Bəxtiyar Vahabzadənin poeması niyə qadağan olunmuşdu?

Bəxtiyar Vahabzadənin poeması niyə qadağan olunmuşdu?

Kulis.az Toğrul Dəmirlinin “Samizdat” adlı yeni yazısını təqdim edir.

Gizli yolla yayılan ədəbiyyat Sovet quruluşuna necə təsir göstərdi?

Sovetlər Birliyinin ideoloji əsaslarını qorumaq üçün tətbiq olunan üsullar arasında senzura önəmli yer tuturdu.

Kino, incəsənət, mətbuat, ədəbi əsərlər, bir sözlə ictimai şüura təsir edən nə varsa, ciddi nəzarət altında idi.

Sovet insanları ancaq senzura süzgəcindən keçən mətnləri oxuya, “yuxarı”nın bəyəndiyi kinolara baxa bilərdilər. Və bu çərçivələrdən yeni fenomen doğuldu. Onun adı “samizdat” (öznəşr – rusca samsebyaizdat sözünün qısaldılmış forması) idi.

Araşdırıcı Aleksandr Danielə görə, yazı makinaları əlçatan olandan sonra “samizdat” meydana gəldi.

Şeirlərini heç cür çap etdirə bilməyən rus şairi Nikolay Qlazkov 1944-cü ildə sözün əsl mənasında əldəqayırma kitab hazırladı və kitabın üz qapağına “öznəşr” yazdı.

1959-cu ildə isə Moskvada mərkəzi qəzetlərdən birində çalışan jurnalist Aleksandr Qinzburq adi makina ilə yasaq olunmuş şeirlərdən ibarət kitab hazırladı.

Beləliklə, bu yeni dalğa şeirlərlə başlandı. Rusiyada “samizdat” ilk dəfə Okudcavanın, Slutskinin, Yevtuşenkonun şeirlərini dövriyyəyə buraxdı.

Zamanla oxucular 20-ci əsrin ədəbi əsərlərindən (“Master və Marqarita, yaxud “Doktor Jivaqo”) ilk dəfə öznəşr sayəsində xəbər tutdular.

“Samizdat” xeyli romanlara, şeirlərə və mahnılara SSRİ-də geniş populyarlıq qazandırdı. Sovet insanları Soljenitsının, Zinovyevin və başqa dissidentlərin əsərləriylə tanış oldular.

Sosializmə yetişməyi xəyal edən zəhmətkeşlər Kafkanın, Oruellin əsərlərini, Kamyunun nobel nitqini, Ekzüperinin “Girova məktub”unu və digər onlarla yasaq ədəbi nümunələri oxudular…

Heminqueyin kitabı niyə qadağan olundu?

Amerikalı yazıçı “ideoloji cəhətdən düzgün” hesab olunurdu və əsərləri SSRİ-də dəfələrlə çap olunmuşdu.

Onun 1940-cı ildə yazdığı “Əcəl zəngi” romanı da ruscaya çevrilmiş və rəsmi qaydada çapa hazırlanırdı. Ancaq niyəsə roman dərc edilmədi… Bəs nə olmuşdu?

Arxiv sənədlərinə görə, mətn ixtisar edilərək “zərərli fikirlərdən” təmizlənmişdi. Ancaq bu variantda belə, senzura onu təhlükəli hesab eləmişdi.

Məşhur sovet jurnalisti Mixail Koltsovun prototipi olan Karkovun təsviri, eləcə də erotik səhnələr ideoloqların xoşuna gəlməmiş və kitabın çapı qadağan olunmuşdu.

Ancaq“Samizdat” sayəsində “Əcəl zəngi” – kütləvi olmasa da yayıldı və oxundu.

Gizli nəşrləri birinci dost-tanışlar, yaxınlar bir-birinə ötürürdü.

Söz yox ki, total nəzarət və cəza üsullarının olduğu ölkədə “samizdat” materiallarının geniş kütlələrə çıxışı məhdud idi.

“Samizdat”ın əsas alətlərindən biri yazı makinası idi: mətnlər yığılır, vərəqlər bir-birinə tikilir, surətçıxaran kağızların köməyi ilə “kitablar” çoxaldılır və əldən-ələ ötürülürdü.

Ancaq yazı makinaları KQB-nin uçotunda idi.

Başqa bir üsul da vardı: fotokopiya.

70-ci illərdə – həvəskar fotoqrafiyanın geniş yayıldığı dövrdə şəxsi ev fotolaboratoriyalarında mətnlər çəkilir və kopyalanırdı.

Yazı materiallarının fotokopiya ilə çoxaldılması baha başa gəlirdi.

Ona görə bu üsulla əsasən, nadir rəsmi nəşrlər, xarici moda jurnalları yayılırdı.

SSRİ-nin son dövrlərində isə müasir çap vasitələrindən istifadə olunmağa başlandı.

Azərbaycanda “Samizdat”

1920-ci illərdə gizli təşkilatlar sovet rejiminin işğalçı mahiyyətini ifşa edən bəyannamələr, vərəqələr yayırdı.

M.Ə.Rəsulzadənin 1923-cü ildə Türkiyədə nəşr etdiyi, sovet rejimi əleyhinə yazılar dərc edən “Yeni Qafqasiya” da (sonradan “Azəri Türk”, “Odlu Yurd”) gizli yollarla Azərbaycana gətirilir, əldən ələ ötürülürdü.

Zamanla Sovet rejimi total nəzarəti sərtləşdirdi. 1937-ci ildə baş verən repressiyalardan, tanınmış ziyalıların güllələnməsindən sonra gizli nəşrlərə fasilə verildi.

1940-1970-ci illərdə isə nəşr olunduqdan sonra satışdan yığışdırılmış və yayımı dayandırılmış kitabların surətlərini çıxarmağa başladılar.

Məsələn, akademik Heydər Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixi” kitabına əvvəlcə Stalin mükafatı verilsə də, sonra qadağan edilmişdi.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1960-cı ildə “Nuxa fəhləsi” qəzetində çap olunduqdan sonra qadağan edilmiş, bir də 16 il sonra, 1988-ci ildə “Gənclik” jurnalında dərc olunmuşdu. Xalq sevir, oxuyur, surətini əl ilə yazır, köçürür, əzbərləyirdi.

Sovetlərdə qadağan edilən xarici ədəbi və ya digər mətnlərin azərbaycan dilində gizli nəşri ilə bağlı nümunələrə rast gəlinmir.

KQB qanundankənar nəşrlərə olan tələbi cilovlamaq üçün tədbirlər görür, “sovet dövlətinə böhtan atmaq üçün samizdatdan istifadə edənlər”cinayət məsuliyyətinə cəlb edilir, onların təsirinə düşmüş şəxslərlə profilaktik söhbətlər aparılırdı.

Ancaq bütün bu və digər tədbirlər gizli çap işlərinin qarşısını ala bilmirdi. Üstəlik, “samizdat” imperiyanın son illərində daha səylə fəaliyyət göstərməyə başladı.

Yeri gəlmişkən, Sovet quruluşuna qarşı müxalif fikirlərin yaranması və inkişafında “samizdat”ın xüsusi rolu var.

Share: