RUSLAN TALIB
ETİRAF
Eyni Universitetdə tələbə idik,
Sən tarixçi idin, mənsə kimyaçı.
Aylar – bir-birindən qəribə idi,
İllər – ömrümüzü budayan qayçı.
Səni evinizdən götürmək üçün,
Bu dərsdən o dərsə ötürmək üçün,
Bir an gecikməzdim… Ayıb olardı,
Özüm bilə-bilə qayıb alardım…
Qış düşdü, mənimçün tir-tir əsərdin,
Necə geyinmişəm, əynim qalındır?!
İndi geyimlərim deyil təsəlli,
İndi ümidlərim tamam yalındır…
Atdıq bu sevgini çox uzaqlara
Atdıq bir mancanaq sapandı kimi…
Dəyərli olarmı milyon il sonra
Tapılsa, tarixi tapıntı kimi?!
Dünənki nəhənglər daxmaya dönüb,
Ta Bakı görünmür Qız Qalasından…
Düşmənlər görürsən doğmaya dönür,
Mənə nə tarixin üz qarasından…
Əlimdən gələni mən də edərəm,
Heyif mənim işim ayrıdır bir az.
Bir tarixçi kimi xahiş edirəm,
İlk dəfə bu eşqin tarixini yaz!
DOĞUM GÜNÜMƏ TƏBRİKİM
Uduzarsan əzablara ömrünü,
Baş qaldırar “təəssüflər”, “heyiflər”.
Acizlərdir – olanlardan yorulub,
Ötənlərə daha güzəşt, deyiblər.
Hər gedənlə bir az getdik, əridik,
Bir az yandıq…
qalaqlandı külümüz.
Ağladıqca, ağladıqca kiridik,
Bu dünyanı qaranlığa bürüdük,
Sərhəd oldu aramızda əlimiz.
Tutub getdik bir xəyanət ilməsin,
tutub getdik, dostumuza çıxardı…
Ömrümüz nə? Bir şəhərin küçəsi
Bu yol aldı əlimizdən neçəsin,
Neçəsini rastımıza çıxardı.
Bu günümüz neçə-neçə keçməmiş
“Keçmiş”lərin nisgiliylə süslənib.
Səhər yenə dönmədikmi keçmişə
Hər şey bitdi gecə – deyib, hirslənib?!
Xəyalımız, xatirəmiz qol-boyun
Bizlə gedər ömür adlı yol boyu…
İldə bir yol, bir yol, o da yalandan
Oğlumuzun, qızımızın önündə,
Bir nəfəsə üfürməklə şamları
Ufürərik gözlərinə keçmişin
İldə bir yol, o da doğum günündə…
HARDASAN?
Mən səni görməyəndə dözümün önündəydim,
Mən səni görməyəndə sözümün önündəydim,
Mən səni görməyəndə gözümün önündəydin
Mən səni axtarıram, ayılmışam, hardasan?!
Nə yaşadıqlarındır elə nə öyrəndiyin!
Bu yer elə o yerdir, riyanın əyləndiyi…
Bir ömür yoxluğunu deyib gileyləndiyin,
Bəlkə, o sevgi mənəm, buyurmuşam, hardasan?!
Bu yer adlı məkanda ömür adlı oyundan,
Bir vətənin talanan çörəyindən, suyundan
Mənə də peşkəş düşən bir dilənçi payından
Bir dilənçi payı da ayırmışam, hardasan?!
BİLİRSƏNMİ?
Qara – üzü kölgəli formasıdır ağların,
Ölüm – arzu etdiyi dincliyidir sağların,
Dünya – toqquşduğu nöqtədir maraqların
Maraqlı heç nə yoxdur, elə sən də deyilsən!
Yer üzü qaytarmayıb əsla geri udduğun,
Göy üzü hey dolaşan ruhumdur – unutduğun.
Həyat çox gözəl bilir kimi necə tutduğun,
Gecikən də deyilsən, tələsən də deyilsən!
Bilirsənmi durduğun, dayandığın nə yerdir?!
Zərifləri soldurub, kobudları göyərdir.
Xətrin xoş olsun deyə sənə gözəl deyərdim,
Əgər ayaqdasansa, “öləsən də” deyilsən!
AĞRILAR
Haran ağrıyır bilməzsən,
Cismindir, canındır yoxsa?
…Və bütün ağrılar susar,
Görərsən, yanında yoxsan…
Hər gün sərhədlər qırılar,
qırılar içində sənin…
Hami bildiyin nə varsa,
qorunar içində sənin…
Bütün pərdələr çəkilər,
Bütün hasarlar uçanda
Yanından ötüb keçərsən,
Barmaqlarının ucunda…
Bu yer, bu göy, bu hava, su,
Bu torpaq, bu su davası..,
Görərsən bütün adamlar
Dünyanın bir irqi imiş,
Yeddi not üstündə ötən
Hamı bir musiqi imiş!
Ağ-qara gördüyün nə var
Yaşılmış, əslində, demə.
…Bütün dəyərlər kiçilib
Bu atom əsrində, demə…
Bu ev, bu geyim davası,
Bu nədir, nəyin davası?..
Bütün uşaqlar səninmiş,
Bütün işıqlar səninmiş.
Yalnız özünü inandır,
Bütün işıqları yandır…
Bir üfüq boyu, boş üfüq…
Görərsən, yanında yoxsan…
Özünə qayıtmaq üçün
Getməyin qanundur, yoxsa?..
GƏL
Hər yatanda saatını qur beşə,
Ayıl, dinlə, ovunmur bu adam, gəl!
Sənsizlik də heç deyilmiş bir peşə
Bu beş ilin hər ilini vur beşə,
Günahlarım hər nədirsə yudum, gəl!
Nə söz dinlə, nə irad bil, nə sədd bil,
Kinayəli gülüşləri həsəd bil.
Bu həsrətin hər dönüşü əsəbdir,
Alaq daha gözlərinin odun, gəl!
Bizə çatan məhəbbətlər min ildir
Ah-nalədir, iniltidir, inilti…
Bu gerçəyi mən öldürüm, sən öldür,
Dəyişdirək mahiyyətin, adın, gəl!
Nə bir giley, nə yorucu ev işi,
Nə də vəhşi şəhvətlərin sevişi…
Bu mənfəət güdənlərdən sivişib
Mənim üçün ilahiləş, qadın, gəl!
AZADLIQ
Azadlıq var – işğalın başqa versiyasıdır,
Azadlıq var – uğruna əlin qalxmaz aminə…
Bu qüzey ömürlülər, bu güney ömürlülər
O danışsa, təxribat, bu danışsa, azadlıq!
Bir dünyanın içində, bir ölkənin içində
Necə yadsan, azadlıq!
Nə tanışsan, azadlıq!
Quzum, az ismət-həya örtüyü altda gizlən,
Möhtərəm cənabların sığalıdır azadlıq.
De ağlına gəlməyib, ağzına gələnləri
Yeri gələndə bizdə
Hətta azadlıqdan da yuxarıdır “azadlıq”
İnsan haqqı-hüququ nə hikmətdirsə, ancaq
Bir ata övladına bağırsa, yada düşür.
Maraqlanan tapılmaz necə yaşamağınla,
Səfərbərlik yaşında oğulsan, yada düşür.
Bəzi şərəfsizlərin “Şərəf orden”lərində
hüdudlanıb yatıbdır – Azadlıq!
Bir tikə çörək üçün gözlərim yuxu bilməz
Hüquqlarım yatıbdır – Azadlıq!
Adamına görədir baxış bucaqları da,
Bu geyinsə – Köləlik!
O soyunsa – Azadlıq!
Adamların bir olmur əsla maraqları da…
Sənin formulun nədir?!
Nə oyunsan, Azadlıq!
Orda cinahlaşma yox, heç nə yoxdur ikili,
Göy ümid qapısıdır bu məzlum ahlarının…
Şərqdə səsi boğulur insan haqları kimi,
Qərbdə hər hüququ var nüvə silahlarının…
Son ucu ölüm ola – bizim köləliyimiz
Allahın ömrümüzü uzatdığı qədərdir.
Deyilişi füsunkar – bizim azadlığımız
Xocalının, Laçının azadlığı qədərdir…
Nə azadlıqlar gəldi çeşid-çeşid, müxtəlif,
Nə azadlıqlar öldü mənfəətlər naminə!
Azadlıq var – işğalın başqa versiyasıdır,
Azadlıq var – uğruna əlin qalxmaz aminə.