“Azarkeşləri küsdürmək olmaz” — Qurban Qurbanov

“Azarkeşləri küsdürmək olmaz” — Qurban Qurbanov

“Qarabağ” Azərbaycan Kubokunun 1:4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sullarını cavablandırıb:

– Matçı sönük görmək olardı. Amma əsl kubok oyunu idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qarşımızda çox yaxşı “Qəbələ” var idi. Bəlkə də, qələbəyə layiq idilər. Oyun ritmindən uzaq olan futbolçular çox idi meydanda. Hər halda, istəkli idilər. Çox şey alınmırdı. Amma get-gedə bacardıq. Qələbə topunu da vurduq. Müdafiə xəttində bir az diqqətsizliyə görə hesab bərabərləşdi. Qarşıda cavab görüşü var. O bundan da maraqlı olacaq. Hər iki komandanın itirəcəyi bir şey yoxdur. “Qəbələ”yə uğurlar arzulayıram.

– “Qəbələ” ilə ardıcıl oyunların olması sıxıcı deyil?

– Məcburuq oynamağa. Üç oyun bir komandaya qarşı oynamaq futbolçular üçün xoş deyil. Əfsuslar olsun ki, vaxtımız yoxdur. İllərlə belə hallar olub. Gərək belə matçlarda daha da peşəkar olasan. Diqqətli olmaq lazımdır. Üç matç dalbadal oynasan da, hər oyunda əvvəlkindən daha istəkli olmalısan.

– Azarkeşlərin yoxluğunu hiss etdiz?

– Olmayanda həmişə hiss edilir. Sanki stadion boş idi. Azarkeşsiz futbol, futbola bənzəmir. İlk dəqiqələrdən hiss olunurdu.

– Son oyunda azarkeşlərin başına gələn hadisə ilə bağlı məsələyə münasibətiniz necədir?

– AFFA, PFL, “Qarabağ”dan bəyanət gəlmədi həmin məsələ haqda. Sizə elə gəlmir ki, PFL piarı düzgün qurmur və azarkeşləri stadiona cəlb edə bilmirlər… “Neftçi” ilə oyunda belə hallar ilk dəfə deyil. Dəfələrlə görmüşük. Avropa futbolunda da var. Belə etirazlar, qarşıdurmalar daim olub. Polislə, azarkeşlər arasında belə hallar baş verir. Yazılı olmasa da, şifahi olaraq azarkeşlərimizlə maraqlanmışıq. Bəlkə, bizdən asılı olmayan hallar var. Təbii ki, hər bir halda azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Fanatlarla münasibətimiz həmişə yaxşı olub. Bu, mənə aid olmayan hissədir. Həmişə klub olaraq onların yanındayıq. Problem olubsa, çatışmazlıq olubsa, aradan qaldırırlar. Azarkeşə futbolu sevdirmək lazımdır. Nəticələr və futbolumuzla. Bəzən də, rəhbərlik hansısa addım atmalıdır. Azarkeşlər burada olmasa da, yanımızda hiss edirdik. Tez bir zamanda aradan qaldırılası məsələdir. Yaxın vaxtlarda stadionda olarlar.

– Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı var. Bu proses baş verərsə, Kadinin inkişafına təsir edə bilər?

– Bu suala tam ətraflı cavab verə bilməyəcəm. Çünki kluba heç bir rəsmi məlumat verilməyib, təklif olunmayıb. Sadəcə adi söz kimi baxıram buna. Rəsmi təklif gələndən sonra bu barədə ətraflı danışarıq.

– Abbas Hüseynovun hazırlıq durumu nə yerdədir?

– Sabahdan komanda ilə tam məşqlərə başlayacaq. Qarşıdakı oyunlarda sağlam olması gözlənilir.

– İspaniya millisinin dünya çempionatındakı uğursuzluğu sizin üçün gözlənilməz oldu?

– Yox. Çünki futbol sürprizlərlə doludur. Bəzən hər hansı fəlsəfəni seçəndə, oyunu məğlub olanda, bu, o demək deyil ki, yanlışdır. Son vaxtlar İspaniya futbolu deyəndə, ağıla pas gəlir. Hər fəlsəfəni, istədiyin oyunu həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. İspaniya millisində bir neçə futbolçuunu çıxmaq şərtilə digərləri cavandırlar. İspanlar həmin futbolla dünya və Avropa çempionu olub. Sadəcə, futbolçuların adları fərqli idi. Əgər bir komanda pas oynaya bilmirsə, heç bir fəlsəfəni yerinə yetirə bilməz. Hər bir futbolçu bunu bacarmalıdır. Pas oyunu dedikdə, bu, ancaq elə ötürmə vermək deyil. Bizim son vaxtlar sürətli hücumlarımız olub. Az ötürmədən istifadə edərək qollar vurmuşuq. Futbolun dili pasdır. İstədiyin həmin futbolu üç ilə də təkmilləşdirə bilərsən. Daha sonra əlində yaxşı futbolçular olandan sonra, tam istədiyin futbolu oynamağa başlayacaqsan. Təkmilləşdirmək lazımdır. İspaniya çempionatına baxsaq, klublar tam fərqli oyunlar oynayır, fərqli sistemlər var. Məncə, bir uğursuzluğa görə bütün sistemi dəyişmək, düzgün olmazdı. Hər halda, İspaniya futbolunun başbilənləri daha yaxşı bilərlər. Amma məncə, ötürməsiz futbol heç futbol deyil. İnsan var, təkcə qoldan həzz alır. Azarkeş var, yaxşı ötürmələrdən həzz alır. Bəlkə bizə aid olan məsələ deyil. Bütün dünya futbolu son 15 ildə İspaniya rejimində oynayır. Çox məşqçilər orada təkmilləşib. İnkişaf edən ölkələr ispan futbolunun sistemindən götürüblər çox şeyi. İspaniyanın Mərakeşlə matçın 121-ci dəqiqəsində vurduğu zərbə qol olsaydı, tam fərqli fikirlər olardı. Son vaxtlar futbolda sürprizlər çox olur. Məncə, daha da yaxşılaşdıracaqlar həmin futbolu. Heyətdə gəncləri çoxdur. Onlar illər keçdikcə daha da rahat oynayacaqlar.


Share: