İsrail ordusunda xidmət edən azərbaycanlı Cəlal Hüseynov bu ölkənin silahlı qüvvələrində “İlin adamı” və “Qəhrəman” adına layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, ilin yekunları ilə bağlı keçirilən tədbirdə 19 yaşlı Cəlal Hüseynova mükafatı İsrail Prezidenti İsxak Hersoq şəxsən təqdim edib. Mərasimdə C.Hüseynova böyük sürpriz də təşkil edilib. Belə ki, onun xəbəri olmadan anası Nüşabə Əliyeva İsrail dövlətinin təşkilatçılığı ilə Bakıdan Təl-Əvivə aparılıb. Dekabrın 20-də baş tutmuş təltifetmə mərasimindən sonra C.Hüseynova anasının da orada olması barədə bildirilib və təsirli anlar yaşanıb.
Məlumata görə, Cəlal Hüseynov 9-cu sinfi Bakıda bitirdikdən sonra qohumlarının yaşadığı İsrailə gedib və orta məktəbi orada bitirdiyi üçün bu ölkənin ordusunda xidmət keçib. O, həm Azərbaycan, həm də İsrail vətəndaşıdır.
C.Hüseynovun anası Nüşabə Əliyeva “Qafqazinfo”ya açıqlamasında oğlunun İsrailin Xüsusi Təyinatlı Silahlı Qüvvələrində xidmət etdiyini bildirib: “Oğlum İsraildə təhlükəli terrorçu qruplaşmanın yaxalanmasında şücaət göstərib: “Cəlal İsraildə uzun illərdir ələ keçirilməsi mümkün olmayan terror qrupunu zərərsizləşdirib, bu şücaətinə görə mükafatlandırılıb. Cəlal çox istəyir ki, Azərbaycan ordusunda da xidmət etsin. Cəlal əslən Ağdam rayonundandır, vətəninə, xalqına bağlı bir gəncdir, fəxr edirəm ki, belə bir oğul anasıyam”.
Qeyd edək ki, Cəlal Hüseynov barəsində İsrail telekanalları süjetlər yayımlayıb.