Prezident İlham Əliyev: “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır”
Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq daimi olaraq inkişaf etməkdədir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Martın 16-da Azərbaycana Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk rəsmi səfəri gələcəkdə iki dövlətin strateji tərəfdaşlığının möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə töhfəsi olacaq. Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfər edib. Prezident İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Bu görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Həmçinin ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduqlarını deyib: “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur”.
Bu gün Azərbaycan nəqliyyat sektoru sürətlə inkiaf edir. Bu, ondan irəli gəlir ki, Azərbaycan bu sahəyə çox böyük önəm verir. Ölkəmizdə nəqliyyat sektoruna qoyulan sərmayə ildən-ilə daha da artır. Hətta işğaldan azad olunan torpaqlarda geniş nəqliyyat qovşağı yaradılır. Bununla yanaşı, həmin ərazilərdə beynəlxalq hava limanları istifadəyə verilib. Yeniləri də tikilməkdədir. Nəqliyyat infrastrukturumuzun inkişafı regional və beynəlxalq əməkdaşlığa mühüm şəkildə təsir edir. Bu baxımdan Gürcüstanla da Azərbaycan sıx əməkdaşlıq edir. Azərbaycan həm bölgə, həm də dünya üçün böyük əhəmiyyətli tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışıb: “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.
Azərbaycanın qlobal layihələrdə iştirakı bir çox hallarda region ölkələri üçün də müsbət formada təsiri olur. Qlobal layihələrin regiona gətirilməsindən bəzən qonşu Gürcüstan da yararlanır. Bu da iki ölkəni geosiyasi olaraq bir-birinə daha da yaxın edir.
Azərbaycan Gürcüstanla regional əməkdaşlığı daha da gücləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgədə sabitliyin, təhlükəsizliyin təminatı üçün də əsas faktordur. Sevindirci haldır ki, əvvəllər Azərbaycan bir çix regional layihlərin həyata keçirilməsi üçün kredit alırdı. Bu gün isə Azərbaycan heç bir yerdən kredit almadan, öz daxili imkanları hesabına bir çox layihələri icra edir.
Azərbaycan iqtisadi imkanlarını artırmala region ölklərinin də inkişafına nail olur. Ölkəmiz enerji layihələrinə də çox böyük sərmayə qoyur. Bu layihələrdən tək Azərbaycan deyil, Gürcüstan, eləcə də Türkiyə böyük vəsait əldə edir. Bu layihələr region ölkələrinin birgə səyləri nəticəsində baş tutur. Bu baxımdan cənab Prezidentin “Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir” fikirləri tam yerinə düşür. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan, ümumiyyətlə, Cənubi Qafqaz regionu üçün böyük bir nailiyyətdir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracının brend layihəsidir. Boru kəmərinin inşası üzrə bütün ümumi işlər tamamlanıb. Artıq bu layihə işə düşüb və hər üç ölkə bundan faydalanır. Cənab Prezident qeyd edib ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq: “Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”. Azərbaycan enerji, xüsusilə də neft və qaz, bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahələrə dair təcrübə mübadiləsinin aparılmasında maraqldır.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu da Gürcüstanla bütün sahələrdə əməkdaşlığı daha da sürətləndirəcək. İki dövlət arasında münasibətlərin belə yükəslən xəttlə inkişaf etməsi gələcəkdə daha da böyük regional layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent