Rövşən Yerfinin “Mənim gündəliklərim”in beşinci hissəsi
(1990-cı il, yanvar)
(I-III hissələr birlikdə: https://rovshenyerfi.wordpress.com/2018/01/23/rovsen-yerfi-menim-gundeliklerim-1987-1989-cu-iller/ )
(IV hissə: http://www.mustaqil.az/2018/03/11/gull%C9%99l%C9%99rin-s%C9%99si-h%C9%99yatin-sirinliyini-hamiya-xatirlatdi/ )
Saat 12-yə yaxın hərbçilər daha mitinqə gələnlərə müqavimət göstərməyib yoldan kənara çəkildilər. On ikidə matəm mitinqi başladı. Çixişlardan aydın oldu ki, dünən axşam saat səkkiz radələrində Dövlət Televiziyası və Radiosunun enerji bloku hərbçilər tərəfindən partladılıb. Moskva televiziyasının “Vremya” proqramında oxunan Bakıda Fövqəladə vəziyyətin elan olunması haqqında Qorbaçovun fərmanından isə xalq xəbərsiz qalıb. Gecə saat 12-də işğalçılar dörd istiqamətdə – Biləcəri, Aeroport, Zığ və Salyan yolu istiqamətlərində şəhərə soxulmuşlar. İşğalçılar qarşılarına çıxan kimliyindən asılı olmayaraq qadın, uşaq, qoca – hər vətəndaşa, şübhələndikləri hər nöqtəyə atəş açıblar. Ən çox insan tələfatı Biləcəri və Aeroporta gedən küçələrdə, prospektlərdə olub. Bu qansızlar bəzi hallarda güllələri hara gəldi atdıqlarından onlarla günahsızları – evində oturan, həyətində paltar asan, taksidə-avtobusda gedən adamları öldürmüşlər. Hətta “Təcili yardım” maşınlarını da güllə yağışına tutmuşlar.
Çıxış edənlərin arasında İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə danışdıqca kövrəlir, gözləri yaşara camaatı səbirli olmağa çağırırdılar. Onlar xəstəxanaların morqlarında olduqlarını, üstlərində 575, 576 nömrələri yazılmış ağır yaralananları gördüklərini dedilər. Ölənlərin əksəriyyəti beynəlxalq səviyyədə qadağan edilmiş güllə növü ilə – bədəndə gəzən güllə ilə vurulmuşdular.
Şəhid ailələrindən xahiş edildi ki, şəhidləri öz qəbiristanlıqlarında basdırmasınlar. Bu məsələ ilə bağlı dəfn komissiyası yaradılıb. Razılığa gəlinib ki, bütün şəhidləri Dağüstü parkda, 1918-ci ildə şəhid olanların sovet dövründə ləğv edilmiş məzarlıq yerində dəfn etsinlər. Hərbçilərin böyüyü ilə danışılıb ki, fövqəladə vəziyyət və komendant saatı rejimi olsa belə (saat 23.00-dan, 06.00-dək icazəsiz hərəkət qadağan idi) matəm mitinqləri keçirilərkən və şəhidlərin dəfn mərasimində əsgərlər camaata yaxınlaşmasınlar.
Səhər çağı günahsız insanların öldürülməsindən qəzəblənmiş Bəxtiyar Vahabzadənin generallardan birinin üzünə tüpürməsi, İskəndər Həmidovun isə SSRİ Daxili İşlər Naziri ilə görüşərkən əl uzatmaması günün ən çox danışılan söhbətlərindən oldu.
Matəm mitinqi 18.30-dək çəkdi. Bu qədər faciəni, kədəri duyandan, anlayandan sonra heç nə olmayıbmış kimi Əhmədlidə tək qala bilməzdim. İçərim sıxılırdı, danışmaq, daxilimi boşaltmaq istəyirdim. Ona görə də öz yerimə – 8-ci kilometrdə, Darvin küçəsindəki yataqxanama getdim.
Belə bir informasiyasızlıq dövründə, yəni qəzetin, radionun, televiziyanın fəaliyyəti olmadığı, hətta telefonun normal işləmədiyi zamanda xalqın yeganə pənahı, xəbər, təsəlli yeri “Azadlıq radiosu” – Mirzə Xəzərin səsi idi. Gün ərzində üç dəfə, ən çox isə axşam saat 8-də kimin radioqəbuledicisində qısa dalğa diapozonu vardısa, orada insanlar yığışıb birlikdə “səkkiz xəbərləri”nə qulaq asardılar. O günlərdə bütün xalq Mirzə Xəzəri dinləyirdi, çünki başqa məlumat mənbəyi yox idi.
