Sahil qəsəbəsində yay bütün ehtişamı ilə gözlər önünə sərilmişdi. Beş əncir ağacı və onların yaxınında yerləşən, yarpaqlarının əl salladığı beş ev. Üçü böyük, dənizə enən yolun kənarında, ikisi böyük yoldan içəri qıvrılan kiçik yolun kənarında olsa da səs-küy bütün evlərdən eyni dərəcədə eşidilirdi.
Aprel ayından bağ mövsümü başlansa da burda bağ evi olanlar istədikləri vaxt bura gələr, yayın dadını çıxarmağa çalışardılar. Kimi tənha, kimi uşaqları, nəvələri ilə gələrdi. Apreldən oktyabra qədər evlər dolub-boşalardı. Qışda – noyabrdan aprelə qədər isə evlərin çox böyük əksəriyyəti yalnız qalar, rüzgarın, nadir hallarda yağan qarın gözəlliyini teleqraf tellərinə qonan quşlar, yaxınlıqdakı meşədə yaşayan donuzlar, pişiklər görərdi.
Son iki ildə vəziyyət dəyişmişdi. Dünyanı ağzına götürən Covid-19 xəstəliyi qələbəlik yerlərdə daha çox yayıldığından bağ evləri olan, işləməyən insanlar yay üçün tətilə gəldikləri bağ evlərində qışda da qalmağa davam etdilər. Beləcə beş ay baxımsız qalan – suvarılması təbiətin öhdəsinə qalan bağçalar sahibləri tərəfindən ilin bütün fəsillərində diqqət və qayğı ilə əhatə olunmuşdular. Bu səbəbdən Ege bölgəsində daha çox yayılan rəngarəng sarduniyalar, begonvillər əvvəlki illərə nisbətən daha çox böyüyüb nazla yırğalanaraq yoldan keçənləri salamlayırdılar. Həyətlərdən boylanan limon ağaclarının tünd rəngi meyvələrini gizlətsə də xəfif rüzgarda ağır-ağır yellənən meyvələr özlərini göstərib ağızları sulandırırdı.
Çox böyük olmayan, həyətdə çox yer tutmayan zeytun, üzüm, gilas, ərik ağaclarından fərqli olaraq böyüdükcə gövdələri böyüyən əncir ağacları həyətlərdən kənarda əkilmişdi. Bəlkə kimsə əkmişdi, bəlkə də təbii tozlanma nəticəsində özü çıxmışdı, kim bilir?! Bilinən o idi ki yoldan keçən uşaqlı-böyüklü hər kəs artıq yetişməkdə olan əncirlərin yanından etinasız keçmir, öncə baxışları, sonra ayaqları və daha sonra əlləri onlara tərəf can atırdı. Kimisi bircə dənə dərməklə kifayıtlənsə də başqa birisi əllərini, bir başqası hardansa çıxardığı torbalarını bu meyvə ilə doldururdu. Gedəndə isə gözləri ağaca baxa-baxa gedərdilər. Bəlkə də bu insan övladının xislətindən irəli gəlirdi – bəyəndiyindən doya bilməmək! İnsafən doyulası əncir də deyildi – sapsarı saralmış ənciri barmaqlarınla ortadan iki yerə böləndə barmaqların sanki bala batırdı.
Bu yol kənarında, bir-birinə yaxın əkilmiş beş ənciri kimin əkdiyini kimsənin bilmədiyi yaxında bağ evi olan hər kəsin – “atam əkib”, ‘əmim əkib’, “babam əkib’,” atamın Qazı Antepdən gələn dostu əkib” – deməklərindən aydın olurdu. Bunlar əsasən beş əncir ağacının yarpaqlarının əl salladığı beş evin sakinləri idilər ki, bunlardan biri də Aylin xanım idi.
