Heç qollu-budaqlı ağaca baxdınızmı? Şahanə duruşlu, yarpaqları arasından möcüzəvi bir gözəllik boylanan ağaca baxdınızmı? Oxşamaq istədinizmi ona? Mən istəyirəm.
Eyni bir ağaca yüz dəfə baxsam da fərqli gözəlliklər görürəm. Hər budağın, hər yarpağın öz sirli dünyası var elə bil. Ona səhnədə baxanda o şahanə duruşlu ağaclar düşür yadıma. Onu yaratdığı musiqilərlə şaxələnən, ucalan, bizi sehrli, məftunedici gözəlliyə aparan ağaca bənzədirəm – musiqi ağacına. Konsertlərdə səhnədə dayananda kökü vətən torpağında olan, musiqiləri ilə şaxələnən, ucalan möhtəşəm duruşlu musiqi ağacına baxıram sanki. Öz mahnılarını ifa edəndə qolunu azacıq qaldırıb ovuclarını yana açır. Elə bil musiqini onu korlamaq istəyən əcaibliklərdən qorumaq istəyir. Əslində qoruyur da.
Aygün Səmədzadəni deyirəm. Müsiqi tarixi üzrə fəlsəfə doktoru, onlarla elmi və publisitik məqalənin müəllifi, Türküstan, Həsrət, Qumsal, Eşq kimi simfonik lövhələrin, vokal instrumental kompozisiyaların, romansların, rəqslərin yaradıcısından, on illərin hiti olan və olacaq mahnılarına, neçə-neçə tamaşada, filmdə musiqilərinə heyran olduğumuz bəstəkardan danışıram.
Hər il qürurumuz olan Cumhuriyyət gününü qeyd edirik 28 mayda. `Bu günə nə veririk görəsən, işimizlə, zəhmətimizlə, var olmamızla? Təkcə tənqidlə, giley – güzarla, gözləməklə güclü dövlət – sağlam cəmiyyət yaratmaq olmaz. “Mən xalqım, vətənim – dövlətim üçün nə etdim?” sualının cavabı olmalıdı hər birimizin. Həmin cavabdadı dövlət, xalq qarşısında borcumuz, məsuliyyətimiz, vəzifəmiz, gördüyümüz işlər – sevgimiz.
Onun yaratdıqlarıdı bu sualın cavabı.
“Azərbaycan adına” – Dəfələrlə müəllif konsertləri ilə ruhumuza gözəllik qatan Aygün xanımın Cumhuriyyətin 100 illiyinə həsr etdiyi konsert belə adlanırdı. Əmin Abid Gültəkinin sözlərinə bəstələdiyi “İstiqlal”- ın sədaları altında düşünürdüm bunları. Hər konsertdən, hər bəstədən sonra o qədər söz demək istəmişəm ki. Çoxlu sözlərlə münasibət bildirmək kimi bacarığım yoxdu əslində. Bəzən də gözəllik qarşısında susursan… Mənə elə gəlir ki, o bütün ürəyimdən keçənləri eşidir həmişə. İstənilən halda ona demək istədiklərim çoxdu.
Cumhuriyyətin 100 illiyinə konserti hazırlamaqla bərabər ölməz Əhməd Cavadın sözlərinə silsilə əsərlər yazıb: “Ey Türk”, “Türk Ordusuna”,”Elin bayrağı”, “Mən bulmuşam”, “Şəhidlərə” və s. Müxtəlif vokal – instrumental əsərlər, romanslar bəstələyib. Bu əsərlərin təqdimatı 2018 – ci ildə 15 sentyabrda Ankarada, 10 noyabrda Bakıda, 2019 – cu il martın 20 – sində Eskişəhərdə keçirilib. Əsərləri Türkiyə Cumhurbaşqanlığı Simfonik Orkestrası, TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib.
2019 – da layihə rəhbəri və ideya müəllifi olduğu “Azərbaycan 100 mahnıda” klavirini hazırladı. Kitabdakı 100 mahnının not yazılarını və sözlərini toplamaq böyük zəhmət tələb edir. Bu təkcə musiqimizi deyil, Azərbaycanımızın-vətənin tarixini yaşadan bir kitabdır. Göz nurunun, ürək çırpıntısının, beynin məhsuludur.
Bu çətin dövrdə sevimlimiz Xəyal Rzanın sözlərinə “İnan, günəş doğacaq” mahnısı ilə ruhumuza günəş nuru səpdi. Və daha bir möhtəşəm layihə həyata keçirdi: Cumhuriyyət Gününə üç təkrarsız musiqi əsərinin kompozisiyaları – klipləri çəkildi. Gecə – gündüz işlədi. O çəkilişlərin hamısında iştirak edib.
Bu əsərlər – “İstiqlal”, “Elin bayrağı”, “Şəhidlərə” xalqımıza, qürur günümüzə layiqli hədiyyə idi. Hər üç klipin quruluşçu rejissoru olan Etibar Babayevin, eləcə də rejissorlar Elnur Məmmədov, Vüsal Qarayevin də zəhmətini də qeyd etməliyəm. Aranjiman isə istedadlı musiqiçi Əvəz Muradova məxsusdur.
Aygün xanımın ən mühüm xüsusiyyətlərindən biri onun gördüyü hər işə, yaratdığı əsərə, istənilən bir mahnıya çox peşəkarcasına, məsuliyyət və sevgiylə yanaşmasıdır. O, mahnının səsini axtarır, mahnını hansı səsdəsə eşidir. Heç vaxt eşitmədiyi səsdə mahnının ifasına razı olmaz. Oxunsun deyə, ya maddi marağa görə mahnını bəyənmədiyi ifaçıya verməz. Amma çox da tanınmayan, sənətə yeni gələn, amma istedadlı birinə mahnını etibar edər. Onun üçün mahnının oxunması deyil, necə oxunması önəmlidir. Bu əsərlərdə Nurlan Növrəstli, Ayaz Qasımov, Vüsal Hacıyev Pərviz Abdullayev, Orxan Cəlilov, Nigar Cəlilova, Günay İbrahimli, Almaxanım Əhmədli, Emin Zeynallı,Kamilə Nəbiyeva kimi istedadlı ifaçılarla işbirliyi təsadüf deyil.
