Təranə FAZİLQIZI
(Esse)
Həyətdə badam, əncir, armud ağacında meyvələr bol olsa da, arılar gavalı ağacında şanı qoyub. Nizamı pozmayan işlək arılar dəhşətli istidə daha çevik olurlar. Gavalıdan şirə çəkib şanının içini doldurmaları başqa bir aləmdi. Ağacın budaqları meyvə bolluğundan aşağı endiyi üçün qərara aldım ki, meyvələri dərim, budaq da rahatlasın. Nə qədər sakit dərsəm də arıların qəzəbinə tuş gəldim. Qoşunla üstümə cumdular. Hə yayınsam da, azı dördünün qənimi oldum. Məni dişləyib aradan çıxdılar. Bir anda biləklərim şişib qızarsa da, məqsədimdən dönmədim. Bir az da təkidlə bircə budaq saxlamaqla meyvələrin əksərini yığdım. Ağırlıqdan qurtulmuş ağac yarpaqlarını xəfifcə tərpədərək mənə təşəkkür edirdi…
Qumluqda təpəcik yaradan, sağa-sola şütüyən qarışqalar qış ehtiyatı görürlər. Özündən ağır yemi çəkib apara bilməyən qarışqa sağa-sola var gəl edir. Bir an duruxub dayanır. Elə bil dostlarını köməyə çağırır. Qarışqaya yaxınlaşan işlək arılar, düşüncəli şəkildə qabaq ayaqlarını irəli verib yemi itələyir, yuvaya aparırlar. Yem böyük olduqda onu bölüb hissə-hissə daşıyırlar.
Qonşum yenə hasarın o tayından göyərçinlərini fışqırıqla zümzümə edərək əzizləyir, onlar da pərakəndə halda göyə uçuşurlar. Göyərçinlərin qəfil uçuşu səmada səs salıb məni xəyallardan ayırır. İt səs gələn tərəfə qaçıb bir–iki ağız hürür. Bir neçəsi bizim tərəfə keçib dövrə vurur, həyət-bacanı gülü-çiçəyi, torpağı belə dimdikləyib yem axtarırlar. Quşların bu özbaşnalığına bizim pələng qısqanclıqla yanaşır. Onları qovsa da yenidən dövrə vurub geri qayıdırlar.
Qürub edən günəş, torpağın ətri, təbiətin yaratdığı canlılar o qədər gözəldi ki… Yarpaq belə tərpənmir bu gözəllikdə. Zaman yorğunmuş kimi sükutdan dincini alır. Elə bu an əzan səsi ətrafı bürüyür. Namaz vaxtının başlandığını xəbər verən bu sehirli səs məni ağuşuna alıb göylərə aparır…
21 iyul 2017