Anadan aktyor olmaq üçün doğulub, son nəfəsinədək də aktyor qalacaq. Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır.
Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu guşəsində izi qalacaq…
Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcək ki, hətta kövrək vaxtına düşsə, sizi bağrına basıb, öpə də bilər. Allahdan aşağı hər hansı bir zirvədə onu görsəniz heç də məətəl qalmayın, o, öz yerindədir…
Tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir. Əl tutmağa tələsir…
Gözəl təşkilatçılıq qabiliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar…
Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. 2000-ci ildən Azərbaycanın xalq artistidir. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma nədənsə özündə güc tapıb, bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır…
Bəzən adamda tənbəl insan təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır. Məğrur yerişi var, amma sakit təbiətli, mənən çox sadədir. Zəngin dünya görüşünə, dərin zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlayır, lakin özü icra edəndə daha məmnun olur. Açıq danışmağı bacarır, nəsə xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərifləyəndə, onu utandıra biləcək səviyyədə şişirdə bilir…
Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla ram edə bilir.
Deyir ki, – “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim. Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! “Bunlar nədir, anormaldırlar, səhəri gözləyə bilməzdilər bəyəm?” – deyə düşündüm və yatmağa getdim.
Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi. Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola saldılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsini qəbul edən bir insana çevrilmişdim.
Yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır!..”
Bəli, hər bir insan Allahın əsəridir, hər kəsin həyat ssenarisi də Allaha məxsusdur. Bilmirəm, kim necə dəyərləndirir, amma mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan, mükəmməl bir aktyor kimi tanıyıram. Necə deyərlər, biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun çəkildiyi filmlər Azərbaycanın ömrü qədər əbədi olacaq…
Elman Eldaroğlu