O ağır günlər – xalq öz yiyəsizliyini, yetimliyini dərk edən günlər idi. Üstündən illər keçsə də, hər zaman həmin verilişləri xatırlayanda özümdən ixtiyarsız qəmlənirəm, Mirzə Xəzəri, jurmalist Elmira Əmrahqızını, radio ilə əlaqənin qurulmasına şərait yaratdığı üçün öldürülən rabitə əməkdaşını qəlbən minnətdarlıqla düşünürəm. Onlar həqiqətən çətin anların, dar günün qəhrəmanları idilər.
Yanvar faciəsindən əvvəl, 1989-cu ilin aprelində Tiflisdə mülki əhaliyə qarşı silahdan istifadə edilmiş, təqribən 20 adam həlak olmuşdu. İyirmi həlak olana görə bütün Gürcüstan hökuməti – Ali Sovet və Mərkəzi Komitə birlikdə istefa elan etmişdi. Qorbaçov məcbur olub gürcü xalqından üzr istəməli olmuşdu. Bu hadisədən sonra yanlış olaraq hamıda elə təsəvvür yaranmışdı ki, Qorbaçov etdiyi üzrxahlıqdan sonra öz vətəndaşlarına qarşı bir daha silah işlədilməsinə icazə verməz. Heç demə, o, kimin kim olduğunu yaxşı bilirmiş.
Bizdə isə yüzlərlə öldürülən və yaralanan olmasına baxmayaraq hakimiyyət elə bil ölmüşdü, yox kimi idi, hamısı evində gizlənmişdi. Əbdürrəhman Vəzirov faciə gecəsi deyilənə görə yeraltı yollarla Zabrat aeroportuna, oradan da Moskvaya qaçmışdı. Ardınca Ayaz Mütəllibovla Həsən Həsənov onun vəzifəsini tutmaq üçün Kremlə getmişdilər. Qalan hökumət üzvlərindən kiminsə istefaya getməsi, işindən çıxması – belə bir hal baş vermədi. Ziyalı deputatların tələbi və təşkilatçılığı ilə mövcud vəziyyətlə əlaqədar Ali Sovetin növbədənkənar sessiyası çağırıldı. Yetərsay olması üçün bir çox deputatları evinə zəng vurmaqla, evindən gətizdirməklə toplamaq mümkün oldu. 21 yanvarda axşamüstü başlayan fövqəladə sessiya bütün gecəni davam etmiş, işini səhər qurtarmışdı. Sessiya Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyəti fərmanının icrasının dayandırılması barəsində qərar qəbul etdi və qoşunların şəhərdən çıxarılması tələbini irəli sürdü. Qəbul edilən qərar, irəli sürülən tələb elə kağızda da qaldı…
Adamlar bu faciəyə qarşı ölkə səviyyəsində çıxış etmiş üç şəxsin – Heydər Əliyevin bəyanatı, Allahşükür Paşazadənin Qorbaçova məktubu və o zaman Ali Sovetin sədri işləyən Elmira Qafarovanın formal da olsa radio ilə təkrar-təkrar səsləndirilən bəyanatı ilə təsəlli tapdılar. Vəssalam.
Yanvarın 21-də növbəti dəfə Mərkəzi Komitənin qarşısında saat 12.30-dan, 16.00-dək davam edən matəm mitinqində oldum. Daha şəhərdə insanların güllə ilə vurulması hadisəsi baş vermirdi. Adamların danışdıqlarına görə hücum üçün istifadə edilmiş, Krasnodardan, Stavropoldan gətirilmiş ehtiyatda olan saqqallı erməni hərbçilər “tapşırığı uğurla” yerinə yetirdikləri üçün xarabalarına qaytarılmış, onların yerlərinə cavan əsgərlər gətirilmişdi. Bu əsgərlər dünənki azğınlardan fərqli olaraq adamların nifrət dolu baxışlarından sıxılırdılar. Elan olundu ki, sabah şəhidlərin cənazələri Azadlıq meydanına gətiriləcək, matəm mitinqindən sonra günorta vaxtı Dağüstü parkda dəfn ediləcəklər. Sabahadək yüzə yaxın şəhid üçün qəbir yeri hazır ediləcək.
22 yanvarda, təyin edilən saatda – saat 10.00-da özümü Azadlıq meydanına çatdırdım. Meydanın mərkəzində Leninin abidəsi ilə üzbəüz yerdə dayanmışdım. Əvvəllər ədəbi dərnəkdən tanıdığım Qismət Yunisoğlu ilə rastlaşdım və günü meydanda axşamadək onunla birgə keçirdim.
