Mən bilirəm necə oldu
ki sən mənə vuruldun.
Bilirəm bu sevgi deyil,
sadəcə, sən ömründəki
sevgilərdən yoruldun.
Sənə heyran neçə gözdən
baxışlardan yoruldun.
Sənə heç vaxt baxmayacaq
bir adama vuruldun.
Yorulub vuruldun mənə
ki, bir az dincələsən
Ömrünün bundan sonrasın
sevgidən, qayğıdan uzaq
sürüb, rahat öləsən.
Səni sevməyəcəyimi
bilib rahat olasan.
Mən hey ağlatdıqca səni,
gülüb rahat olasan.
Bilirəm bu, sevgi deyil,
bu, nifrətdi bəlkə də.
Bilirsən bu, nifrət deyil,
məhəbbətdi bəlkə də.
Bilirsən ki, heç vaxt mənə
çatmayacaq əlllərin.
Amma elə dincələcək
bundan sonra ev süpürüb,
qab yuyacaq əllərin…
***
Bu quyunun divarının
çöl üzü hanı, camaat?
Dar ağacında azmışam,
yer üzü hanı, camaat?
Al-əlvan geyib gəzərdi,
gəzərdi burda bir pəri:
yanıb, qara külü qalıb,
bəs hanı başqa rəngləri.
Yaxşı, mən özüm hardayam,
o Salam hanı, ay ana…
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.
***
Dünyanın zəif damarı
elə bu yollar imiş.
Ayağım zorla yerləşib:
izim yaman dar imiş.
İndi sizə kimdən deyim,
nədən deyim, uşaqlar:
biri varmış, biri yoxmuş,
beş-on nağıl var imiş.
Bu gün ad günümdə bildim
bu ömür bir oyunmuş:
həm uşaqmışam, həm ahıl –
yaşım yek-cahar imiş.
***
Budaq töküb barını
bir quru çomaq qalıb.
Hər yer solub şəkildə,
təkcə saçlar ağ qalıb.
Son addım idi, atıb
ta dayandım həyatda:
axx, qaldı həmişəlik
izim ayağım altda.
Mən də vətən yolunda
başımı qoydum yatdım.
Gördüm ki, yuxum gəlmir,
sonacan saydım yatdım.
Ay qız, sən kimsən belə
qarış-qarış gəlirsən.
Bir vaxt Tanrı gəlirdin,
indi Tanış gəlirsən.
***
Ax bu adamda ta qalmadı can ki,
qanla od söndürmək bundan asan ki:
elə ovuşdurur alnını, sanki
alın yazısını pozmaq istəyir.
Bu adam doludu boş ola bilmir:
qarlamaq istəyir, qış ola bilmir.
Bu adam partlayıb boşala bilmir,
eləcə çatlayıb sızmaq istəyir.
Keçib öz tozundan durulur bu yol.
Hər ayaq yerindən qırılır bu yol.
Nə yaman əyilib-burulur bu yol,
elə bil özünü azmaq istəyir.
***
Hərəkət başlayıb mənzil başından:
hər şey bu dünyada geri qayıdır.
Bir bax yerişinə, hər addımında
iki ayağının biri qayıdır.
Qəddimiz yıxılır qamış atından,
əlində bir qamış əsa qayıdır.
Elə hey iki şey axır dünyada:
elə hey qan batır, susa qayıdır.
Qayıdar sənin də arxına axar,
gedənlər də dönər, hər şey dönükdü.
Böyüyün yerişi ləng olur bir az,
sevinc gecikirsə, demək böyükdü.
***
Üç-üçün neçə eləyər?
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?
Sən də gəl get cəzanı al,
sən də qoşul hamımıza:
tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.
Ta çalma, qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.
***
Nə qələt eləsəm bağışlayarsan,
Allah, tək sən məni duya bilirsən…
Yenə bir nəfəri ağlar qoymuşam –
qardaş, əlim batıb suya, bilirsən?
İrqim nə irqdi bu qanlı dəriynən?
Keçir söz qatarı qəza yeriynən…
Saymaq öyrənirsən dərd çöpləriynən,
uşaqsan, onacan saya bilirsən.
Bu dünya, bu adam, bu gün, bu otağ,
bu qələm, bu varağ, bu söz: canım sağ.
Şükür ki, bilmirsən ölmüşəm, ancağ
elə ağlayırsan, guya bilirsən.
***
Sən də bu canıma guya qıymadın,
sən də canısəndə yaşatdın məni.
Yaxşı ki bircə yol “dəli” deməynən
bircə yol adama oxşatdın məni.
Daha nə ömür var gözə gələsi,
nə əl var başıma duz çevirməyə…
Nə sənə baxmağa haqqım var indi,
nə də ki haqqım var üz çevirməyə.
Dostlar-yaxınlar da yoxa çıxdılar,
ta adam tapmazsan sormağa məni.
Səni oxşamağa açılan əlim
elə hey yumulur vurmağa məni.
Dartır bir yuxudan başqa yuxuya
Yapışıb əlimdən yuxumda bir əl.
Qərib qardaşlartək düşüblər ayrı
ətəyində bir əl, yaxanda bir əl.
Sən mənə dözməyi öyrətdin, sağ ol,
savabdi, Allah da razı olacaq.
O dözüm yolunu gözləməyə yox,
səni unutmağa lazım olacaq.
***
Noolsun ki, dərdlər çoxdu dünyada
və dünya genişdi, yoxdu bir həddi:
bir külfət yaşayır bu dar otaqda,
mənəm, odur, bir də beş-altı dərddi.
Lələk yandırım gəl, qanadım yanır.
Sel göndər aparsın bu suyu, Allah.
Özünü ölümdən qoruyur hamı,
hamı özün səndən qoruyur, Allah.
Mən də bir küfr idi elədim, amma
bu gündən susuram, həvəsdi-bəsdi:
bağışla, başladım şeir yazmağa,
bağışla, ilahi, sözünü kəsdim.