“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə “AzFinance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 34.2% azalaraq 463 min 816 manat təşkil edib. 2022-ci ildə investisiya şirkətinin xalis mənfəəti 705 min 127 manat idi.
Hesabat dövründə şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 2.1 dəfə azalaraq 760 min 909 manat, xalis haqq və komissiya üzrə gəlirləri 32.9% azalaraq 200 min manat, işçi heyəti və əməliyyat xərcləri isə 4% azalaraq 1 milyon 360.5 min manat təşkil edib. Beləliklə şirkət 399.6 min manat əməliyyat zərəri ilə üzləşib. Bu dövrdə investisiya şirkətinin qiymətli kağızlar üzrə gəlirləri 2.2 dəfə artaraq 1 milyon 99.9 min manat, maliyyə gəlirləri 94.7 min manat, maliyyə xərcləri 193.6 min manat təşkil edib.
2024-cü il 1 yanvar tarixinə “AzFinance İnvestisiya Şirkəti”nin cəmi aktivləri əvvəlki illə müqayisədə 24% və ya 2 milyon 871.7 min manat artaraq 14 milyon 772,4 min manat, cəmi öhdəlikləri isə 32.5% və ya 2 milyon 710.1 min manat artaraq 11 milyon 73.9 min manat təşkil edib.
Eyni dövrdə investisiya şirkətinin cəmi kapitalı əvvəlki illə müqayisədə 4.5% artaraq 3 milyon 728.4 min manata yüksəlib.