“Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır”.
(Əbu Turxan)
Ömür Tanrının insan oğluna bu dünyadakı bəxşişi, tale payıdır. Deyirlər Tanrı insan oğlunu yaradıb Yer üzünə göndərəndə onu faili-muxtar, ixtiyar sahibi qərar verib. Hər bir insan öz ömrünü elə yaşamalıdır ki, onun əməlləri həyatının hansısa məqamına ləkə vurmasın. Əks təqdirdə, özümüz öz əlimizlə həyatımıza xəyanət etmiş olarıq. Xəyanəti isə nə həyat, nə insan, nə cəmiyyət, nə təbiət, nə də Tanrı bağışlayır. Tanrının sənə verdiyi həyat və ömür qarşısında günahkar olmaq istəmirsənsə, ləyaqətlə, şərəflə yaşamalısan.Yəni ona Tanrı bəxşişi olan barmaqla sayılası, sadə ədədlərə sığan ömür payını hara və necə xərcləməsini öz ixtiyarına buraxıb. Bəzisi bu illəri elə-belə, boşuna xərcləyir, daha doğrusu, illərin necə xərclənməsindən heç xəbəri belə olmur, amma bəzisi də var ki, ömür payını tək özünə deyil, çevrəsinə, elinə, obasına xərcləyir. Elə sağlığındaykən özünə bəşərin yaddaşında əbədi yer qazandırır, elin, obanın sevimlisinə çevrilir. Bu gün təkcə respublikamızda deyil, dünyanın böyük dövlətlərində bir vətənpərvər insan kimi dövlətinin uğurlarını hamıya tanıtdıran Əmir Pəhləvan da belələrindəndir. Ömrünü tək özünə deyil, insanlığa xərcləməklə məşğuldur.
İllər ötür, insan müəyyən zaman kəsiyində həyat məktəbi keçir. Təhsil alır. Kitablar oxuyur. Elm, bilik sahələrinə baş vurmağa çalışır. Çünki dünyanı dərk etmək üçün yüksək düşüncə, geniş təfəkkür, ümumilikdə zəngin mədəniyyət sahibi olmalısan. Təbii ki, burada söhbət normal insandan gedir. Bəli, illərin təcrübəsi insanı kamilləşdirir və uşaqlıqda eşitdiklərinə, gördüklərinə yeni baxış bucağından nəzər salır. Hər bir məqama daha dərindən nüfuz etməyə başlayır. Nizami Gəncəvinin təbirincə, yanaşsaq:
“Sirri dərk edir ancaq nəzər əhli başbilən,
Nadanın nə ilgisi dövrün keşməkeşiylə.”
Beləcə görə-görə götürür, götürdükcə də götürdüklərini cilalayıb ümumun malına çevirir Əmir Pəhləvan.
Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1976-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz rayon orta məktəbini bitirib, 1977-79-cu illərdə Sovet ordu birləşmələrinin tərkibində Rusiyanin Novosibirsk vilayətində hərbi xidmətdə olub . Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. 1980-1985-ci illərdə Universitetin Jurnalistika fakultəsində təhsil alır. 1981-ci ildən Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı kimi fəaliyyətə başlayır. 1985-1988-ci illərdə “Baku”, “Bakı” axşam qəzetlərində , 1988-1990-cı illərdə “Azərbaycan müəllimi” qəzetində müxbir işləyir. 1990-cı ildə “İlham” qəzetinin təsisçisi və baş redaktoru olub .
1985-ci ildə Əmir ali məktəbin sonuncu kursunu bitirməmiş “Bakı”, “Baku” axşam qəzetlərinə müxbir kimi işə götürülür. Buradan o, “Azərbaycan müəllimi” qəzetinə dəvət olunur. Həmin illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın “O ay bir də doğmayacaq” adlı ilk kitabı çapdan çıxır.
