“Azərişıq” ASC-nin sədri Vüqar Cəbrayıl oğlu Əhmədova ironiyalı məktub
Hörmətli Vüqar müəllim, öncə sizə məlumat vermək istəyirik ki, sosial şəbəkələrdə Yardımlı əhalisinə rayonumuzda elektrik enerjisinin təminatının səviyyəsi ilə bağlı verdiyimiz suallara müsbət cavab almışıq. Əhali rəhbərlik etdiyiniz təşkilatın işindən çox razıdır. Heç kimin şikayət və iradı yoxdur. “Azərişıq” ASC-nin Yardımlı Elektrik Şəbəkəsinin fəaliyyəti qənaətbəxşdir. Rayon ərazisində bir dənə də olsun nasaz transformator, yararsız elektrik dirəyi yoxdur. Yenilənmiş elektrik naqilləri göz oxşayır. Bir sözlə fasiləsiz elektrik enerjisindən hamı məmnundur. İnsanlar bütün bunları görüb, yaşamaqdan zövq alırlar…
Şəbəkənin işçilərinə gəldikdə isə rəisdən tutmuş, sıravi işçiyədək, hər kəs xalqa vicdanla xidmət edir. Demək olar ki, rayon əhalisinin sevimlilərinə çevriliblər.
Cənab sədr, bütün bunlara görə Sizə təşəkkürümüzü bildirir, Yardımlı Elektrik Şəbəkəsinin işçilərinə bu yolda böyük uğurlar arzulayırıq.
P.S. Məktuba qoşma olaraq bir neçə şəkil əlavə edirik. Və sizdən el arasında dolaşan “Xan sağ olsun, o FİL-dən birini də göndər” rəvayətini xatırlamağınızı istəyirik.
Hörmətlə:
Elman Eldaroğlu
“Yardımlının Səsi” müstəqil qəzetinin təsisçisi,
baş redaktor əvəzi