Cənazələri tribunanın önündə yan-yana düzdülər. Sayı altmışdan çox olardı. Hamısı qərənfillərə bürünmüşdü. İlhamla Fərizənin cənazələri ən öndə qoyulmuşdu. Şəhidlərin şəkillərinə baxdıqca adama elə gəlirdi ki, bu adamları haradasa görmüşəm, rastlaşmışam, hamısı doğma, tanış gəlirdi. Kövrəlməmək mümkün deyildi.
Tribunaya tanınmışlar yığılmışdı. İşğalçılara lənətlər deyildi, xalqa səbir diləndi, şəhidlərin ruhuna dualar oxundu. Meydana iynə atsaydın adam əlindən yerə düşməzdi. Hətta Hökumət evinin, yaxınlıqdakı binaların eyvanları, damları adamla dolu idi. Heç vaxt bu əraziyə bu qədər adam yığılmamışdı. Adamların sayı yüz minlərlə, bəlkə də milyona yaxın olardı.
Saat 1-də mitinq yekunlaşdı. Çıxış edənlərdən Nemət Pənahov meydandakılara məsləhət gördü ki, hamı Dağüstü parka getməsin, şəhidlərin ən yaxın adamları getsin. Bu qədər adam ora sığışmaz, qalan adamlar yaxşı olar ki, burada qalsınlar. “Dəfndən qayıdıb matəm mitinqimizi ardından davam etdirəcəyik.”
Yetmişədək cənazə xalqın çiyinlərində Azadlıq meydanından Neftçılər prospekti ilə Dağüstü parka tərəf yol aldı. Yolboyu onların arxasınca asfalta milyonlarla qərənfillər düzüldü. Dəfn zamanı isə dənizdə – Bakı buxtasını mühasirəyə alan onlarla gəmi uzun-uzadı fit verdi
Hər dəfə, elə bu gün də, o anlar həkk edilmiş kadrları görəndə qəmlənirəm, Allah baiskarlara lənət eyləsin düşünürəm…
Mən Qismətlə minlərlə başqaları kimi meydanda qaldıq. Saat 15.45-də dəfndən qayıdan mitinq iştirakçıları mitinqi 17.00-dək davam etdirdilər.
Məhz bu axşam yataqxanaya qayıdanda yadıma düşdü ki, bu neçə gündə Sabunçuda yaşayan qardaşıma zəng də olsa edib özüm haqqında xəbər deməmişəm. Artıq şəhər telefonu normallaşmağa başlamışdı. Qardaşım məni qınadıqdan sonra soruşdu ki, “heç olmasa kəndə, ataya zəng etmisən?”
-Necə edim, – soruşdum, – rayonlara ümumiyyətlə telefon işləmir…
-Heç olmasa, teleqram vur. Teleqram çatar.
Səhəri günü, 23 yanvarda günorta Mərkəzi poçtdan kəndə, atama teleqram vurdum: “Narahat olmayın, mən sağ və salamatam.”
Həqiqətən insan valideyn olmayanadək valideynin qədrini bilmir. Bu üç gündə ürək xəstəsi (ürəyi əməliyyat olunmuş) atam baş verən hadisələrə, yataqxanada qaldığım üçün həm də mənə görə nə qədər fikir-qəm çəkibmiş. Üzünü Baba dağına çevirib dua edərmiş ki, “özbaşına uşaqdı, qoşulub kimlərəsə güllə qabağına getməsin!”
24 yanvarda Boradigahdan olan otaq yoldaşımın arxasınca rayondan qardaşı gəlmişdi. “Adam belə vaxtda şəhərdə qalar? Onsuz da hər yerdə iş dayanıb. Yatmaqdısa gedək öz evimizdə qal,” – deyib onu da özü ilə rayona apardı.
Bu günlərdə rayonlara gedənlər çox idi. Mənim isə qarlı-şaxtalı yanvar günlərində kəndə getməyə heç həvəsim yox idi.
Yanvarın 26-da Şəhidlər Xiyabanında hansısa elmi-tədqiqat institutunun işçiləri – biri kişi, biri qadın olmaqla iki şəhid dəfn edildi. Onlar Bakıdan Sumqayıta minik maşınında gedirlərmiş. Ceyranbatan qəsəbəsinə az qalmış Sumqayıt istiqamətində kalonla gedən tanklardan biri qəfildən onların olduğu maşının üstündən keçib. Nəyə görə? Günahları nə olub? Buna vəhşilikdən qeyri bir ad vermək olmazdı.
Şəhidlərin dəfni zamanı çıxışlar oldu. Dəfndə böyük şairimiz Xəlil Rza da iştirak edirdi. Şair özünəməxsus alovlu çıxışı zamanı Qorbaçov üçün yazdığı şeirini də oxudu. Şeirində onu qatil, cəllad, qaniçən adlandırırdı. Həmin günlərdə dövlət başçısı haqqında belə şeir yazmaq, həmdə kütlə içərisində oxumaq adi iş deyildi, böyük cəsarət tələb edirdi. Bu, qəhrəmanlığa bərabər hərəkət idi. Ona görə də dəfn mərasimi bitən kimi onu KQB-nin işçiləri olan mülki geyimli iki nəfər qollarından tutub, UAZ maşınına oturtdular.
Xəlil Rzanı həbs edib Moskvadakı Lefortovo həbsxanasına göndərdilər. 20 yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Moskvaya gedən Etibar Məmmədovu və Rəhim Qazıyevi də onunla birgə bu həbsxanaya salmışdılar.
Təəssüf ki, nə uzaq xarici dövlətlərdə, nə də SSRİ-nin digər respublikalarında, şəhərlərində yaşayan tanınmış azərbaycanlılardan kimsə bu faciəyə qarşı etiraz səsini ucaltmadı. Hamı susmağa üstünlük verdi.
27 yanvarda qəzetlər yenidən nəşr edilməyə başladı. O zaman “Kommunist” qəzetinin əlavəsi sayılan “Səhər” qəzeti şəhidlərə həsr edilmişdi. Altı günlük mətbuat yoxluğundan sonra bu qəzeti hamı oxuyurdu. Axşam tərəfi televiziya da efirə buraxıldı. Saat 20.30-da Vəzirovun yerinə təyin olunan Ayaz Mütəllibov televiziyada çıxış etdi. O, çıxışında “həyat davam edir” cümləsini vurğulamaqla sanki, bildirmək istəyirdi ki, faciə olub da, neynək, ölənlərlə ölməyəcəyik ki…
Şəhidlərin yeddisi çıxanda saqqal saxlamaq istəməyib üzümü qırxdım. Dostum təklif etdi ki, gəl, xatirə üçün üzü tüklü şəkil çəkdirək. Ancaq gərək çəkdirməyəydik. Doğrudan da belə şəkil çəkdirən adama çox vaxt yenə yas qismət olurmuş. Bir neçə ay keçdi, əvvəl onun, sonra da mənim ailəmdə yas yaşandı.
Ara günlərdə olan mitinqlərdə bir çox adamlar, əsasən vəzifəsi olmayanlar törədilən faciəyə etirazlarını göstərmək üçün komsomol və partiya biletlərini toplum şəkildə od qalayıb yandırırdılar. Mən də onlara qoşulub komsomol biletimi yanan oda atdım. Onsuz da o biletin saxlamağımın heç bir əhəmiyyəti yox idi. Xalqının qətliamında payı olan bir partiyaya gələcəkdə heç vaxt üzv ola bilməzdim.
Yeri gəlmişkən o dövrdə kəndimizdə müəllim işləyən qardaşım Tahir Həsənli keçmiş Qonaqkənd rayonundakı kəndlər içərisində bəlkə də yeganə şəxs idi ki, Yanvar faciəsindən sonra ərizə yazıb kommunist partiyası üzvülüyündən imtina etmişdi. Sadəcə, təsadüf nəticəsində atam ərizəni rayon komitəsinə aparan partkoma yolda rast gəlmiş, ərizənin ünvanına çatmasına mane olubmuş. Atam 37-ci ilin dəhşətlərini gördüyündən ehtiyatlanıbmış. Üzərindən əlli ildən çox keçsə də, təkcə atamdan yox, xalqın böyük əksəriyyətindən repressiyaların xofu getməmişdi. Yaxın zamanlarda kommunist partiyasının və Sovet dövlətinin süqut edəcəyinə, xüsusilə yaşlı insanlar heç cürə inanmaq istəmirdilər.
30 yanvarda, çalışdığım qurumun nəhayət fəaliyyətinin bərpa olunduğunu eşidib işə getdim. Əksər təşkilat və müəssisələrdə isə ümumi tətil 2 martadək – şəhidlərin qırx günü mərasiminədək uzandı. Xalq dövlətə bundan başqa kütləvi etiraz formasını tapmadı…
(ardı olacaq)