Hər notu “Vətən” deyən “İstiqlal”, “Şəhidlərə” və “Elin bayrağı”nın yaratdığı kövrək və möhtəşəm duyğular yaşadım bu günlərdə yenidən. Yazını 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə yazmağım da təsadüf olmadı – Milli Ordu Günüdür. Hər birimiz Vətən əsgəri olmalıyıq – hər birimizin günüdür. Lazım olsa, əlində silah səngərdə də döyüşərsən, sərhəddini də qoruyarsan Vətənin. Qələmlə-savadınla, istedadınla, yaratdıqlarınla, sevginlə, vicdanınla da Vətənin əsgəri olarsan-ona xidmət edərsən. Onun haqqında həmişə yazmaq istəmişəm – bu günə düşdü. Rəsmi bayramdı. Deməli, yazı 25 iyuna təsadüf edəcək- düşündüm. 25 iyun və ürəyimin bir guşəsində yaşayan xatirələr dindi…
Yaddaş – Aygün Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olanda mən artıq tələbə idim. Anamla hardan gəldiyimizi xatırlamıram. Amma yaşadığımız binaya çatanda bütün dünyanı qucaqlayacaqmış kimi qollarını yana açıb: ”Ay Şəfiqə, Aygün Bülbülə qəbul oldu” – deyən Ziyad Səmədzadənin üzündəki, sanki bütün qaranlıqlara bəs edəcək sevinc işığını indiyə kimi unuda bilmirəm. Anam da hay – küylü idi. Bir-neçə dəqiqə birlikdə sevinc hay-küyü saldılar. Birdən anam “Ay Ziyad, heç elmlər namizədi adını alanda belə sevinmirdin, hamı səndən çox sevinirdi”- dedi… Axı, Ziyad Səmədzadə təkcə 25 yaşında elmlər namizədi kimi deyil, 31 yaşında İqtisad elmləri doktoru kimi də SSRİ məkanında ictimai elmlər sahəsində bu adı alan ən gənc bir – neçə alimdən biri, bəlkə də birincisi idi ( dəqiq bilmədiyim üçün yazmıram).
Onun aldığı mükafatlar, gördüyü işlərdən danışmıram. Saymaqla bitməz onsuz da. Sadəcə bu elm fədaisini təbrik etmək istədim. Axı 25 iyun onun doğum günüdür. Ziyad müəllimi təbrik edənlər çox olacaq. Amma uşaq yaddaşının məsumluğundan keçib gələn gəncliyinin ən şirin xatirələrinin yaşadığı təbrik bir başqadır. O, hamımız üçün akademikdir, dövlətimizin iqtisadiyyatına xidmət edən, iqtisad elmində öz yeri olan bilim adamıdır. Ictimai siyasi xadimdir. Amma mənimçün yarım əsrdən çox yaşı olan ömür yaddaşımda öz izi, doğma xatirələri olan insandır. O, təkcə Aygün xanımın deyil, həm də mənə əziz olan Aytən və Elşad Səmədzadənin atasıdır.
Həmişə “Firuzəm” deyə əzizlədiyi, itkisinə indiyə kimi ağrıdığım Firuzə xanımın həyatının yoldaşı – həyat sevgisidir.
Dünyanın istənilən ölkəsində keçirilən beynəlxalq simpoziumlarda, konqreslərdə Azərbaycanı layiqincə təmsil edən, 500 – dən artıq elmi əsərin müəllifinə, neçə – neçə alim yetişdirən Ziyad müəllimi yubiley günündə, ömrünün yeni ilində təbrik edir, yaşanacaq günlərin, illərin ürəyincə olmasını arzulayıram.
***
Son olaraq:
Sadəcə duyğularımı bölüşmək istədim. Az da olsa deyə bildimsə…
Musiqisi sərhədləri aşır. Bu istedadın gücüdü. Bu insanların gözəlliyə olan ehtiyacıdır. Ruhun mənəvi tələbidir. Deyirlər musiqi tərcüməyə ehtiyacı olmayan ünsiyyət vasitəsidir. Çünki dinindən, dilindən, irqindən asılı olmayaraq hamı anlayır. Çünki bütün dinlər, dillər, xalqlar, dövlətlər musiqidən sonra yaranıb. hətta sözlər – nitq olmayanda yaranıb musiqi. İbtidai insanlar öz kədər və qorxularını, təhlükəni, sevinclərini müxtəlif avazlı səslərlə ifadə ediblər. Musiqi bütün sivilizasiyadan qədimdi. Hiss və duyğularımızla yaşıddır. Bəlkə zamanla ölçülmür.
Xalqın tarixini, ölkənin tarixini onun şəxsiyyətləri yazır. Bir alim, sənət adamı, aktyor, yazıçı, rəssam, bəstəkar öz xalqını bütün dünyaya tanıdır və yaşadır. Bu reallıqdır. Bu gün sənəti böyüklükdə olan Aygün Səmədzadənin bizə yaşatdığı reallıq.
P. S. Bu Vətən əskərini, eləcə də özünü Vətən əskəri bilən hər bir kəsi bu gözəl gündə təbrik edirəm.
Kamalə Abiyeva
qadinkimi.com