Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin “Torpağı vətən edənlər” layihəsi çərçivəsində Şəhid Şahbazov Ruslan Mahir oğlunun ailəsi ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəsi Ceyhun İsmayılzadə açaraq ilk növbədə şəhidimizin ailəsini və tədbir iştirakçılarını salamlayıb. Daha sonra “Torpağı Vətən edənlər layihəsinin “ məqsədindən bəhs edərək qeyd edib ki, bu layihə 2021- ci ildən start götürmüşdür və layihə çərçivəsində artıq altıncı şəhid ailəsi ilə görüşümüz keçirilir. Hər bir şəhidin həyatı bizim üçün dəyərlidir. Şəhidimiz Ruslan Şahbazov Tərtər rayonunun Ələsgərli kənd sakini idi. Ceyhun müəllim qeyd edib ki, Tərtər rayon Mədəniyyət Mərkəzinin Ələsgərli kənd kulubunda şəhidimizin əziz xatirəsinə əbədiləşdirmək məqsədi ilə güşə hazırlanıb. Ceyhun müəllim şəhid anasına müraciət edərək qeyd edib ki, bütün şəhid ailələrinin qarşısında baş əyirik, şəhid analarının əlindən öpürük. Siz bizim üçün dəyərsiniz.
Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə çıxış edərək qeyd edib ki, çox sevindirici haldır ki, bu cür tədbirlərin keçirilməsi sadəcə vəzifə borcu deyil, bu qəlbdən gələn hissdir. Elə insanlar var ki, onlar tək ailə üçün yaşayırlar elə insanlar da vardır ki, vətən, millət, dövlət üçün doğulurlar. Şəhidimiz Şahbazov Ruslan belə oğullardandır. Vidadi müəllim bildirib ki, şəhidimizin adına doğulduğu Ələsgərli kənd məktəbində və Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə sinif verilmişdir.
Vətən müharibəsi qazisi Səbuhi İbrahimov söz alaraq çıxış edib. O qeyd edib ki, qəhrəmanları ana yetişdirir. Əziz anam, siz bizimdə anamızsınız. Bütün şəhidlərimizin anası bizimdə anamızdır. Allah canınızı sağlam etsin, əllərinizdən öpürəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova ilk növbədə şəhidimizin anasını və mərkəzin qonaqlarını salamlayıb. O, şəhidimiz Şahbazov Ruslanı Tərtər rayon Heydər Əliyev Mərkəzinin dostu adlandırıb. Bu təsadüfi deyil. Şəhidimiz Şahbazov Ruslan 2 dəfə Ulu Öndərimizin adını daşıyan mərkəzə ekskursiya edib. Onun şəkillərindən biri Ali Baş Komandanımız İlham Əliyevin lövhəsinin yanında , digəri isə Azərbaycan bayrağını öpərkən çəkilmişdir. Bu şəkillərdən də bir daha aydın olur ki, bizim şəhidimizin vətənpərvərlik hissi onun ruhunda idi.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Fəridə Süleymanova və Jalə Əlizadə çıxış ediblər.
Tədbirin sonunda şəhid Şahbazov Ruslanın həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.