Kulis.az Orxan Cuvarlının “Babam və avqust” adlı essesini təqdim edir.
“Sərinliyin yuxu kimi çəkildiyi bu şəhərdə ən uzun küçəydi avqust”
Avqust qüssə, həsrət, nisgil ayıdır.
Hər il bu vaxtlarda ürəyimdən daş sallanır. Avqustda qəribə boşluq, izahsız intizar, nigaranlıq içində oluram.
İllər əvvəl Qismətin bir yazısında avqustla bağlı yazdıqlarını xatırlayıram. Qismət yazırdı ki, avqust ayındakı kədər əslində yay kimi istirahəti yada salan fəslin, tətilin bitməsinə alt şüurumuzun reaksiyasıdır.
Avqust mənim üçün də kədərli aydır.
İnsan böyüdükcə kədəri, sarsıntını dərindən duyur, həssaslığını gizlədir, incikliklərini daha çətin üzə vurur. Fəqət uşaqlıq elə deyil. Travmalar, sonradan fikirləşdikcə adamın ürəyini sıxıb-sıxcalayan hadisələr o yaşda mahiyyətini tam dərk eləmədiyimiz şeylərdir.
Avqust mənim keçmişə qayıdışımdır.
Keçmiş, geridə qalanları xatırlamaq mənə ünvansız səyahət kimi görünür. Bu səyahətdə hansı stansiyada enəcəyimi dəqiq bilmirəm. Ən çox uşaqlığım üçün darıxıram. Uşaqlığım bu səyahətin ən ucqar, sonuncu stansiyasıdır. Özümü həmin stansiyada xəyal etməyə çalışıram. İlıq yay gecəsi, sərnişinsiz perron, arabir sağa-sola uçuşan ağ göyərçinlər…
Keçmiş məni yaddaşımın bataqlığına sarı dartır. Bu bataqlıqda adda-budda xatirələr, tanış-biliş adamlar gözümə dəyir. Ölüm-dirim mübarizəsi… Ölüm demişkən, haradasa oxumuşdum ki, avqust ürəyi zəif olanlar üçün ən təhlükəli ay hesab olunur. Bu ayda mənim də xeyli yaxınım dünyasını dəyişib. Babam da avqustda haqqa qovuşdu.
Babam serroz idi. O, altmışı haqlayanda geridə məhrumiyyətlərlə dolu uşaqlıq, ağrılı cavanlıq qoymuşdu. Həbsxana günləri, alkoqol düşkünlüyü, bir-birinə calanan siqaretlər, didərginlik babamı vaxtından əvvəl qocaltmışdı. Amansız yoxsulluqla keçən uzun, əzablı illər üzünün qırışlarında gizlənmişdi. Axır vaxtlarında xəstəliyi lap ağırlaşmışdı. Son günlərində heç nə qəbul edə bilmir, yediyini, içdiyini qaytarırdı.
Həkim babama sərt qadağalar qoymuşdu. Bu yasaqların içərisində ən dəhşətlisi “Alkoqola yaxın durma” cümləsiylə başlayırdı. Babam yaxşı bilirdi ki, bir gilə də içsə, öləcək. Bu son qurtum boynuna kəndir keçirən birinin axır məqamda ani toxunuşla ayaqlarının altındakı kətili itələməsinə bənzər olacaqdı.
Yəqin ki, xəstəlikdən idi, babamın istiyə zərrə qədər də tabı qalmamışdı. Babam həyətin qurtaracağında, gilas ağaclarının altında üzü dərəyə, gözəl bir mənzərəyə səmt miçətkən qurmuşdu. Evimizin astanasından hər ona sarı boylananda gümüşü saçları, əlinin bir hissəsi görünürdü.
Yanında balaca kətil vardı. Kətilin üstündə “Şirvan” siqareti, stəkan, kibrit qutusu, külqabı olurdu. Dəqiq yadımdadır, son zamanlarında yanına o vaxtlar üçün xeyli məşhur olan qırmızı maqnitafonlardan alıb qoydurmuşdu. Axşam maqnitafonu asta səslə qoşur, qulaq asırdı. O qırmızı qutudan ən çox “Şirin yuxun olaydım”ı eşidirdim. İslam Rzayevin həlim səsi uzaqda – limon sarısı zəmilərdə işləyən kombaynların səsinə qarışırdı.
1999-cu ilin bir avqust axşamı dumanlı şəkildə xatirimdədir. Avqustun sərin, payızı müjdələyən gecələrinin birində həyətdəki səs-küyə ayıldım. Bayır qapıdan gözlərimi ovuşdura-ovuşdura baxanda dayım babamın əllərini ovcuna sıxıb səssiz-səmirsiz ağlayırdı. Bizi qorxmayaq deyə yaxın buraxmadılar, səhərə qədər arxa otaqda qaldıq. Sonralar öyrəndim ki, babam həmin gün heç bir qadağaya məhəl qoymayıb.
İndi hər kəndimizə gedəndə həyətin o hissəsinə baxa bilmirəm. Gilas ağacları nə qədər böyüsə, budaqlanıb bəhər versə də, mənə elə gəlir ki, babamın miçətkəni hələ də ordadır.
Avqust babamın tütün iyi gələn dama-dama köynəyidir.
Avqust uşaqlığımdır.
Avqust babamın qanı çəkilmiş çöhrəsi, batqın gözləri, gümüşü, seyrək saçlarıdır.
Avqust o gilas ağaclarının kölgəsidir.