Bəxtiyar Vahabzadə ev dustağı edilmişdi – Esmira

Müstəqil.Az  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Filologiya uzre felsefe doktoru,dosent Esmira Fuad ilə Güney ədəbiyyatımız haqda müsahibəni təqdim edir.

 

– Esmira xanım, illərdir güney ədəbiyyatımızın tədqiqi ilə məşğulsunuz, güneyli soydaşlarımızın yaradıcılığı nə yerdədir?

 

– Çağdaş dövrdə Güney Azərbaycanda yazar soydaşlarımız möhtəşəm bir ədəbiyyat yaratmaqdadırlar. Poeziya, nəsr və dram janrlarında, eləcə də ədəbi tənqid sahəsində maraqlı, dərin məzmunlu əsərlər yazılır. Ancaq təbii ki, ənənəvi olaraq burada ədəbiyyatın poeziya qolu daha dinamik, sürətlə inkişaf etməkdədir. Güney Azərbaycanda çağdaş ədəbiyyatın təməlçiləri arasında Həbib Sahir, Şəhriyar, Səhər xanım Rəiszadə, Əlirza Nabdil Oxtay, Rza Bərahəni, Qulamhüseyn Saidinin və b. açdığı cığırla artıq formalaşmış yeni yazarlar nəsli özlərinəxas addımlarla irəliləməkdədirlər.

 

Onlar daha çox ənənəvi şeirdən, qəlib və vəznlərdən qoparaq yeni, modern bir ədəbiyyat – poeziya və nəsr əsərləri yaradırlar. Bu poetik hərəkatı yaradanlar sırasında ilk öncələr Əli Daşqın, İsmayıl Ülkər, Hüseyn Süleymanoğlu, Mir Cəlil Hüseyni, Bəx­tiyar Muğanoğlu, Ədalət Duman, Huşəng Cəfəri, Rəsul Qədiri, Şərifə Cəfəri, Nigar Xiyavi, Nasir Merqatı, Nadir Əzhəri, Əziz Səlami, Məhəmmədrza Ləvayi, Atilla Maralanlı, Lalə Cavanşir, Kiyan Xiyav, Hadi Qaraçay, Səid Muğanlı və başqaları var.

 

Nəsrdə, xüsusilə öykü janrında özəl ifadə tərzi, təhkiyə ba­carığı sərgiləyən yazarlardan Nasir Mənzuri, Eyvaz Taha, Ruqəyyə Kəbiri, Kiyan Xiyav, Həmid Arğış, Araz Əhmədoğlu, Murtuza Məcidfər, Məlihə Əzizpur, Ruqəyyə Səfəri, Vali Gözətən,Toğrul Atabay, Saleh Ətayi, Məmmədrza Təbrizlinin əsərləri mövzu müxtəlifliyi ilə seçilir. Məhz bu yazarların sayəsində qloballaşma və Qərbə – Avropaya inteqrasiya dövründə çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub saxlayır.

– Cənublu soydaşlarımız əsasən sərbəst vəznə, ağ şeirə, postmodernizmə köklənmiş kimi görünürlər. Bu, görüntü olaraq belədir, yoxsa ənənəvi poeziyadan doğrudan da uzaqlaşırlar?

 

– Bu, təbii ki, günümüzün qaçılmaz gerçəyidir. Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə İnqilabı dövründən etibarən başlamışdı. XX əsrin əvvəllərində hələ 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş modernləşmə prosesinin önündə məhz mücadiləçi şair və fəal ictimai xadim Mirzə Tağı xan Rüfət gəlirdi. İran və Güney Azərbaycan ədəbiyyatında sərbəst, yeni, modern şeirin təməlini qoymuş Tağı xan Rüfət əqidədaşı Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə aparmış və hər şeyini-sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi yolunda qurban vermişdi.

