Bərdədə Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə tədbir keçirildi

Bərdədə Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə tədbir keçirildi

Bərdədə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Uğur qazananlar” adlı tədbir keçirilib.

Bərdə rayon Mədəniyyət Mərkəzində 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə “Uğur qazananlar” adlı tədbir təşkil olunub. Rayon ictimaiyyəti, Bərdə “ASAN xidmət” Mərkəzin rəhbərliyi, Asan könüllüləri, regional idarə üzrə aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri və çoxsaylı muğamsevərlərin iştirakı ilə baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Giriş sözü ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Azərbaycanın xalq musiqisi və muğam sənətinin tarixi zənginliyi və müasir inkişaf yolu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan muğamının müasir tarixdə uğurlu inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Bu fəaliyyətin məntiqi nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Tədbirin davamında Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam” Televiziya Müsabiqəsinin müxtəlif illərdə iştirak edən iştirakçılarının çıxışları dinlənilib. Belə ki, III “Muğam” Televiziya Müsabiqəsinin II yerin qalibi Asim Abbasov, V “Muğam” Televiziya Müsabiqəsinin laureatı Misir Məmmədov, VII “Muğam” Televiziya Müsabiqəsinin laureatı Zibər Zamanova, VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi Fuad Əzizzadə, II yerin qalibi Ülkər Abdullayeva, müsabiqənin laureatları Tahir Şəfiyev, Əmrah Məmmədov, Sabir Hüseynov və Məhəmməd Əlizadənin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılıqlarından şeir nümunələri söylənilib.
Sonda gənc muğam ifaçılarına regional idarə tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Müstəqil.az

Share: