslində Azərbaycan dövləti və xalqı var olmaq, yerini bərkitmək, daha işğal edilməmək üçün savaşır.
Məsələn, bu suallara cavab vermək gərəkdir:
-Insanlar bu qədər ehtiyac içindəykən, niyə bu gün ölkənin bütün maliyyə vəsaiti, hər şeyi Qarabağa yönəlir?
-Niyə bu qədər bahalı, sürətli inşaat üsulundan istifadə olunur?
-Niyə xarici bloqerlər bar-bar bağırır ki, adamları “döyə-döyə” Qarabağa köçürürlər?
-Niyə Qarabağa qayıdışın əleyhinə qara piar başladılıb?
-Dövlət və xalq olaraq Azərbaycanın, Azərbaycan xalqının varlığı, taleyi indiki qədər təhlükə altında olubmu? Olmayıbsa niyə? Indi nə baş verir?
-Dünya Azərbaycana görə və Azərbaycanla necə savaşır, niyə savaşır?
…Əslində azadlıqdan sonrakı Qarabağ uğrunda ideoloji xətt və plan bəlirlənməli, ona görə iş qurulmalıdır. Görünən o ki, parakəndəlik mövcuddur. Prezidentin açdığı cığırı isə geniş yola çevirmək üçün ciddi tribunalardan dövlət adamlarının deputatların nəfəsi kəsilənəcən danışmalarına, təbliğat qurmalarına ehtiyac var. Qarabağın azadlığından sonrakı ideoloji xətt, elə onun işğaldan azadlığına qədərki dönəmdə olduğundan daha güclü olmalıdır indi.
Bəmdəniz, yəni mən, ölkədə Qarabağ uğrunda savaş başlayanda on beş yaşında idim. Yeniyetmə idim, indi yeganə oğlum, əsgəri yaşındadır. Yəni daha balalar zərər çəkməsin, kökümüz torpaqlarımızda daha dərin iz salsın, sərhəd delimitasiyalarımız təcili reallaşsın, şəhidlərimiz daha olmasın deyə, Qarabağa hər şey yönəlməlidir. Dağıdılmış Qarabağı dünyanım gözü qarşısında, sürətlə, öz ərazisi olduğundan tikməlidir Azərbaycan.
Postsuz sərhəddi, çəkilməmiş yolu, tikilməmiş binası, evi qalmamalıdır. Xalq və dövlət kimi, var olmaq mücadiləsi bundan keçir Azərbaycanın. Bu məsələdə bütün təhlükəsizlik sədlərini aşan dövlət başçısı və birinci xanımdır hələ ki. Qarabağa demək olar hər həftə səfərdədirlər. Çalışanlara yanınızdayıq, korrupsionerlərə hər şeyə nəzarət öz əlimizdədir, dünyaya və düşmənlərə biz buranı ovuc içi kimi tanıyırıq, çünki əcdadımız burdadır deməksir bu səfərlər. Erməniyə isə göz dağıdır.
Bunları efirlərdə danışmaq, ustanovkaları bu yönə işləmək lazım. Düşünmürəm, ölkənin ali rəhbərliyinin onlardan yerli, yersiz gətirilər sitatlara, yarınmalara, təmənnalı sevgiyə ehtiyacı var. On illik dövlət televiziyası, iyirmi ildən çox media təcrübəsi izn verir belə düşünməyə. Həm də deməyə ki, tanrı Azərbaycana, Azərbaycan xalqına da, bu mücadilənin liderləri, iş icraçılarına da güc versin….