 

Qərbyönümlü Azərbaycan ədəbiyyatı əsasən Rusiyanın Qafqaza gəlişi və yurdumuzu istila etməsi ilə gəlişməyə başlayıb. XIX əsrdən etibarən aparılan Rus istilası, Rusiya-İran müharibələri və 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsi sonucunda vahid Azərbaycan ədəbiyyatı da iki qola ayrılır. Nəticədə Quzey Azərbaycanda rus ədəbiyyatının təsiri ilə çağdaş dövrün özəlliklərini, problem və çətinliklərini özündə yansıdan yeni ədəbiyyat formalaşmağa başladığı halda, Güney Azərbaycanda ədəbiyyat klassik ənənələr içərisində getdikcə sönükləşərək təqlid və nəzirə ədəbiyyatına çevrilir.

 

1940-cı illərdən, özəlliklə 21 Azər hərəkatının qələbəsindən və Təbrizdə qurulan Milli Hökumətin yaratdığı geniş imkanlardan sonra nəsr, teatr, uşaq ədəbiyyatı, elmi-tədqiqat, ədəbi tənqid, tərcümə işi və s. sahələrdə yeni-yeni əsərlər yazılmasına və böyük tirajla nəşr olunmasına baxmayaraq, Güney Azərbaycan ədəbiyyatında modernləşmə prosesi poeziya sahəsində daha çox inkişaf edib.

 

– Birbaşa cənubla bağlı tədqiqat aparan mütəxəssislərimiz azlıq təşkil edir, səbəb nədir?

 

– Bunun səbəbləri çoxdur. Bəzi tənqidçilər müəyyən mövqe sahibi olan, yaxud böyük vəzifə daşıyan qələm sahiblərindən yazmağa, əsərlərini araşdırmağa üstünlük verirlər. Məncə, Arazın o tayındakı möhtəşəm ədəbiyyatın tədqiqatçılarının sayının az olmasının bir səbəbi budur.

 

– Zaman-zaman fars üsul-idarəsinin türklərin səsini boğmasından bəhs olunur, bu, doğrudurmu?

 

– XIX əsrin əvəllərindən başlanan Bütöv Azərbaycanın parçalanması siyasəti XX əsrin I rübündə pik nöqtəyə çatdı. Küçələrdə belə Azərbaycan türkcəsində danışmaq yasaqlandı, nəinki məktəblərdə tədrisi və ana dilində kitab çapı… Anadilli ədəbiyyat nümunələri, kitablar insafsızcasına Təbrizin baş meydanında tonqallarda yandırıldı. S.Vurğunun 1947-ci ildə yazdığı “Yandırılan kitablar” təsadüf sonucu olaraq yaranmayıb axı! Eləcə də M.Ə.Harayın “Yandırılan sazlar” poeması… Bu siyasət Şahlıq dönəmində illər boyu güneyli soydaşlarımızı ruhən sarsıdıb, yaradıcılıq imkanlarını boğub, içindəki qəzəb hisslərini coşdurub. Bu azmış kimi, İranda yasaq və basqılarla qarşı-qarşıya olan türk milli musiqi alətləri saz və tar da İran İslam İnqilabından sonra daha böyük basqılara məruz qalmış və qəti olaraq qadağan olunub. 1987-ci ildə yeni İran hökumətinin səlahiyyətliləri saz və tarların toplanaraq yandırılmasına qərar verirlər. Bu dəhşətli hadisənin şahidi olmuş şair Manuçöhr İslamoğlu Əzizi Haray sazları obrazlaşdıraraq ”Yandırılan sazlar“ adlı bu məşhur poemasını yazmış və həmin hadisəni həm də, bir növ, sənədləşdirmişdi. Son dönəmlərdə bu yöndə bəzi yumşalmalar var, türkcənin tədrisi ilə ilgili müəyyən addımlar atılır.

 

– Yəni hər kəs özünü ifadə etməkdə sərbəst deyilmi?

