Bəxti gətirməyən insanın hekayəti – Zemfira Məhərrəmli yazır

Bəxti gətirməyən insanın hekayəti – Zemfira Məhərrəmli yazır

Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti haqqında düşüncələrim

 

Şair-publisist, yazıçı, səkkiz kitab ərsəyə gətirmiş Faiq Balabəylinin qeyri-adi adı olan “Bayıldan bayıra” əsərində müəllifin son dövrdə qələmə aldığı hekayələri, publisistik yazıları, həmçinin “Lənətlənmiş həyat” povesti yer alıb. İnsan ömrü, bəxtinə, taleyinə məhbəs ayları, illəri düşən, müəllifin şəxsən görüşüb söhbət etdiyi şəxslərin həyat hekayələri adı çəkilən povestin, habelə burada toplanmış digər yazıların cövhərini təşkil edir. Deyirlər, həyat onu öyrənənlərin, dəyər verənlərindir. Həmin povesti diqqətlə oxuyandan sonra belə bir qənaətə gəldim: Bu əsər həyatın dibinə enib, dərin qatlarına varan yazıçının (o özü də haqsızlığa məruz qalıb gerçək məhbəs həyatı yaşamışdı) yetkinliyinin təsdiqidir. F.Balabəyli işi müşkülə düşənlərin, boynuna şər-böhtan atılanların, ümidsiz-çarəsiz insanların dərd-sərini əsərdə ürək ağrısı ilə nəql edir. Hesab edirəm ki, “Lənətlənmiş həyat” tələsə-tələsə vərəqləyib bir kənara qoyduğumuz əsərlərdən deyil. Oxucusunu heyrət, maraq içində buraxan, ardını oxumağa sövq edən nəsr nümunəsidir.

Əsərin baş qəhrəmanı Məmməd ləyaqətlə yaşamağa can atan, əlinin zəhməti, alın təri ilə dolanan yüzlərlə sadə insandan biridir. Kasıb bir ailə başçısı olan, həyat yoldaşı və yeganə qızını canından artıq sevən, onların xoş güzəranına can atan, alın təri ilə qazandığı pulunu tüstüsü zəif çıxan komasına gətirən Məmməd bir gün sakit həyatına son qoyulacağını, haqsızlıqla üzləşəcəyini heç ağlının ucundan belə keçirmirdi. Lakin sən saydığını say, gör fələk nə sayır. Bu təmiz, halallıq, düzgünlük sevən, maddiyyata aldanmayan, mənəviyyatca saf insanın hüzur dolu həyatı niyə pozulmuşdu? Fermada sağıcı işləyən qonşusu Sənəmə ferma müdirinin “dərəni xəlvət görüb” sataşması onlarla təsadüfən qarşılaşan Məmmədi sarsıtmış, “belə əclaflıq olar?!” deyə düşünmüşdü (İş elə gətirmişdi ki, Məmməd də bu təsərrüfatda çalışır, öz köhnə, sınıq-salxaq maşınında qonşu qəsəbədəki ağartı məhsulları zavoduna süd daşıyırdı). Əri həbsxanada cəza çəkən, iki azyaşlı uşağını yaşatmaq üçün alın təri ilə öz kasıbçılığını edən, balalarına həm ana, həm də ata olan bu cavan gəlin həyasız ferma müdirini özündən kənar edib üzünə tüpürmüşdü. Məmməd “Südün əymədiyini yeddi kəl də əyə bilməz” el deyimini həmin an yaddaşında çözələyib, tez özünü yetirərək bu namussuzun ağzının üstünə bir kəllə vurmuş, onun sir-sifəti öz murdar qanına bulanmışdı. Elə bütün olaylar, urcah olduğu çətinliklər də bundan sonra başlamışdı. Baş verən əhvalatı üç nəfərdən savayı kimsə bilməsə də, üzə duran yalançı şahidlər tapılmışdı. “Yetənə yetib, yetməyənə daş atan”, “davakar” Məmmədi artıq səhəri gün fermada görən olmamışdı. Pullu-imkanlı sahibkar bu təmiz, namuslu insanı elə gecəykən tutdurmuşdu. Bu, Məmmədin türmə həyatının başlanğıcı idi. Dörd il davam edən həbsxana həyatı olduqca ağır keçmiş, qonşu təəssübü çəkən bu suçsuz, bəxti gətirməyən insanın ömrünü qaraltmışdı. Bitib tükənməyən, dərdlə dolu uzun gecələri fikir-xəyalla, arzu-ümidlə səhərə daşıyırdı. Yaddaşının təmiz qatında qalan ailə həyatı, adına güldən ağır söz deyilməsıni istəməyən, bu üzdən hər addımına fikir verən ömür-gün yoldaşı Yetər, körpə qızı Xoşbəxt, onların gələcək taleyihaqqındadüşünürdü, bu zavallıları xoşbəxt edə bilmədiyi üçün yanıb-yaxılırdı. Özünü yalnız bu üzdən günahkar sayırdı. İlk dəfə tutulanda beşaylıq olan, doyunca baxıb sevinə bilmədiyi balasının böyüyüb həkim olmasını istəyirdi. Cəza çəkdiyi müddətdə vaxtı ötürüb, günü sovurmağın çəmini tapmaq əlçatmaz arzularından idi. Heyhat… Bu illər ərzində zaman nələrisə dəyişə bilmişdimi? İçindəki ağrı-acı necə var, elə də qalmışdı. Olub-keçənləri tez-tez göz önünə gətirirdi, özünə haqq qazandırır, bəraət verirdi.

Əgər yenə də belə bir namussuzluğun şahidi olsaydı, dayanmazdı. Əvvəlki illərin, erkən gəncliyinin gücü, qüvvəsi azalsa da, yenə yumruğunu işə salardı. Göründüyü kimi, F.Balabəylinin yozumunda onun qəhrəmanı bu məziyyətlərə sahibdir. Doğmalarından ayrı düşən Məmməd hər şeyə rəğmən, ürəyi aparan səmtə getmiş, haqqın-ədalətin tərəfində, namusun keşiyində durmuşdu. Az sonra üzünə gün doğmuşdu. Əfv olunub ailəsinə qayıtsa da, çox keçmədən işlədiyi müəssisədə baş vermiş oğurluğun ağrısını çəkməli olmuşdu. Hər dəfə düşünürdü ki, “indi neyləmişəm axı? Niyə qoymurlar hamballıq eləyim, yaşayım tək balam üçün? Bunların balası yoxdur görən?” Və təkrarən düz dörd il ağır, bağlı qapılar, hündür, qalın divarlar arxasında, tikanlı məftillərlə dövrələnən “qazamat”da can çürütmüşdü. Bu obrazla bağlı düşünərkən F.Balabəylinin bir şeirini xatırladım: Mən həbsxana həyatına öyrəşə bilmədim, Çırpındım qəfəsdəki quştək. Hər gecə bir şirin yuxu arzuladım, Gözlədim bayquştək. Torağaylar kimi Yuvamda qalan balamı arzuladım, Yolumu gözləməkdən Gözləri çuxura düşən Anamı arzuladım. Mən yaşamaq istədim, “Həyat gözəldir” dedim! Sanki Məmmədin acınacaqlı taleyindən bəhs edilib bu şeirdə.Yazıçının bəzən bu qaranlıq dünyanın insanlarına, həyatın ağır yükü altında qalanlara hüsn-rəğbəti, xoş münasibəti də duyulur. O, məhbəs həyatı yaşayanların müəyyən qisminin məhz şər-böhtana düşdüyünü, heysiyyətinin, mənliyinin aşağılandığını ön plana çəkir. Müəllif öz qəhrəmanlarını cinayət aləminin təmsilçiləri kimi görmək istəmir, ədalətsizliklə üz-üzə qalan, necə deyərlər, fələyin badına gedən dustaqlara, onların lənətlənmiş həyatına ürək ağrısı, mərhəmət hissi, ən əsası isə dərin anlayışla yanaşır. Müəllif bu qəbildən olanların yuvarlandığı bəla bataqlığından çıxacağına inanır, ümid bəsləyir. Məhbusluğun acılarını yaşayanların vahimə yaradan bağlı qapılarının tezliklə açılmasını, onların öz ailəsinə, sağlam həyata qayıtmasını, doğmalarına qovuşmasını və cəmiyyətin bu insanları qəbul etməsini arzulayır Faiq Balabəyli…Onun başqa bir şeirinə də nəzər salaq: Axşamkı yağışdan sonra anamın fikri iki, gözləri dörd olacaq. Aranı dağa daşıyacaq, dağı arana… Hər yağış yağanda bayıra çıxacaq isti otaqdan. İslanacaq və elə zənn edəcək ki, dustaq oğlu kimi durub yağışın altında… Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin fikrincə, “bu kitabdakı povest və hekayələrin qəhrəmanları həyatın ən ağır sınaqlarından keçən, gah dəyişən, gah uyğunlaşan, gah mübarizə aparan insanlar olsalar da, buradakı əsərlərin ümumi ab-havasında bədbinlik yoxdur. Faiq qara, boz rənglərlə işləyə bilmir. Ən ağır situasiyada olan insanların həyatının təsvirində də, yazıçı işıq xəttini tərk eləmir. Əsərlərin dili, bədii təsvirlər oxucuya mənfi enerji ötürüb, onu daxili depressiyalara, gərginliklərə salmır, əksinə mübarizə aparmağa, təslim olmamağa səsləyir…” Yazıçının əsərdə təqdim etdiyi digər surətlər də müsbət və mənfi cəhətləri, səciyyəvi xüsusiyyətləri ilə yadda qalır. Yetər, Xoşbəxt, Sənəm, Xalid, Cəlal, Ağamirzə, Rəhim, Konvoy, Sürtük, Sallax… obrazları bu qəbildəndir. Kriminal aləmi olduğu kimi, bütün çılpaqlığı ilə əks etdirən povestdə dustaqların danışığındakı jarqonlardan gen-bol istifadə edilməsi əsərə rəngarənglik gətirmişdir. Doğrudan da, “Lənətlənmiş həyat” povesti hisslərə, duyğulara birbaşa təsir edən əsər kimi maraq doğurur və oxucunu düşündürür.Qoy insan ruhundakı ədalət ehtiyacını həyatın burulğanlarından bəhs edən yazıçı qələminin yaratdığı gerçəkliklər, gözəlliklər qarşılasın.Qəlb ovunduran lirik şeirlərindəki kimi səmimi, insanpərvər olan qələm dostumuz Faiq Balabəyliyə bu yolda uğurlar diləyirəm.

Zemfira Məhərrəmli,

yazıçı-publisist

Share: