15 oktyabr 2003-cü ildə İlham Əliyevin prezident seçkilərində parlaq qələbəsi ilə Azərbaycan tarixinin inkişaf, tərəqqi və möhtəşəm zəfərlərlə zəngin yeni mərhələsinin əsası qoyuldu. Bu tarixi hadisənin 19-cu ili ölkə mətbuatının diqqət mərkəzində oldu, nüfuzlu qəzetlər bu gün münasibəti ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın bu dövr ərzində keçdiyi inkişaf yoluna redaksiya məqalələri həsr etdilər. Ənənəvi sovet qəzetçiliyi tərzini israrla davam etdirməkdə olan parlamentin orqanı – “Azərbaycan” qəzeti isə 15 oktyabr tarixli sayı başqalarından fərqli olaraq daha böyük həcmdə 24 səhifə çıxdı. Kaş ki, bu həcm göstəricisi həcv göstəricisi olmayaydı. Kaş ki, qəzetdə yer alan rəsmi şəxslərin məqalələri və ya onların imzası ilə verilmiş yazılar qalib ölkənin rəhbərinin adına layiq olaydı. Amma olmadı… Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin hamısı ucdantutma plagiat, oğurluq çıxdı”.
Bu barədə Konkret.az-ın Analitik Qrupunun dərc etdiyi araşdırma yazıda bildirilir. Həmin yazını əlavə şərh vermədən oxuculara təqdim edirik:
“Elə məqalələr var ki, beşinci dəfədir ki, müxtəlif başlıq altında və ya müxtəlif şəxslərin imzası ilə təzədən çap olunur. Elə məqalələr var ki, birinci cümləsini axtarışa verəndə hətta 10 il bundan qabaq hansısa qəzetdə dərc olunmuş yazılar çıxır. Budurmu rəsmi dövlət qəzetinin dövlət başçısına münasibəti? Prezident İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətləri haqqında “Azərbaycan” qəzeti yazmağa yeni söz tapmır? XXI əsrdə sovet düşüncəli qəzet buraxmağa davam edən, 20 ilin əbədi baş redaktoru Bəxtiyar Sadıqovun sözümü qurtarıb? Bəs dövlətin böyük məmurları bu plagiata, bu oğurluğa, başqalarının intellektual əməyinin öz adlarına çıxılmasına niyə razı olublar? Bəlkə elə bilirsiniz palaz boyda yazıları heç kim oxumayacaq? Yanılırsınız! Cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın adı keçən bütün yazdıqlarınızı, yazdırdıqlarınızı oxuduq, təhlil etdik, müəllif hüquqlarını ayaqlar altına atan tavtologiyanızdan utandıq. Və haqlı olaraq bir sual vermək istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?
Qəzetin bütöv 7-ci səhifəsini tutan Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin “Azərbaycanı xoş gələcəyə aparan komandan” məqaləsinin təhlilinə keçək; məqalənin giriş hissəsində yer alan Hegeldən gətirilmiş gurultulu sitatı axtarışa verdik, nəticədə “Kaspi” qəzetinin 12 dekabr 2017-ci il sayında dərc olunmuş “Tarix yazan qüdrətli şəxsiyyət” sərlövhəli ulu öndərin anım günündə yazılmış məqalə tapıldı.Yazının 3-cü abzasını axtarışa verdikdə isə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020 tarixili sayında çap olunmuş “Müstəqil və qüdrətli Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır” sərlövhəli fərqli müəllifin məqaləsi çıxır .
Axtarışlara davam edib sonrakı abzasa keçdikdə isə “Xalq qəzeti”ndə keçən ilin dekabrın 26-da “Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və qalib xalq” sərlövhəli müəllif məqaləsinin bütün cümlələri peyda olur. Başdan-ayağa hibrid məhsul olan vitse-spiker adından verilmiş yazının sonrakı hissələrini oxumağa vaxt itirmək isməsək də, maraq üçün yazının ortasından bir cümlə götürüb axtarışa verdik ki, məqalədə heç olmasa çalaq edilməmiş nəsə tapaq, amma bu dəfə də bəxtimiz gətirmədi. Sən demə, “Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir” – cümləsini Fəzail müəllimdən qabaq onun digər tarixçi deputat həmkarı Elman Nəsirov yazıbmış. Özü də Elman müəllim də bu məqaləsini fərqli başlıqlarla ayrı-ayrı vaxtlarda iki dəfə çap etdiribmiş, birinci dəfə Yeni Azərbaycan Partiyasının rəsmi saytında 10 noyabr, 2021-ci il tarixində, ikinci dəfə isə 11 aprel 2022-ci il tarixində APA-dakı bloqunda .