Aylin xanım əri ilə birgə dincəldikləri bağ evinin həyətində oturar, bütün gün stol arxasında söhbət edər, arada-sırada gəlib ata-anasına baş çəkən oğlanlarını, gəlinlərini, nəvələrini, yaxınlıqda yaşayan bacısını böyük coşqu ilə qarşılar, süfrələrini qəhvə, müxtəlif məzələrlə doldurub şirin söhbətə girişərdilər. Olduqca mehriban olan Aylın xanımdan fərqli olaraq əri Yılmaz bəy son dərəcə soyuqqanlı idi. Kimsəni görmədiyini zənn etdiyin bu adam əslində hamıya gözaltı nəzər salıb kimin hara getdiyini, hardan, kimlə gəldiyini rahat hərəkətlərindən, kimsədən heç nə soruşmadığından aydın olurdu. Uzaqdan-uzağa əncir ağaclarını süzər, arada bir ətrafında dolanar, yetişib-yetişməməsi ilə maraqlanardı. Düz evinin qarşısındakı beşinci əncirin bağbanı bəlkə də o idi?! Kim bilir?!
Aylin xanımgilin evinin arxa tərəfindəki ev sanki diskoteka idi. Həm də gecə-gündüz işləyən diskoteka! Məhəllənin ən səsli-küylü evi bu idi. İlk baxışdan həyətdə gəzişən, xörək bişirən, bağçanı sulayan, kofe dəmləyən, yuyulmuş paltarları qurumaq üçün asan, ayağını ayağının üzərinə aşırıb əlindəki telefona baxan qadınlardan hansının bu evin sahibəsi olduğu bəlli olmurdu. Əslində isə bu ikiqatlı, iki pilləkənli evin sahibləri vəfat etmiş, onlardan sonra bu ev elə bu evin üç qızı və üç oğluna qalmışdı. Yuxarı-ikinci mərtəbə oğlanların, aşağı-birinci mərtəbə isə qızların arasında bölünmüşdü. Nəzərə alsaq ki, bu üç qızın və üç qardaşın uşaqları və nəvələri də var və bura sevə-sevə gəlirlər, o zaman evin qulaqlarının səs-küydən nə hala gəldiyini anlamaq çətin deyil.
Evdə adamın çox olmasına baxmayaraq qonaqlar da gələr, qələbəlik daha da artardı. Bəzən səs-küydən bezən qonşular öz aralarında şikayətlənsələr də diskoteka evin hər tərəfindən boylanan, qışqıran, qəhqəhə çəkən insanların mehribanlığına heyran qalardılar. Bu qədər qız – gəlinin olduğu yerdə iş görmək, yemək bişirmək, qəhvə, çay dəmləmək üstündə mübahisə yaranmırdı. Bu qədər uşaqların olduğu evdə oyun üstündə cığallıq edilmirdi, bu qədər kişinin olduğu yerdə manqalı qalamaq, evdə, həyətdə sınan, qırılan əşyanı təmir etmək üstündə narazılıq yaranmırdı. Hamı görüləcək olanı canla-başla yerinə yetirirdi. Gün ərzində dənizə gedən, qəhvə içən, uzaqda yerləşən bazara gedənlər axşam olunca həyətə yığışar, manqal yandırıb ətrini hər yana yayan kabablarını bişirər, kimisi manqal başında, kimisi üç addımlıqdakı stol başında qarınlarını doyurardular. Səslər bir-birinə qarışsa da xaos yaratmırdı. Qocaların, gənclərin və uşaqların səsi şirin su ilə duzlu su kimi bir-birinə qarışmırdı. Arada hansısa biri əncir ağaclarının yanına gəlib, atasının ya da qaynatasının əkdiyini düşündüyü əncirdən qoparıb, ortadan iki yerə bölüb yeyərdi…
Diskoteka evlə üzbəüzdəki evin balkonu küçədən yuxarıda olduğundan ordakıları görmək üçün başını yuxarı qaldırmalı olurdun. Bu dəfə də ağ begonvillər ev sahiblərini ‘gizlədırdilər”. Bir zamanlar müəllim və dövlət məmuru işlərində çalışan ər-arvadın varlıqları ilə yoxluqları çox vaxt bilinməzdi. Sakit səslə danışar, qazet oxuyardılar. Bəzən yelləncəkdə oturub yellənərək qəhvə içməkləri mehribanlıqlarından xəbər verirdi. Ailələri ilə yaşayan iki qızı ildə bir dəfə, on günlük ata-analarına baş çəkmək üçün gələr, dənizə gedər, çox zaman isə atalarına yeni alınmış telefonun funksiyalarını başa salardılar. Evin böyüyü Namiq bəy bəzən əncir ağaclarının ətrafına dolanar, iri və gur yarpaqları aralayıb meyvələrin yetişib yetişmədiyi ilə maraqlanardı. Bu vaxt o yarpaqları əzməkdən ehtiyat edər, qaldırdığı budaqları astaca yerinə qoyardı, sonra da onları balası kimi sığallayardı.
