Yanvarın 10-da Bərdə rayonu Samux kəndində “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsinin ictimai təqdimatı olacaq. Qeyd edək ki, layihə fəaliyyətində başlıca olaraq bir neçə məqsəd dayanır: Ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması; Məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar kəndlərdə keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi; Valideyn-icma-məktəb əməkdaşlığının yaradılması; Məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması; Məktəbəqədər təhsilin inkişafı nəticəsində ibtidai təhsilin keyfiyyətinin artırılması.
Bərdə rayonunun Samux kəndində məktəbəqədər təhsil müəssisəinin məktəbəqədər hazırlıq qrupu və təhsil üçün lazım olan infrastrukturun zəif olması diqqət çəkir. Bu layihə həmin çatışmazlıqları aradan qaldırmaq və məktəbəqədər təhsil üzrə infrastrukturun yenilənməsi və dəstəklənməsini nəzərdə tutur. Uşaqların sosial və emosional inkişafı: Erkən yaşda keyfiyyətli təhsilə çıxış uşaqların sosial, emosional və kognitiv inkişafına müsbət təsir edir. Bu layihə kənd uşaqlarına bərabər imkanlar yaradacaq və onların gələcəkdə məktəbə və cəmiyyətə daha yaxşı inteqrasiya olunmasına kömək edəcəkdir. Beləliklə, “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsi, Bərdə rayonunun Samux kəndində təhsil problemlərinin həllinə və yerli icmanın inkişafına mühüm töhfə verə bilər.