1990-cı ildə “İlham” mədəniyyət qəzetini təsis edərək baş redaktoru olur. Ölkəmizin ağır və çaxnaşmalarla dolu olan bu dövründə Əmir müəllimin bütün yazılarında xalqın sərt və dönümsüz “alın yazısı”, “qisməti” diqqət mərkəzinə çəkilir. Adamlar əziyyət və biganəlik içərisində çırpınaraq qismətə boyun əyməkdən qaçırlar. O, bütün bunları, sadəcə, təsvir eləmir, çəkilən əzablara, iztirablara, məşəqqətə qoşulur, inanır ki, qismətdən “yuxarı” ulu bir varlıq var! Belə bir qismət publicist, yazıçı – şair Əmir Pəhləvanı zamanın axarı ilə kinoya gətirir. Daha doğrusu, o, qəzetdə “deyə bilmədiklərini” ekran dili ilə dünyaya çatdırır. 1995-ci ildə “Step LTD” kinoşirkətini təsis edir. Elə şirkətin xəttilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hunqoriya”, “Şəhriyar”, “Svilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olur. O, bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırmış olur. Əmir Pəhləvan qərbləşməyə Paris dəbi kimi baxanların içində mədəni köləliyi “Fransız” adlı filmi ilə damğalayır. Növbəti “Qarabağ şikəstəsi” filmi ilə o, Azərbaycanın acı taleyini, qismətinə qaçqınlıq düşmüş insanların vətən nisgilini incə bir yumorla ekrana gətirir. Bu filmlər yeniləşən Azərbaycanda sovet kino incəsənətinin standart stereotiplərini və şablonçuluğunu dağıdaraq milli kinomuza, dramaturgiyamıza yenilik gətirir.
Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış və ölkənin kino sənətini bu və digər dərəcədə təmsil etmişdir. 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında milli atributlarımızdan olan Bayrağımıza həsr etdiyi “Spasibo” adlı bədii filmi Hollivud sənədli filmlər festivalında mükafata layiq görülmüş və Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. “Bakı nefti və Nobellər” adlı üç hissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən “Üç qitə” kinofestivalında 2 medala layiq görülmüşdür. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.
Əmir Pəhləvanın 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub. “Bakılı Nobel”, “Neft taleli Nobel”,“Ayrılıq”, “Səfir” “İsa, Məryəm və Sona” sənədli romanları, “Bakı nefti və Nobellər” üçhissəli sənədli filmi DVD formasında Almaniyada işıq üzü görərək, yüksək tirajla dünya oxucularına və tamaşaçılarına təqdim edilib.
Bu gün Amerikada nəşr olunan ən nüduzlu ədəbi-bədii mətbuat dərgisi – “Dünya ədəbiyyatı bu gün” jurnalı postsovet məkanda 42 yazıçının əsərlərini təbliğ və təqdir edir. Onlardan biri də, məhz Əmir Pəhləvandır. “Qalxın, Cavid gəlir!”, “Əkilən başlardı, torpaq əkilmir”, “Turan türküləri”, “Səfir”, “Təbrizim, türk izim!”, “Kəngərlər”, “Türklüyün yol xəritəsi”, “O Ay bir də doğmayacaq”, “Yaşamağı bacarmaq lazımdır”, “Vətən dahiləri” ( l – ll hissə ) Azərbaycanda ən çox oxunan kitablarıdır. “İnsan və İblis” pyesi 1999-cu ildə Bakı Bələdiyyə Teatrında , “İstədiyim yar idi…” librettosu 2009-cu ildə Musiqili Komediya Teatrında səhnələşdirilib. Qırğızıstan, Qazaxstan və Quzey Kibriz Türk Cümhuriyyətlərinin Dövlət mükafatları Laureatidır. Qırğızıstan Respublikasının “Manas” mükafatçısıdır.
Rəqəmlərdə qabarsa da, sadəcə rəqəmlərə sığmayan bir ömür illərini varaqladıq. Bəzən insan oğlu oturur ötən illərlə üz-üzə, göz-gözə. Suallar meydana çıxır. Mən nə etmişəm, necə yaşamışam? Ömrümün illərinə bəzəkmi vurmuşam, ləkəmi salmışam? İllər mənə nə verib, mən illərə nə vermişəm? Qazandığım nə olub, itirdiyim nə? Bax bu cür suallarla ötən illər insana, insan isə geridə qoyduğu illərə bir növ hesabat verir. Yəni ortalığa, sözün böyük mənasında, haqq-hesab məsələsi qoyulur. İnsan ömrünə düşən illəri halalmı yaşayıb? Həyatına haramlıq qatmayıb ki?
