Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün xüsusi proqram hazırlayıb.
Oxu.Az xəbər verir ki, beynəlxalq sirk proqramı 12 oktyabr tarixindən start götürüb.
Sirk proqramında 2000-ə yaxın şəhid və qazi ailələrinin övladları tamaşaçı qismində iştirak ediblər. Sirk ustaları şəhid və qazi övladlarını səhnəyə dəvət edərək nömrələrin bir hissəsini onlarla həyata keçiriblər.
Proqramda Kubadan, Almaniyadan, Rusiyadan bir sıra məşhur sirk ustaları öz nömrələri ilə çıxış ediblər. Bakı Dövlət Sirkində təşkil edilən proqramın sonunda milli sirk nömrəsi nümayiş olunub.
Bu nömrə Qarabağ atları ilə rəqqasların xüsusi kompozisiyasıdır. Qeyd edək ki, sözügedən kompozisiya ilk dəfə göstərilir.
Bakı sirkinin direktor əvəzi Nahid Ağayev şəhid və qazi ailələrinin övladları üçün təşkil edilən proqramdan danışıb. O bildirib ki, bu kimi tədbirlərin daha da genişləndirilməsi, təşkil edilməsi planlaşdırılıb.
Sirk ustası Allahverdi İsrafilov isə bildirib ki, proqramda eksklüziv nömrələr nümayiş olunacaq.
Ümumilikdə proqram 14 oktyabrdan başlayaraq 27 noyabr tarixinə kimi davam edəcək. Bu müddət aralığında bütün sirk həvəskarları bilet alaraq proqramı izləyə bilərlər.
Bütün seanslar şəhid və qazi ailələri üçün ödənişsiz olacaq.
Könül Cəfərli