 

– Mən yazılarımda, tədbirlərdəki çıxışlarımda bu fikri dönə-dönə vurğulayıram ki, güney yazarları sənət, ədəbiyyat dünyasına boyunlarında ağ kəfənlə gəlirlər, cəsarətlə, əzm və dönməz iradə, yüksək amallarla… Azad söz demək, düşündüklərini açıq-açıq yazmaq onların nə vaxtsa dəmir barmaqlıqlar arxasına salınması, cəzalandırılması, hətta qadınların belə dar ağacından asılması ilə nəticələnir. Amma onlar yenə də yazır, mücadilə, mübarizə meydanlarından çəkilmirlər.

 

– Bizdə, Quzeydə vəziyyət necədir? Oxucular cənub həsrətli yazılara necə reaksiya verirlər?

 

– Quzeydə durum fərqli olub, yazmaq sərbəstliyi, doğma ana dilində fikirlərin ifadəsi rəsmi olaraq qadağan olunmayıb. Düzdür, Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazandan sonra ev dustağı edildi, ADU-da işindən uzaqlaşdırıldı. İsa Muğanna layiq olduğu qiyməti ala bilmədi, Məmməd Araz ömürlük sağlam həyatı ilə vidalaşdı… Ramiz Rövşən Ramiz Rövşən olaraq qaldı və s. Amma bunlara rəğmən, söz sənəti dinamik sürətlə inkişaf etdi… Son illərdə, Azərbaycanımız tarixi müstəqilliyinə qovuşduqdan sonra isə yaradıcılıq üfüqləri daha da genişləndi. Yazar soydaşlarımıza çox geniş meydan verildi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına, ədəbiyyatşünas və tədqiqatçılara bu imkanı 2013-cü ildə instituta direktor təyin edilən akademik İsa Həbibbəyli yaratdı. Yaza bilən, araşdırma aparmaq səriştəsi olan hər bir əməkdaşın qarşısında özünüifadə üçün geniş üfüqlər açdı. 2016-cı ildə 13 illik zəhmətimin sonucu olaraq dörd kitabım – XX əsrdə Güney Azərbaycanda yaranmış poema örnəklərindən ibarət “Sözdən asılan arzular” adlı antologiyam, “Türkün ilk beşiyi, sevgi ocağı” adlandırdığım “Urmu şeir antologiyası”, “XX əsr Güney Azərbaycan epik şeiri” və “Güney Azərbaycanda çağdaş ədəbi proses” monoqrafiyalarım nəşr olundu, “Söz sərrafı Şəhriyar” monoqrafiyam isə Tehranda əski əlifbada nəşr olundu.

 

Tədqiqatçılar, ən peşəkar alimlər – Əzizxan Tanrıverdi, Vaqif Yusifli, Cavanşir Yusifli, Nizami Tağısoy, Səfurə Quliyeva, Məti Osmanoğlu, güneyli soydaşlarım Əli Daşqın, İsmayıl Ülkər, Rəsul Qədiri, Məhəmməd Rəhmanifər və başqaları mətbuatda və sanal dünyada çox yüksək dəyərləndirmələrə söykənən məqalələrlə çıxış etdilər. Amma bu fikirləri TV kanallarına şamil etmək mümkün deyil. Çünki TV kanallarımız xalqın zövqünü korlayan verilişlərlə, şou-biznes nümayəndələrinin reklamı ilə məşğuldur. Belə laqeydliklə hara gedirik, bax onu bilmirəm…

Halbuki “Bizi Qarabağa aparacaq ən qısa yol Təbrizdən keçir” demişdi Elçibəy! Milli mövqeyimizin, qayğı və problemlərimizin ifadə olunmasında ədəbiyyatımızın xüsusi rolu var. Bu rolu daha da genişləndirib gücləndirmək lazımdır. Haqq səsimizin dünyaya çatdırılması bu gün həyati önəm daşıyır. Bu yolda Azərbaycan Prezidenti cənab İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər müstəsna əhəmiyyət daşıyır.

Share: