AZƏRBAYCAN ŞAİRİNİ, YAZIÇISINI İMTAHAN ETMƏK İSTƏYƏN MƏMUR…

AZƏRBAYCAN ŞAİRİNİ, YAZIÇISINI İMTAHAN ETMƏK İSTƏYƏN MƏMUR…

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə belə bir çıxış edib:

“Sədr vurğulayıb ki, hazırda ilkin versiyasının təqdimatı keçirilən bu platformanın data məlumatları üçün 2000 nəfərin imtahanda iştirak etməsi lazımdır:
Mən istəyərdim ki, elə burada əyləşən müəllimlər, habelə Yazıçılar İttifaqının üzvləri bu prosesdə iştirak etsinlər. Data üçün bizə 2000 nəfərin iştirakı lazımdır. Eyni zamanda, rus dilində məktəbi bitirib, Azərbaycan dilində fəaliyyət göstərənlərin nəticələrinin öyrənilməsi lazımdır”.

Hörmətli Məleykə xanım, sizin bu fikrinizlə razıyam.
Qeyd etmisiniz ki, Azərbaycan dili hər bir sahədə olduğu kimi elmi sahədə də inkişaf etməlidir. Nəyə görə əvvəllər rus, indi isə ingilis dilində dissertasiya işlərinin yazılması tələb olunur? Bu, yazıların dünyanın bilməsi üçün lazımdır. Buna görə də Azərbaycan dili elmi sahədə inkişaf etməlidir. Yoxsa biz öz dilimizi itirə bilərik.
Mən də sizin yadınıza salmaq istəyirəm ki, bəlkə, məsləhətdirsə siz əvvəlcə öz ana dilini yaxşı bilməyən bir çox məmurlardan, nazir və nazir müavinlərindən imtahan götürəsiniz. Təbii ki, bunu etmək çətindir. Buna sizin gücünüz çatmaz.
Çünki sizin gücünüz gözlərinin nurunu itirən, işini itirməkdən qorxan imkansız müəllimlərə çatır, sizin gücünüz TƏBİB və Səhiyyə Nazirliyi arasında qalan həkimlərə çatır. İndi də Azərbaycanın gələcəyi üçün əsərlər, şeirlər, hekayələr yazan və onların çap edilməsinə pul-para axtaran imkansız yazıçıları, şairləri imtahan etmək istəyirsiniz. Onda gərək AMEA-nın alimlərini, Bəstəkarlar İttifaqını, Aşıqlar Birliyini, ümumiyyətlə Mədəniyyət Nazirliyi tabeliyində olan bütün strukturların işçilərini, o cümlədən müğənniləri, meyxanaçıları, bəlkə jurnalistləri də imtahana cəlb edəsiniz. Hələ dünyanın heç bir yerində belə bir absurd fikir deyilməyib. Bu təbəqədə olan insanları, alimləri, yazıçıları, şairləri, mədəniyyət işçilərini imtahan etmək istəyən hər hansı bir məmur o xalqın optimist nəslinin nüməyəndələrinə inamı yoxdur, ya da ki, bundan da betər bilmədiyimiz nələrsə var. Dünyanın qarışıq vaxtlarında, süni intelektin inkişaf dövründə xəyala gəlməyən söhbətlər, məlumatlar eşidirik və görürük. Azərbaycanda bir çox yerlərdə iş təklif edən dövlət və özəl şirkətlər tələblərində yazırlar ki, ingilis və rus dillərini bilmək vacibdir.
Belə baxıram ki, gələcəkdə Azərbaycanın alimləri, şairlər, yazıçılar, bəstəkarları, aşıqları da əcnəbi dillərində imtahan verməli olacaqlar.
Allah bundan da betərini qorusun.

 

Müsfiq Malik Muğanlı
AYB-nin üzvü,
Prezident təqaüdçüsü
şair-yazıçı, publisist.

Share: