Müstəqil.Az Lənkəranda yaşayıb yaradan gən şair Ziya Dilsuzun yeni şeirlərini təqdim edir:
Ürəyimdən axsayıram
Ağlamaq istəsən, ağla, göz yaşın
Çox şəffaf olacaq, təmiz olacaq.
O göz yaşlarını bir – bir toxusam,
Nə gözəl dalğalı dəniz olacaq.
Mənim ayaqlarım sevir şiddətlə,
Bir an razılaşmır kiriməyə də.
Elə ürəyimdən axsayıram ki,
Nifrət eləyirəm yeriməyə də.
Azacıq da olsa rəhmin gəlmədi,
Bütün ümidləri əlinlə boğdun.
Öldürə bilərdin bətnində, amma
Sən xain qadınsan, ayrılıq doğdun.
Şübhə eləyirsən, eşqin Tanrısı
Səndən əsirgədi axı nəyini?
Yoxluğun bir çaydı – sinəmə axır,
Üfüqdən götürür öz mənbəyini.
Sabah, gələcəyə tələsənlərik,
Bizi yaşamağa qəm yubandırır.
Həsrətin Günəşdən istilik əmib,
Böyüyüb indi də məni yandırır.
Sevməyin düsturu
Bəlkə, heç özün də bilmirsən indi,
Sən mənə necə də doğma, yaxınsan.
Bətnində gəzdirib misralarımı,
Sən şeirlərimi doğan qadınsan.
Həmişə yaxşını sevmək də olmur,
O kimdi ki, onu qəlb aldatmasın?
Mən öz ürəyimi harda gizlədim,
Tapa bilməyəsən, əlin çatmasın?
Məhv et qəzəbini, məhv et hirsini,
Daha qarşılama hiddətlə məni.
Sabaha yağışlar vəd verim sənə,
Birdən Günəş çıxsa, lənətlə məni.
Qoy loğvalanmasın göy üzü gecə,
Ulduzlar sən qədər elə parlayır.
Tək məni bitirmir sənin həsrətin,
Ekologiyanı həm də korlayır.
Çıxdım, üstə gəldim darıxmaqları,
Yenə razılaşdım riyazi qəmə.
Vursam da, bölsəm də, sən alınır, sən,
Sevməyin düsturu beləymiş, demə.
Ac heyvanlar kimi bu darıxmağı
Hər gün yemləyirəm xatirələrlə.
Bu da bir eyibdi, bu da nöqsandı,
Bütün xoşbəxtləri tənha görürəm.
“Sənsizlik” adında sərnişinləri
Yığmışam ömrümə, ömür sürürəm.
Dərdi ayaqlayıb keçə bilmədin,
Unuda bilmədi nəyi yaddaşın?
Qəlbin zədəlidi, anlamaq olur,
Daşdan da möhkəmdi axı göz yaşın.
Tək sən dəyişmirsən, kövrəksən ancaq,
Olur dəyişimi fəsillərin də.
Bir partlayış səsi, bir it hürməyi
Tez pozur sükutu şəkillərində.
Uzaqdan soruşma mənim halımı,
Xəbərdar olmazsan dönüb gəlmədən.
Qorxuram ki, ətrin düşə torpağa,
Əzib tapdalayar kimsə bilmədən.
Sənsiz otaqdan da küsmüşəm elə,
Yola da getmirəm pəncərələrlə.
Ac heyvanlar kimi bu darıxmağı
Hər gün yemləyirəm xatirələrlə.
Bütün ürəklərin adından sevdim
Bəlkə, yoxluğunla barışmağımda
Heç sənin olmadı zərrə günahın.
Mən sənə dualar etmişəm ancaq,
Sənsən bir tərəfi, demək, Allahın.
Ömür belə olur, belə sürülür,
Onsuz, yaşayırıq biz də birtəhər.
Nə sən şikayətlən, nə də mən özüm,
Bizim əynimizə uyğundu kədər.
Sevin, unutmağa gücüm çatmadı,
Nə fərqi, uzaqdan, yaxından sevdim.
Təkcə öz ürəyim deyil, mən səni
Bütün ürəklərin adından sevdim.
Adi gülüşünün səsi, sədası
Hələ də duyulur qulaqlarımda.
Qaçmaq istəyəndə səndən, görürəm,
Birdən yoxa çıxıb ayaqlarım da.
Sənin düşündüyün dili öyrənmək
Başqa bir ləzzətdi, başqa həvəsdi.
Sifətin çoxaltma dərəcəsində
Səninçün darıxmaq nə gözəl hissdi.
Məni ümidimdən tanıyacaqsan
Bilmək istəyirsən necəyəm indi?
Qəlbi keçmişimiz incidir, didir.
Eh, bircəcik telin xəyallarımın
Üçdə ikisini əhatə edir.
Möhkəm, iradəli, səbirliyəm mən,
Qayıdıb yenəmi sınayacaqsan?
Nə qədər qaranlıq var çöldə, dönsən,
Məni ümidimdən tanıyacaqsan.
Baxıb uzaqlardan, yəqin, görərsən,
Çiynimdə nə boyda bir yük görünür.
Bütün ayrılıqlar xəritələrdə
Okeanlar kimi böyük görünür.
Xəbərim olmayır bəzən özümdən,
Bəlkə, öz yanımdan ötüb keçirəm.
Qalıb boğazımda xatirələrin,
Nə yemək yeyirəm, nə su içirəm.
Sənə çatmaq üçün, yetişmək üçün,
Mən keçdim kimlərdən, keçdim nələrdən.
Sənə şeir yazmır – bəhanə edib
Qaça bilməzsənmi sən özgələrdən ?
Ziya Dilsuz
Müstəqil.Az