Azadlıq musiqisini susdurmaq olmaz

Aysel ƏLİZADƏ

Azərbaycan reperlərinin faciəvi taleyindən çoxdandı yazmaq istəyirdim.

Rep, hip-hop ölkədə janr kimi tanınmadığı vaxt Anar Nağılbaz çıxır ortaya. Tərz, ifa yeni və maraqlı…rep sənət kimi tanınmağa başlayır.

Sonra Dəyirman qrupu, Elşad Xose, heç vaxt toxunulmayan mövzular; amma hələ radikallıq yoxdu, yeni janr və forma var, mətn fərqi var; sərtlik, üsyan yoxdu – hələ rep öz yerini axtarır cəmiyyətdə.

Sonra Hüseyn Dərya bomba kimi düşür səhnəyə. İlk dəfə bir gənc rekord qırır konserti ilə. Fantastik dərəcədə çox auditoriya yığır.

Sonra Host gəlir. Mövzular artıq daha siyasidi, daha müxalifdi. Amma tezliklə qrup susdurulur.

İllər sonra…Dəyirman dağılır, Host bölünür, Qaraqan ABŞ-a köçür, digər üzvlər də…

Hüseyn Dərya səhnədən yox olur, dibə enir, qalxa bilmir və qəzada ölür…

Artıq rep dinləyən auditoriya da qeybə çəkilir.

Nağılbaz nağıllarına dinləyici tapmır, narkotik, dib… Çıxa bilmir və ölür…

Elşad?.. Növbədə olduğundan qorxuram həmişə…

Beləliklə rep tamam çökür.

İllər sonra yeni uşaqlar gəlir meydana və repi sıfırdan yaradırlar. Repi yıxıldığı yerdən qaldırırlar, daha çox və daha inadla işləyirlər, bu dəfə daha peşəkarca formalaşır bu üsyankar janr Azərbaycanda.

Battle-lər, radikal deyişmələr, rep başqa forma alır, cəmiyyətin problemlərini dilləndirir, yeni repçilər bir az daha aydın, daha dəqiq, daha üsyankar mətnlər səsləndirir.

Rep inkişaf etməyə başlayır. Professional mühit formalaşır, dinləyici yığılır. Rep yenə pikə yaxınlaşır.

Və…ölkənin ən maraqlı reperlərindən biri Paster həbs edilir.

Rep siyasi təzyiqə uğrayır.

Bir repçinin ifasına, mətninə görə həbs edilməsi acınacaqlı vəziyyətdi. Repçinin işi tənqiddi, etirazdı. Onun janrının tələbidi bu.

Azadlığı ifadə edən musiqi janrlarının rokun, cazın, repin ölkədə inkişafının qarşısını almaq sadəcə olmaz.

Olmaz. Təhlükəlidi, tarixi qınağa səbəb olacaq addımdı. Sənətin gəlişməsinə əngəl olmaq bir ölkənin mədəniyyətinə ciddi zərbə vurmaqdı və bu cür əməllər mütləq nə vaxtsa təhlil edilib böyük qınaqla, hətta lənətlə yad edilir.

 

Share: