“Biz daha çox gəncləri işə götürməyə üstünlük veririk. Ən çox da məzunlara diqqət ayırırıq”.
Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün keçirilən İllik İnnovasiya Sammitində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
B.Aslanbəylinin sözlərinə görə, savadlı insanları əməkdaşlığa cəlb etməklə bağlı müəyyən stereotiplər formalaşıb:
“Hesab edirəm ki, enerji şirkəti öz üzərinə bir sıra öhdəliklər götürməlidir. Məsələn, bp olaraq biz 2050-ci ilə qədər “sıfır karbon” siyasətini həyata keçirməyi, məlumatları “bulud” sisteminə yükləməyi öz üzərimizə götürmüşük. Düşünürəm ki, bu gün gənc nəslin savadı, biliyi yaşlı mühəndislərin təcrübəsi ilə birləşməlidir. Belə olan halda daha yaxşı nəticə ortaya qoyula bilər”.
bp rəsmisi yeni açılışı olan platformanın istehsalın artımına təsirsiz ötüşməyəcəyinə də diqqət çəkib:
“Hasilatın artımı gəlirin çoxalması deməkdir. Bu vəsaitin bir hissəsini isə yenidən dekarbonizasiyaya yatıra bilərik”.
Könül Cəfərli