“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birlikdə “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitabını hazırladı.
“Azərbaycanın zəngin mədəniyyəti var” (Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları) kitabı Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsinin 55 illik yubileyinə ithaf edilib.
Ön sözdə qeyd olunur ki, Azərbaycan xalqının mənəvi, mədəni simasının formalaşmasına, onun dünyanın inkişaf etmiş millətləri kateqoriyasına tamhüquqlu dövlət kimi daxil olmasına Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan tarixinin ən böyük şəxsiyyəti olan Heydər Əliyev əvəzsiz töhfələr vermişdir. Misilsiz siyasi-dövlət zəkası ilə yanaşı, həm də şair ruhuna və incəsənət aləmində gözəllikləri duyan ən incə yaradıcı təfəkkürə malik olan Heydər Əliyev, ədəbi, musiqili, təsviri sözün heyrətamiz, valehedici bir dünyasını yaratmışdı.
Daha sonra vurğulanır ki, bu gün Heydər Əliyevin mədəniyyət siyasəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, intellektual elitanın parlaq nümayəndəsi Mehriban xanım Əliyeva mədəniyyətin müxtəlif sahələri arasında, Şərqlə Qərb arasında yeni perspektivli əlaqələr yaradır, qloballaşma şəraitində milli ənənələrin qorunub saxlanılmasına nail olur.
Kitab 18 bölmədən ibarətdir. Kitabda Ulu Öndərin 1969-2003-cü illərdə söylədiyi fikir, sitat və aforizmə çevrilmiş kəlamları toplanmışdır.
Kitabda Ulu Öndərin mədəniyyət və incəsənət, yaradıcı ziyalılar və mədəniyyət xadimləri, teatr, kino, musiqi, təsviri incəsənət və rəssamlıq, muzey, tarixi-memarlıq abidələri, kitab nəşri və kitabxana, milli adət-ənənələr, ədəbi-mədəni irs haqqında fikirləri və aforizmləri toplanmışdır. Kitabda Ulu Öndərin sənət adamları, ədəbiyyat, yazıçı və şairlər, milli bayramlar, Azərbaycan dili, vətənpərvərlik, Azərbaycan xalqı, Vətən, qəhrəmanlar, şəhidlər, tarix və tarixi şəxsiyyətlər, Azərbaycan qadınları haqqında qiymətli sözləri də yer almışdır.
Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Kitabda M.V.Lomonosov adına Şimal Arktik Federal Universitetinin (Rusiya Federasiyasının Arxangelsk şəhəri) professoru Mixail Opyonkovun və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovanın Ulu Öndərə həsr olunmuş “Böyük qurucu” məqaləsi Azərbaycan və rus dilində verilmişdir.
Kitabın məsləhətçiləri yazıçı, publisist Nüşabə Məmmədli, tarix elmləri doktoru, professor Fuad Məmmədov və sənətşünaslıq elmləri doktoru, professor Alla Bayramovadır. Rəyçilər professor Solmaz Amanova, “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.
Kitabda Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri, sənət adamları ilə, yazıçı, şair, bəstəkar və muğənnilərin yubileylərindəki, yaradıcı ittifaqların forumlarındakı, ev muzeylərinin aşılışında və s. foto şəkilləri yer almışdır.
Kitab Azərbaycan mədəniyyətini, ədəbiyyatının, milli-mədəni irsini öyrənən tədqiqatçılar, kulturoloqlar, mədəniyyət və incəsənət xadimləri, mədəniyyət işçiləri, müəllim, tələbə və məktəblilər üçün, habelə geniş oxucu kütləsi üçün dəyərli mənbədir.