“Bəlkə də, daş yaddaşımıza daş ata bilmirik, daş yuxudayıq…”-Sadıq Qarayev

DAŞ

(Esse)

Uşaq vaxtı. Üzüm bağları ilə asfalt yol arasındakı arxların qırağında quzu otarırdıq. Bekarçılıqdan başladıq telefon dirəklərinin yuxarısındakı “aşıqları” daşla vurub qırmağa… Kim çox “aşıq” qırar yarışı… Bekarçılıqdan nə cür mənasız iş varsa, adamın ağlına gələr..
Əyilib yerdən növbəti dəfə daş götürürdüm, elə bil başıma arxadan guppanla vurdular… Gözüm qaraldı, sanki yer mənə yaxınlaşdı, uzaqlaşdı… Bir az əvvəl yuxarı atdığım daş, ya da uşaqlardan kiminsə atdığı daş başıma düşmüşdü… Əlimi başıma aparanda qana bulaşdı… İndi də o daşın çapığı qalır…
Hərdən Şeytana daş atmaq ayinlərini görəndə, Nizaminin “daşı atarsan göyə, qayıdıb düşməz həmən yerə”, Məmməd Arazın “Qayaların daş yaddaşına bir daş ataydım”, Ramiz Rövşənin “göy üzü daş saxlamaz atam balası” misralarını, “daş yuxular” romanın adını eşidəndə, həmən göydən düşən daş yadıma düşür…
Evə gəldim, üst başım qan içində… Televiziyadan Qarabağdan gələn həyəcanlı xəbərləri diqqətlə izləyən atam məni xeyli danladı… Anam dinmədi… Bəlkə də, düşündü ki, bu daş hərdən hirslənib bizə “başınıza daş düşsün” dediyi həmən daşdı…
Mən o vaxtdan çox düşünürəm ki, o daş özümün atdığı, Anamın dediyi, ya özgələrinin atdığı daş idi…? Ya gələcək günahlarım daşlaşıb, zaman labritində geri qayıtmışdı…? Bu mənə qaranlıq qaldı… Qarabağımızın taleyinə düşən daş kimi…
Bəlkə Şeytana yox özümüzə daş atmışdıq, ya üçbaşlı Şeytan bizə daş atdı??? Göy üzünün daş saxlamadığını, yuxarı atılanın aşağı, eyni yerə düşəcəyini bilmirdik??? Bəlkə də, daş yaddaşımıza daş ata bilmirik, daş yuxudayıq…
Ancaq, səhvlərin daşa döndüyünə inanıram…
Sonradan biz onları, Şeytana, göyə, tariximizə atırıq, atırlar… Bütün hallarda ya özümüzə, ya da Vətənimizə dəyir!

Sadıq Qarayev

Share: