Bağçada uşaq döymək cinayətdir, məktəbdə yox?

Bağçada uşaq döymək cinayətdir, məktəbdə yox?

Bakının 9 və 117 nömrəli orta məktəblərində müəllimlərin şagirdlərə qarşı rəftarı hər kəsi narahat edir. Belə ki, 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi Leyla Əliyevanı isə fiziki tərbiyə müəllimi şagirdlərin gözü qarşısında başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Bu barədə şagirdin anası məlumat verib. 

9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Həmçinin, 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Yanvarın 13-də məsələ ilə bağlı öncə Daxili İşlər Nazirliyi açıqlama yayaraq görüntülərlə bağlı araşdırma aparıldığını bildirib. Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni nəzarətə götürdüklərini açıqlayıb. Son olaraq Təhsil Nazirliyi azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntünün ciddi şəkildə araşdırıldığı barədə məlumat yayıb.

Bu gün Təhsil Nazirliyi baş verən hadisə ilə bağlı bildirib ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Maraqlıdır ki, Təhsil Nazirliyinin tabeliyində olan orta məktəblərdə şagirdləri döyən müəllimlər barəsində yalnız intizam tədbiri seçilir, töhmət verilir, lakin yenə də Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən çıxarılır, barəsində polis tərəfindən təhqiqat aparılır. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllıdakı bu hadisə ilə bağlı araşdırmalara başladğını açıqlasa da, bundan bir neçə gün öncə orta məktəblərdə şagirdlərə qarşı baş verən zorakılıqla bağlı heç bir açıqlama verməmişdi. Sanki məktəblərdə fiziki işgəncələrə məruz qalan şagirdlər uşaq deyilmiş.

Bəs görəsən, qeyd etdiyimiz hadisələrə fərqli münasibət nə ilə bağlıdır? Nəyə görə şagirdləri döyən direktor və müəllim işdən çıxarılmır, onlarla bağlı müvafiq qurumlar araşdırma aparmır, yaxud bəyanat vermir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov cavablandırıb. O bildirib ki, dünyanın bir sıra ölkələrində zaman-zaman belə hadisələr olur:

“Əgər müəllim, yaxud direktor qanunu pozur və qanundan kənar hərəkət edirsə, bu şəxslər hüquq çərçivəsində cəzalandırılmalıdır. Əgər ortada fakt varsa, bu məsələ ilə bağlı icra hakimiyyəti, hüquq-mühafizə orqanları müvafiq tədbirlər görməlidir. Qanun pozuntusu varsa, onun əsasında müəllim cəzalandırılmalıdır. Son dövrdə belə məsələlər geniş müzakirə olunur. Əgər qanun pozuntusu varsa, bu məsələ ictimailəşdirilməlidir. Lakin valideynlərin həddən artıq məktəbə müdaxiləsi, hətta müəllimlərin şagird və ya valideyn tərəfindən cəzalandırılması təhsilimizə heç bir uğur gətirmir. Belə müzakirələr məktəbin müqəddəsliyinə xələl gətirir. Bunu nəzərə almaq lazımdır. Qanun pozuntusu varsa, mütləq cəza da olmalıdır. Lakin yerli-yersiz valideyn müdaxiləsi, hansısa qeyri-dəqiq faktın işıqlandırılması cəmiyyətdə müəllimin nüfuzuna ciddi xələl gətirir. Bu məqamı nəzərə almalıyıq. Bu məsələlərlə bağlı Təhsil Nazirliyi və hüquq-mühafizə orqanları lazımi addımlar atmaqla həll edə bilər. Sovet dövründə də bir sıra hallarda müəllimlər şagirdləri tənbeh edib. Lakin əgər müəllim şagirdin başını divara vurub və ona xətər yetiribsə, bu, hüquq-mühafizə orqanları tərəfindən təsdiqini tapıbsa, mütləq cəza tətbiqi həyata keçirilməlidir. Əgər bu olmazsa, valideyn daha yuxarı instansiyalara müraciət edə bilər. Valideyn bu məsələnin hüquqi müstəvidə həllinə çalışmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirdi ki, komitə ümumi qaydada daha ağır zorakılıq hadisələri zamanı xüsusi bəyanat verir:

“Məktəblərdə baş verən zorakılıq aktları yolverilməzdir. Biz komitə olaraq məsələyə bu prinsiplə yanaşırıq. Komitəyə daxil olan və mətbuatda işılandırılan bütün məsələlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əlaqə saxlayır. İstənilən faktla bağlı yerli icra hakimiyyətlərinə, məktəblərə müraciət edilib. Uşağa qarşı zorakılıqla bağlı yerli icra hakimiyyətində yaradılan komissiya var. Bu komissiyanın tərkibində 11 dövlət qurumu birləşib. Bu təsisat vasitəsilə hər bir dövlət qurumu fəaliyyət göstərir. Komitə uşağın ümdə marağını nəzərə almaqla fəaliyyətini tənzimləyir. Müvafiq faktlarla bağlı müraciətlər edilib. Belə hallarda aidiyyəti qurumlarla bağlı birbaşa əməkdaşlıq edirik. Gün ərzində bununla bağlı bir, iki deyil onlarla belə faktlarla işləyirik. Komitə ümumi qaydada daha ağır zorakılıq hadisələri zamanı xüsusi bəyanat verir. Uşaqlara qarşı zorakılığa son, uşaq hüquqlarının müdafiəsi ilə bağlı 2019, 2020, 2021-ci illərdə ümumi bəyanatlar olub. Lakin hər bir fərdi məsələi ilə bağlı komitə bəyanat yaymır. Çalışırıq ki, məsələyə ümumi qaydada yanaşaq. Məktəblərdə baş verən hadisə ilə bağlı komitə məktəblə, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qeyd etdiyim komissiya vasitəsilə məktəbin psixoloqu, ailə üzvləri ilə əlaqə yaradılıb. Burada ilkin olaraq faktın müəyyənləşməsindən söhbət gedir”.

Şöbə müdirinin sözlərinə görə, hər faktla fərdi şəkildə iş aparılır.

“Bu məsələdə də məsul dövlət qurumları var. Təhsil müəssisəsində baş verdiyi hadisə ilə bağlı Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi daha çox məsul qurumdur. Belə məsələlərin qarşısının alınması üçün Təhsil Nazirliyinin öz fərdi proqramları var. Təkcə dost proqramları çərçivəsində uşaqlara xüsusi yardım göstərilir. Yenə də Təhsil Nazirliyi məsul qurum olmasına baxmayaraq, komitə öz səlahiyyətləri çərçivəsində bu məsələlərlə məşğuldur. Hər iki hadisə ilə bağlı müvafiq məktub göndərilib. Qeyd olunan qurumlarla yazışma işləri aparılır. Psixoloqları ilə əlaqə saxlanıılb və msüvafiq işlər davam etdirilir. Əsas məqsəd uşağın ümdə marağının nəzərə alınması və eyni zamanda uşağa qarşı zorakılıq hadisəsi ilə bağlı davamlı işlərin aparılmasıdır. Sosial-psixoloji dəstəyin göstərilməsi vacibdir. Bu, təkcə komitə tərəfindən deyil, birgə həyata keçirilir. Preventiv tədbirlərdən danışanda, biz təkcə maarifləndirmə işindən yox, hadisənin səbəbləri, statistik araşdırmalar aparırıq. Həmin qurumlar uşaqlarla bağlı məsələyə xüsusi həssaslıqla yanaşılır. Çalışırq ki, uşağın hüququ qorunsun. Zorakılığa məruz qalan uşağın adı, soyadı, simasının  mətbuatda işıqlandırılması məqsədə uyğun hesab edilmir”, – deyə E.Səfərov bildirdi.

Share: