Bənövşəsi qan qoxuyan Xocalım…

Bənövşəsi qan qoxuyan Xocalım…

Tanrı diri-diri geyindirdi kəfənini Xocalıya. Toran düşəndə hər tərəf ağ-appaq qar idi. Günəş də tez batdı… ay da çıxmadı o gecə… 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bir faciə doğdu yer üzünə. Buludlar qan ağlayır, torpaq qan əmirdi. Körpə bağrı yarılır, ahıl başı kəsilirdi.

İlahi, dağ çəkirdi dünyanın sinəsinə insan deyib yaratdığın. Bəs necə yol verdin, sən bu dəhşətə? Analar ağı deyir, baçılar saçın yolurdu. Yaralıların ahından, naləsindən gün üzü tutulurdu. Fəryadlar yetmirdi sənə, Allah! Gavurlar qundaqda balalarımıza, yataqda xəstələrimizə, qızımıza-gəlinimizə, ahılımıza, gəncimizə divan tuturdular. Gözlərini çıxartdılar, şişə taxdılar, diri-diri başlarını kəsdilər, qanımızı su yerinə axıtdılar, qurda-quşa yem etdilər əlsiz-ayaqsızlarımızı, namusumuza toxundular, hamilə qadınlarımız süngüyə keçirildi, atanın gözü qabağında balanın, balanın gözü qabağında atanın hulqumun kəsib isti qanlarını göllədilər. Alçaqlıqlar qarşısında alçalmadılar, kiçilmədilər, ölümün gözünə dik baxdılar ölümsüzlərimiz, xocalılarımız. Yaranıza məlhəm olsun vətən həsrətindən qurumayan göz yaşlarım, odu öləziyən ürəyim. Can, şəhidlərim, can, hələ də əsirlikdə ömrü bitən anam, atam, bacım, qardaşım, balalarım, can! Sızıldayan yaralarına qaysaq olum canım Vətən, Azərbaycan!

Yaxşı xatırlayıram…1988-ci ilin qarlı-şaxtalı 13 fevral günü göz-göz közərmiş qırmızı alovlu kömür sobasının qırağına yığışmışdıq. Behiştlik Əli babanın qanı-qara, hövlnak bizə gəlib atama: “yenə başladılar” deməsi, hamımızı səksəndirdi. Atamdan nəyi başladılar? sualıma aldığım cavab həyat hekayəmin uşaqlıq, gənclik cağlarından bəhs edən səhifələrinə yazıldı. Qaçqınlıq, köçkünlük, didərginlik həyatım mənim…Səndən söhbət açsam güllər solar, bülbüllər susar, gün

batar, ay yuxusun qaçırar, axar sular dillənər, dəli rüzgar səngiyər, sərin meh lay-lay çalar, quşlar öz südüylə məlhəm yoğurar, anam qan-yaş tökər, atam hönkürər…

“Ocağımızın yuxarı başında bardaş qurub, yağlı tikəmizi yeyənlər isti ocağımızı soyutdular, aşımızın dağ olmuş yağına su tökdülər. Gözlərimizi oydular, bağrımızı yardılar, qaynar samovarlar bağlandı kürəklərimizə, iri mismarlar çalınmış taxtalarla döyüb, istahatdan saldılar oğullarımızı, qızlarımız zorlandı, balalarının başları kəsilib şişə taxılaraq ocaqda ütülən gəlinlərimiz bu ətürpədən mənzərə qarşısında havalandılar.” Gülxətmi nənəmdən eşitmişəm bunların hamısını. Diləfruz, Fehruz, Ağsevən nənədən də, kaş eşitməz olardım… nələr-nələr eşitmişəm, gavurların başımıza açdığı müsibətlər barəsində.

1905, 1918, 1948, 1988….birlər, doqquzlar, səkkizlər…sizdən küsgünəm, sizdən inciyəm! Nənəm deyərdi ki, malımızı, varımızı, canımızı alıb, bu illər… Min cürə zəhmət bahasına qurub-qoşduğumuz yurdumuz-yuvamız küllü-kuf olub, dağıdılıb. Oğullarımız bəy paltarı, qızlarımız duvaq geyməmiş qara torpağa gömülüblər…

Düşünürdüm ki, “Xocalı”dan yazsam qələmim qırılar, gözüm kor qalar, ürəyim dayanar… canımdan qorxmurdum ki…Sizlərə yaşadacaqlarımdan ehtiyatlanırdım, əzizlərim. Hər dəfə Xocalı faciəsinin canlı şahidi həmkarım Səriyyə xanım Müslümqızı ilə rastlaşanda o məşum gecənin acısından keçib, kədərin qırmızı donuyla yenidən doğuluram… yenidən!

Qövr edən yaramsan, Xocalım! Başı qara çalmalım, donu qırmızım! Köhnə yaralarımıza duz basdı yağı. İlahi aç, məlhəm qoy, sarı yaramı!

Qadası qəfil Xocalım, dərdini əzəl dərdlərimə məlhəm kimi sardım! Gülləndi dərdlərim! İlahi, gəl dər gülünü.

Güldü dərdim. Deyib ah-nalə çəkdi dəli könlüm. Səni hər gün əzizlərəm, səni oxşaram… Sinəsi bala dağlım,

Alnı qara yazılım, Ağbirçəyim, Ağsaqqalım, Atam, Anam, Bacım, Qardaşım

Dərdli Xocalım lay-lay,

lay-lay Xocalım LAY-LAY.

Bu qanlı gecədə 106 qadın, 63 uşaq, 70 ahıl, 613 nəfər soydaşımız qanına qəltan edildi, yüzlərlə insan ağır yaralandı, 1275 nəfər girov götürüldü. 8 ailə bütövlükdə məhv olundu. 150-dən çox uşaq bir və ya hər iki valideynini itirdi.

“Xocalının ən ağır dərdli sakini mənəm”: söyləyir, bütövlüklə ailəsini bu faciədə itirmiş Mehdi Firdovsi oğlu Əliyev. Tifağı dağılsın namərdin, zalımın. Sevinci gözlərində donan, gülüşləri hıçqırıqlarında boğulan körpələrimiz, Sizə qıyan yağıların yurdlarında bayquşlar yurd salsın!

Faciənin üstündən 26 il keçməsinə baxmayaraq, bu müsibətdən min cür əzab-əziyyətlə, qarda-çovğunda meşələrdən, dağlardan, buz bağlamış çaylardan keçib quru canlarını güclə qurtaran faciə şahidlərini dinlədikcə hər birinin gözündəki kədərin rəngini, ağrının yükünü, qəhərin göynərtisini çəkməyə, yüngülləşdirməyə, azaltmağa aciz qaldım.

Qubarınız göyüm-göyüm göynətdi, sızım-sızım sızlatdı, için-için ağlatdı qəlbimi. Aynurənin “ay, ana” haraylı son sədası, “offff!!! ay, Allah! nidalı gəncin son kəlməsi!

Bənövşəsi qan qoxuyan, Xocalım, həyat səndə bahar libasında biçilib, gülməxmər üstə güləbatınla bəzənsin, yenidən!

Həsrətindən hana qurub,

İlmə-ilmə arzular toxudum,

Çiçəklərin al-gülündən.

Vətən arzum, gül arzum,

Hanadan gülən arzum,

Gül üzümə, gül arzum!

 

Azadə Novruzova

AYB və AJB-nin üzvü, şairə-publisist

Share: