Bərdədə 15 İyun – Milli Qurtuluş Günü geniş şəkildə qeyd olunub.
Bərdə Regional Mədəniyyət İdarəsi üzrə bütün tabe mədəniyyət müəssisələri tərəfindən 15 iyun Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 15 iyun-Milli Qurtuluş Günü hər il olduğu kimi bu il də Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən qeyd olunur.
Bərdə rayonunda yerləşən Heydər Əliyev adına park-bulvar kompleksində baş tutan tədbirdə Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Bərdə Regional Mədəniyyət İdarəsinin, Bərdə rayon İcra Hakimiyyətinin və YAP Bərdə rayon Təşkilatının təşkilatçılığı ilə açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Regional idarənin rəisi Vəsilə Möhsümova Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirib.
Daha sonra tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulayıblar.
Tədbir bayram konserti ilə davam etmişdir. Konsertdə Ulu Öndərə həsr olunmuş və onun sevdiyi mahnılar, həmçinin, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.