Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.
xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə şəhərində 1525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək, həmin siyahıya daxil edilib. Nazirlər Kabinetinin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aidiyyəti qurumların iştirakı ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının yenilənməsinə və əsaslı təmirinə dair Dövlət Proqramı” hazırlanıb və bu Dövlət Proqramının təsdiqlənməsi yekun mərhələdədir. Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan yaşayış bina və yataqxana sakinlərinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün 2023-2025-ci illər ərzində dövlət büdcəsindən ümumilikdə 150,0 mln. manat vəsait tələb olunduğuna dair müraciət olunub və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin şəhərlərdə qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü ildə görüləcək işlərin maliyyələşdirilməsi üçün Komitəyə 50,0 mln. manat vəsait ayrılıb. Eyni zamanda, qeyd edilən tədbirlərin həyata keçirilməsi üçün maliyyə təminatının yaradılması məqsədilə 2024-cü il dövlət büdcəsində 50,0 mln. manat vəsait proqnozlaşdırılıb və 2025-ci ilin proqnoz göstəricilərində qalan vəsaitin nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görülür.