Bəşəriyyətin zəlzələ problemi…

Bəşəriyyətin zəlzələ problemi…

Bəşəriyyətin bu dünya həyatında üzləşdiyi ən qorxulu və ciddi problemlərindən biri də, yer titrəyişi və ya zəlzələ hadisəsidir.

Zəlzələ yer kürəsinin təbii hadisələrindən biri olaraq yeraltı zərbələr və bunun nəticəsində yerin üst qatının titrəməsindən ibarətdir.
Adətən dünyanın istənilən zonasında baş verən güclü yeraltı təkanlar nəticəsində evlər və müxtəlif tikililər uçur, sunami və yer sürüşmələri əmələ gəlir və beləliklə də, insanlar dünyasını dəyişir və ya yaralanır…
İnsan oğlu zəlzələni öz həyatından uzaqlaşdırmağa qadir deyil. O, dünyanın hansı yerinə getsə də, nə vaxtsa güclü və ya zəif yeraltı təkanlarla üzləşmək məcburiyyətindədir.
Bu baxımdan, unutmayaq ki, dünyanın heç bir ölkəsi və heç bir milləti zəlzələ və yeraltı təkanlardan sığortalanmayıb. Lakin buna baxmayaraq belə bir dağıdıcı təbii hadisənin fəsad və ziyanlarını azaltmaq mümkündür. Bu dağıdıcı və sarsıdıcı təbii hadisənin fəsadlarını azaltmaq üçün həyatda ağıl və düşüncə çərçivəsində davranmaq lazımdır. Bununla bağlı tikiləcək ən kiçik bina və obyektlərdən tutmuş ən hündür və çoxmərtəbəli göydələnlərə qədər tikililər, hətta adi reklam lövhələri və s. tikintisində texniki şərtlərə riayət etmək, tikinti işini möhkəm və dayanıqlı tərzdə həyata keçirmək, xüsusilə də, tikiləcək hündürmərtəbəli binaların ərazisinin alt qatının hansı vəziyyətdə olduğunu diqqət mərkəzində saxlamaq lazımdır. İnsan oğlu öz zəkası və düşüncəsi sayəsində çoxmərtəbəli göydələnlər tikməyi bacardığı qədər həm də, həmin tikililəri möhkəm və dayanıqlı tərzdə tikməyə borcludur. Bununla bağlı dünyanın seysmik zonalarında yerləşən ölkələrdə daha diqqətli olmaq zəruridir. Əlbəttə, heç şübhəsiz bu sahədə hər bir ölkədə hakim olan Dövlət strukturlarının üzərinə böyük vəzifələr düşür. Lakin bundan əlavə, həm də hər bir insan (tikinti işləri ilə məşğul olan mühəndislər, ustalar və s.) öz vicdanı, insanlıq ləyaqəti və etikası ilə bu sahədə tələb olunanlara riayət etməyə mükəlləfdir.
Düşünürəm ki, məhz bu kimi önləmə tədbirləri nəticəsində zəlzələ kimi dağıdıcı və dəhşətli təbiət hadisəsinin yarada biləcəyi fəsadlar, ziyanlar və acılıqların miqyasını azalda bilər, özümüzü və əzizlərimizi, ümumilikdə isə insanları ağrı-acıdan, bədbəxtlikdən və fəlakətdən qoruya bilərik. Əks təqdirdə, başqasını günahkar və müqəssir çıxarmaq, Ulu Yaradan barədə nahaq sözlər danışmaq absurddur. Çünki Ulu Tanrı insana ən böyük və əzəmətli nemət sayılan ağıl və düşüncə bəxş etmiş və onu həyatın hər bir sahəsində ağıl və düşüncə çərçivəsində hərəkət etməyə mükəlləf etmişdir.
Bütün yer kürəsi, dünya xalqları və ölkələrinə sağlamlıq, hüzur və xoşbəxtlik arzuları ilə!
İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru)
07.02.2023

Share: