“Azərişıq” ASC Göyçayda da əsaslı təmir və yenidənqurma işləri aparır. Rayon ərazisində istismar müddəti bitmiş dayaqlar müasir metal dayaqlarla əvəz olunur, izolyasiyalı kabel xətləri çəkilir.
“Azərişıq”dan “-Economics”ə verilən məlumata görə, şəhərlə yanaşı Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Mırtı kəndində 35/10 kV-luq, 6.3 MeqaVatt gücündə yeni yarımstansiyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya 35 kV-luq 7.5 km uzunluğunda hava xətti çəkilir. Mırtı yarımstansiyası rayonun 12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra 5 min abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Hazırda 110/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan 10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam edir. Həmçinin, 0.4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəzlənir. Ümumilikdə, İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir.