İrəvan təkcə mükafatlandırma yeri deyil, həm də cəza və hesab məkanıdır. Bir vaxtlar öz xalqı tərəfindən I Qarabağ müharibəsinin qalib sərkərdələri cərgəsində yüksək titullara layiq görülənlər indi prokuror və hakimlərin sərt qərarları üz-üzədirlər. Şanlı Robespyeri silahdaşlarının icad etdiyi gilyotinə göndərən inqilabçılara görə, kürsüyə kimi qaldırmağın elə bir fərqi yoxdur, ya 16-cı Lüdovik olsun, ya da kralı taxtdan salan yakobinçilər, jirondistlər… Yetər ki, qladiatorların savaşı bitməsin. Çünki kütləni ehtizaza gətirən süngülərin bitməyən səsi və qan içində boğulan döyüşçülərin cansız bədənidir.
Qarabağ hərəkatının öncülləri memarı olduqları ideologiyanın və qurduqları hakimiyyətin qurbanlarına çevrilməkdə davam edirlər. Samvel Babayana 6 illik cəza hökmü oxunarkən ayaq səsləri Razdan meydanında çoxdan kəsilmiş kütlə heç nəyin fərqində deyildi. Axı bir vaxtlar böyük vətən uğrunda mübarizənin önündə gedən simalar əsl sitayiş ünvanı, səcdəgah qalasıydılar. İndi xəbər lentlərində sanki növbəti kriminal qaçaqmalçılıq hadisəsinin qarşısını alan rəşadətli hüquq-mühafizə orqanlarının son nəticəyə çatdırdıqları ədalət mühakiməsindən bəhs edilir və bununla da pərdə qapanır.
Halbuki Samvel Babayanın bulaşdığı “İqla” zenit-raket qurğusunun İrəvana gətirilməsi əməliyyatı, yaxud müxtəlif yollarla ölkənin dövriyyəsinə qatmağa çalışdığı milyonlarla avro dəyərində pul onun bir vaxtlar qoşulduğu millətlərarası savaş epopeyasının acı sonluğu idi. Kim bilir, keçmiş hərbi cinayətkarın qeyri-rəsmi həyata keçirdiyi silah və texnika alverinin hədəfi yenə də Azərbaycanmı olacaqdı. Lakin bir həqiqət inkarolunmazdır ki, əzəli səngər yoldaşları dinc dövrdə bir-birinin qəniminə çevrildiyi üçün belə bahalı sövdələşməni ifşa etmək mümkün olub. Hər halda Samvel Babayan Qarabağda uğurlu karyera qurub sonra güdaza verilənlərin kiçikçaplı nümayəndələrindən yalnız biridir. Ona qədər minlərlə azərbaycanlının qətli üzərindən keçərək siyasi hakimiyyətə sahib olan daha güclü simaların başları kütlələrin ayaqları altına düşüb.
Levon Ter-Petrosyan çeçen xalqını azadlıq mübarizəsinə qaldıran Cövhər Dudayevdən sonra böyük dünya həqiqətlərini dərk edəndə artıq iş-işdən keçmişdi. Qoca Şərqin elm dəhlizlərindən baş çıxarmağı bacaran erməni xalq hərəkatının başçısının 1997-ci ildə yazdığı “Hərb və sülh” əsəri bir çox cəhətlərinə görə böyük Fransa inqilabının liderlərinin etiraflarına bənzəyirdi. Saraylardan qaçan və varlı adamlara nifrət edən Robespyer sonra terrora-vətən xainlərinin kütləvi qətlinə fərman verəndə artıq öz ölümünü qazanmışdı. Ona görə də Ermənistanın siyasi səhnəsi son 20 ilin elitar razborkası şəraitində keçərkən heç kəs yerə salınan başların kimə məxsus olduğu ilə maraqlanmayıb. Çünki müharibədə sağ qalmaq uğrunda ölüm-dirim savaşı aparanların sülh dövründə düşmənə çevrilməsi həyatın əbədi qanunudur.
Yəqin, kimsə dərhal II Dünya müharibəsinin rəşadətli döyüş meydanlarından qalibiyyətlə keçən jukovları, rokosovskiləri və malinovskiləri sovet rəhbərlərinin necə əzdiyini xatırlayacaq və haradasa parallelər aparmağa çalışcaqlar. Lakin faşizmə qarşı müqəddəs davaya çıxanlarla məhəlli miqyasda qəsbkarlıq, sümürgənlik və işğalçılıq siyasəti yürüdənləri tarixin eyni tərəzisində çəkmək cinayət olardı. Ona görə də Ermənistan siyasi səhnəsi elə bil ki, makroskopik qaydada böyüdülmüş azğın döyüş səhnəsidir. Məgər Köçəryan, Ohanyan, Qukasyan və onlarla digər siyasi-hərbi generalın aqibəti Samvel Babayandan çoxmu fərqlidir?
Bir neçə gün öncə erməni kütləvi informasiya vasitələrində kəşfiyyat-diversiya qrupunun ilk rəhbərlərindən olan Vova Vardanovun o vaxtkı komandiri – indiki prezidenti Serj Sərkisyana qarşı necə kəskin ittihamlar yağdırdığının şahidi olduq. O, hərbi xidmətdə həyatını itirən əsgərlərin yarısına qədərinin qeyri-döyüş şəraitində öldüklərini vurğulayır, ordunu “bardak” adlandırırdı. Gerçəkdən də əgər generallar 90-cı illərin “müqəddəs yüksəklikləri” uğrunda deyil, imarətlərə və uca saraylara can atırsa, onda hansı əsgər-komandir birliyindən və ya döyüş qabiliyyətindən danışmaq olar?
Samvel Babayanın “hökmü”nü qara əbalı hakim korpusu deyil, apardığı qanlı savaşlarda qəddarlıqla məhv etdiyi minlərlə insanın taleyi verib. 1994-cü ilin fevral-mart aylarında Moskvada Paşa Qraçovun Azərbaycanı diz çökdürmək və kapitulyasiya aktını imzalatdırmaq üçün təşkil etdiyi absurd teatrında Samvel Babayanın hansı rolda çıxış etdiyini heç kəs unutmur. O, müharibə qəniməti kimi təkcə azərbaycanlıların varına sahib olmağı düşünmürdü, eləcə də özünü Sezar sayaraq prezidenti Arkadi Qukasyana silah qaldıranda cəngəllikdə “birinci adam” statusunun ona məxsus olduğunu göstərməyə çalışırdı. Axı gerçəkdən də özünün dediyi kimi, imperiyanın pəncəsindən qurtulmuşdusa, heç kəs ona bata bilməzdi. Hər halda “dəli Samvel” ləqəbini o, pozulmuş psixikasına görə deyil, ələkeçməzliyinə görə qazanmışdı. Karyerasının ən parlaq səhifəsini Çaykəndinin təmizlənməsi zamanı rusların apardıqları “həlqə” əməliyyatına qarşı üsyan qaldırmasını hesab edən və nəticədə tutulub Bayıl həbsxanasına gətirilməsini Kəlbəcər, Laçın, Cəbrayıl rayonlarını tutmasından daha üstün sayan adamı başa düşmək o qədər çətin deyil. Əgər vaxtilə Bakı məhbəsində onun dediyi kimi “amansız düşmən”in əlindən qurtulmasaydı, kim bilir, Qarabağda hadisələr hansı məcrada inkişaf edərdi.
İndi İrəvanda məhkəmə qarşısına bir milyon deyil, heç bir nəfərin də toplaşmadığı şəraitdə hərbi cani bütün döyüş yolunu gözləri qarşısında canlandırıb yəqin belə düşünür: Haaqa tribunalının deyil, xilasına çalışdığı və ərazicə böyük torpaqlara sahib etmək istədiyi millətinin susqunluğu, silahdaşlarının barıt yox, korrupsiya qoxuyan əlləri ilə yazılmış hökmü gətirib məhkəmədə oxuyanlar əzazildir, yoxsa Bayıl məhbəsinə Babayanı o vaxt yola salanlar?!
Zahid Oruc