Keçirik qəzetin bütün 6-cı səfihəsini tutmuş Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədovun “2003-cü ildən başlayan yüksəliş və zəfər yolu” məqaləsinə. Heç uzağa getmədən təkcə yazının birinci cümləsini axtaranda elə Əli müəllimin ötən il “Azərbaycan” qəzetində dərc olunmuş “Böyük siyasətin möhtəşəm zəfəri” başlıqlı məqaləsi çıxır, bir az da axtarışı dərinləşdirəndə “Yeni Azərbaycan” qəzetinin 24.12.2020-ci il tarixli sayında işıq üzü görmüş “Müzəffər sərkərdə və onun şanlı zəfəri” sərlövhəli digər bir yazı çıxır, insafən deyək ki, onun da müəllifi elə Əli müəllim özüdür.
Sonrakı axtarışlarımızda isə məqalədə yer alan fikirlər özünün ilk ünvanına 22 dekabr 2021-ci ilə istiqamətlənir, daha dorğusu, “Qalib ölkənin və qəhrəman xalqın lideri” məqaləsinə. Təbii sual yaranır, cənab Prezidentin fəaliyyəti ilə bağlı eyni fikirlərin fərqli başlıqlar altında və təkrar-təkrar tirajlanmasına nə ehtiyac var? Yəni deməyə sözünüz yoxdursa, bəlkə yazı yazmağı jurnalistlərin öhdəsinə buraxasınız?
Qudası Əli Həsənovun vaxtından bəri ürək dostu Bəxtiyar Sadıqovun iyirmi ildir özəlləşdirdiyi qəzetində daimi publisist obrazında peyda olan Həmkarlar İttifaqları Konfederasiyasının əbədi sədri Səttar Möhbalıyev imzası ilə dərc olunmuş “Qüdrətli, qətiyyətli, qurucu lider” məqaləsi isə təkcə qəzetin bütün 9-cu səhifəsini tutmasına görə deyil, plagiat faizinə görə müəllif hüquqlarına dair dərsliklərə düşəcək bir “əsərdir”.
Məqalə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytında yerləşdirilmiş “Tarixin ən qüdrətli Azərbaycanı: Heydər Əliyevdən İlham Əliyevə”, “Yeni Azərbaycan”, “İki sahil” qəzetlərinin 23 dekabr 2021-ci il tarixli sayında çap olunmuş YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirovun “Qalib və qurucu lider” yazısının və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun keçən il elə “Azərbaycan” qəzetində dərc olunmuş “Müzəffər Komandan, Qüdrətli, Qurucu Lider” başlıqlı müsahibəsinin hibrididir. “Səttar Möhbalıyev” brendi arxasında gizlənmiş müəllifin yaradıcılığını daha ətraflı təhlil predmetinə çevirməyə hacət görmədik.
Beləliklə, təhlil predmetinə çevirdiyimiz yazıların sayını kifayət qədər uzatmaq olar. Amma biz tavtologiya həvəskarı deyilik. Utanmaq üçün elə bunlar da yetər! Hamıdan çox isə sözü də, özü də tükənmiş, Ramiz Mehdiyev dövrünün zərbəçi-mirzəsi Bəxtiyar Sadıqov utanmalıdır. Qalib ölkənin dövlət başçısına belə “ayı xidməti” elə xəyanətə bərabər deyilmi? Və yazımızın əvvəlində verdiyimiz sualı bir daha təkrarlamaq istəyirik – Azərbaycan dövlətinə belə qəzet lazımdırmı?”
Qeyd edək ki, Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinə 20 ildən artıqdır ki, rəhbərlik edir.
“Qafqazinfo”