Zənnimcə, insan həyatının yola saldığı hər anı ilə halallaşmalıdır. Ömrü ilə haqq-hesabı düzgün olmalıdır. Ömrünü bu dünyaya, günlərə, aylara, illərə xərcləyəndə düşünməlidir. Bilməlidir ki, qazandığı nə olacaq? Daha doğrusu, bu dünyadan nə istəyir? Ömrə naxələflik etsən, təbii ki, onun sənə verəcəyi də naxələfliyin nəticəsinə uyğun olacaq, artıq nəsə gözləməyin özü məntiqə sığışmayan işdir. Bir sözlə, insan öz ömrü ilə haqq-hesabda düzgün olmalıdır məntiqi halallıq müstəvisində belə görünür: həyatda yalnız və yalnız çəkdiyin zəhmət qədər bəhrə götürməlisən. Artıq götürəndə halallıq çərçivəsini aşmış olursan. Haram isə gec-tez hər şeyi yandırır, məhv edir. Ətrafdakılar bir yana, insanı öz ömrü qarşısında xəcalətli qoyur, peşiman edir. İnsan bilməlidir ki, nə əkirsə, onu da biçəcək, aşına nə tökürsə, qaşığına da o çıxacaq. Ömür də belədir. Onu necə yaşayırsansa, həmin yaşam tərzinə uyğun da ənamını alacaqsan. Maddiyata uyub mənəviyyatı itirsən hər şeyini itirəcəksən. Çox şükür, təbii ki, mənimlə razılaşarsınız ki, sadalanan parametrləri qəlib olaraq götürsək Əmir Pəhləvanın xərclədiyi ömür illərini saf-çürük etsək bütöv bir ömrü müsbət yüklərə köklənmiş, faydalı iş əmsalı yüksək olan ömür illəri ilə baş-başa qalarıq.
Və bir də, təbii ki, əgər insan yığdığı maddi sərvətlərdən özüylə bir çöp də apara bilmirsə, onda dərindən düşünüb bu dünya ilə alverini, haqq-hesabını düzgün aparmalı, Tanrının halallıqla verdiyinə haram qatmamalıdır. Yəqin ki, bu sayaq təhlil hər kəsin həyatında müxtəlif məqamlarda baş verir. Yəni, insan bəzən özü-özü ilə tək qalır və keçdiyi həyat yoluna nəzər salır. Ötən illərdə nə itirib – nə qazanıb, ömrünü necə yaşayıb, sevinci – kədəri nə qədər olub? Bir sözlə, insan yaşamış olduğu zaman kəsiyində yola saldığı aylarla, illərlə üz-üzə dayanır və haqq-hesab edir.Hər bir insan öz əməlinə görə həyat yaşayır. Buradan belə qənaət yaranır ki, insan öz əməli ilə ömrünün sevinc və kədər payının müəyyənləşməsinə əvəzsiz töhfə verə bilər. Məncə, insan öz ömrü ilə haqq-hesab edərkən bunları unutmamalıdır: hansı əməl sevincimi çoxaldıb, hansı əməl kədərimi. Bax, bu, həyatla insan arasında bir imtahana bənzəyir. Əmir Pəhləvanın ömrü də bu imtahanlardan üzüağ çıxanlardandır.
Allahın nursifətli, zəhmətkeş, bəxtigətirən bəndələrindən olan Əmir Pəhləvan!
Bundan sonrakı ömrünüzüdə şəstlə, səxavətlə xərcləyin, Allahın verdiyi ömür payını elə Allahın özü üçün, bəşər üçün, el-oba üçün xərcləyin
Yalnız uğur diləyilə ürəyi özündən böyük insan!
Leyla Qadir qızı Məcidova
Tarix üzrə Fəlsəfə doktoru,
Lənkəran Dövlət Universitetinin baş müəllimi