Dəniz sahilinə yüz əlli addım məsafədəki dördüncü evin yeni gələn sakinləri də yaşlı qoca ilə qarısı idilər ki, gəldikləri gündən günlərini evin balkonunda keçirdilər. Arabir evlərinin bağçasına enib pərpətöyün dərən qarı gəlmişkən bağçadakı az saylı çiçəkləri də sulayıb yenidən iki pilləli pilləkən ilə balkonlarına qalxıb xəstə olan, gəzmə əngəlli ərinin yanında oturardı. Yoldan keçənlərin beş əncir ağacına əl uzatmaları, bəzən yetişməniş meyvələri dərib yerə atmaqları, bəzən budaqları qırmaları ən çox onları qıcıqlandırar və başqa vaxt çıxmayan səslərinin ucalmasına səbəb olurdu. Beş əncir ağacını məhəllədə hamıdan çox qoruyan da onlar idi, əlləri hamıdan az çatan da. Xəstə yatağından belə qoruduğunu, insanların bu ağaclara yaxın belə getməsini istəmədiyini görənlər bu ağacların indi yatağından qalxa bilməyən Murad bəyin əkdiyini düşünürdülər.
– Yeməsinlər demirəm ki, hamı yesin, – desə də bircə əncir qoparana da acığı tutduğu ağacların yanında adam görən kimi uca səslə – Yetər! Yetər artıq! Gedin! – deməyindən bəlli idi.
…
Qarşı tərəfdəki torpaqlar dövlətin xəzinəsinə aid idi. Kol-kos, xırda ağaclar o qədər sıx idi ki arada bir gecələr ordan çıxıb sürü ilə yola yaxın gələn donuzların orda necə yaşadığına təəccüb qalmaya bilmirsən.
…
“- Gecələr pəncərədən çölə baxmağı çox sevirəm. Xüsusən sən öz məmləkətində – dənizin o biri sahilində olanda….
– Qarşı tərəfdəki səssizlik, ağaclıq, adamsızlıq səni qorxutmur?
– Qorxudur əslində. Amma nə edə bilərəm, pəncərələrim ora baxır-deyib əlinin içini qarşısında dayanan adamın əlinin içinə dayadı:
– Bəzən əllərimi pəncərənin şüşəsinə yapışdırıb şüşənin o biri tərəfində sənin əlinin olduğunu xəyal edirəm. Bəlkə də bu sən olmayan vaxtlarda əllərinin hərarətinin əllərimdə qalması ilə bağlı bir xəyaldı. Bəlkə də əllərini heç buraxmamaq arzumdandı, çünki əllərim əlində olanda ümidli və güvənli hiss edirəm özümü. Yuxularıma da ən çox əllərin gəlir, yellənərək mənimlə salamlaşır, sağollaşır əncir yarpağına bənzər əllərin…’
…
Beş barmağın simvolu olan beş əncir ağacının dənizə enən yolun sol kənarına əkilməsini kimsə görməmişdi. Bağ mövsümünün bitimindəmi, başlanğıcındamı əkildiyini bilən olmasa da bu növ əncirin dənizin ta o biri ucundakı məmləkətdən gəldiyi aşıkar idi. Və əncir ilk ‘əllərini’ – yarpaqlarını açdığı il dənizdə dalğalara təslim olan adamın cəsədinə baxanda əllərini əncir ağacının yarpağına bənzətmişdilər…
Gözlərində iki damla yaş pəncərə şüşəsinə əllərini qoyub əncir ağacının yarpaqlarının ona əl yelləməsinə baxırdı məhəllənin beşinci evinin tənha sakini ….