Az qalıram göy üzünə bağıram …-Əbülfət Mədətoğlunun yeni şeirləri

Az qalıram göy üzünə bağıram …-Əbülfət Mədətoğlunun yeni şeirləri

Üzüldüyüm məqam…

Bu axşam da tənhalıqdı, təklikdi –
Həm qonağım, həm ortağım, həm dostum…
Məni üzən gecikməkdi, lənglikdi –
Xatirələr sükutunu gec pozdum!..
Səssizliyi dinləyirəm dözümlə
Hər anını duya- duya sonacan…
Həsrət odun söndürürəm gözümlə –
Damlaları saya-saya onacan!..
Oxşadığım şəkillər də küsgündü,
Təbəssümü köçən gündən üzümün!..
Bu halımdan duyanlarım üzgündü –
Düşünərək son anımı özümün…
Bu axşam da tənhalıqdı, təklikdi –
Tanrım, bunun birin barı sən dirilt!…
İndi qəlbim səksəkəli kəklikdi –
Onu da bax, təbəssümlə sən kirit!..

Şairin

Kövrəlibdi, indicə
Bulud tək sellənəcək…
Kiprikləri ucunda
Damlalar yellənəcək –
Şairin!..
Xəyalı düyün- düyün
Fikri çözüm arayır…
Ümidlərinin telin
Xatirələr darayır –
Şairin…
Ahının saplarını
İlmə, ilmə toxuyur…
Bir qız , günahlarını
Hıçqırtıyla oxuyur –
Şairin!..
Baxıb görür güzgüdə
Bir şəkili gözündə…
Ürəyidi , gizlincə
Yanan sevgi közündə –
Şairin!..

Gözlərimin

Bulaq kimi qaynayır qəm
Gözlərimin lap dibində…
Mən bu qəmdən olanda dəm –
Gözlərimin tap, dibində!..
Axşamı da səhər elə
Kimdi deyən qəhər, elə?!.
Sən sevinci kəhər elə –
Gözlərimin çap , dibində!..
Gözün gəzir gündə, kimi?
Mən inancda, dində kimi?!
Son ümidi kündə kimi –
Gözlərimin yap, dibində!..

Payız danı…

Səhərəcən üzü dana baxıram
Kölgəsində, üstümdəki buludun…
Az qalıram göy üzünə bağıram –
Kəsməsin o, yerdəkinin umudun!..
Sevdalıdı içimdəki bəndəlik,
Kədəri də sevinc qədər öyürəm…
Günlərim var – hər bir anı rəndəlik –
Baxıb, susub … hayıf olub…deyirəm.
Başqa istək yaddı indi dilimə
Allah yazan tay başımdan tökülür…
Yaxın otur, əlimi al əlinə –
Gözümüzdə payız danı sökülür!..

ÇÖZÜMSÜZ ANIN ŞEİRİ

Heç özümü anlamıram bu günlər –
Gah dünəni, gah sabahı yozuram…
Çoxaldıqca sinəmdəki düyünlər –
Yaddaşımın boş yerlərin pozuram…
Qarşısında diz çökmüşəm Allahın –
Gedən yerim, gələn yerim bitibdi…
Cavabını bilmədiyim sualın –
Qarşısında olan ağlım itibdi!..
Didiklənib kirpiyimin ucu da
Gözlərinə qor dolubdu dizimin!..
Bir tilsim var, mən çəkdiyim acıda –
Üstün örtür arxadakı izimin!..
Nə çəkdiyim, nə köçdüyüm kimsənin
İynə ucu halına da toxunmur…
Mən ətrafı çox diqqətlə dinlədim –
Ölmüşəmsə, niyə Yasin oxunmur?!
Share: