Azərbaycanlı ziyalılar bizə dedilər ki… – Mxitaryan

Azərbaycanlı ziyalılar bizə dedilər ki… – Mxitaryan

Ermənistan və Azərbaycanın mədəniyyət xadimlərinin Moskvada görüşü humanitar xarakter daşıyıb, siyasi mövzulara toxunulmayıb.

Müstəqil.Az xəbər verir ki, bunu görüşdə iştirak edən erməni nümayəndə heyətinin üzvü Marianna Mxitaryan deyib.

“Azərbaycan nümayəndə heyəti 4 nəfərdən ibarət idi, 3-ü kişi və biri qadın. Onlardan 3-ü ali məktəb rektoru, biri isə kinotənqidçi idi”, – Mxitaryan bildirib.

Onun sözlərinə görə, görüşdə erməni tərəfindən İrəvan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan və rejissor Arutyun Xaçatryan iştirak edib.

Mxitaryan deyib ki, onlar Moskvada Ermənistan hökumətini təmsil etməyiblər.

Onun sözlərinə görə, görüş zamanı erməni tərəfi bir neçə dəfə vurğulayıb ki, dialoq yalnız erməni əsirlərin qaytarılmasından sonra başlaya bilər:

“Azərbaycanlı nümayəndələr bizə dedilər ki, sizin oğlanlarınız mütləq qayıdacaqlar. Onlar minalanmış sahələrlə bağlı suallarının olduğunu bildirdilər. Cavab verdim ki, bizim münasibətlərimizdə, obrazlı desək, minalanmış sahələr çoxdur. Və ilk növbədə bu problemləri həll etmək lazımdır”.

Qeyd edək ki, görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təmsil ediblər.

 

Müstəqil.Az

 

 

Share: