“Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir, çünki hesab edirik ki, sıx iqtisadi-ticari əlaqələr regionda sülhə, sabitliyə və tərəqqiyə kömək edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın TASS agentliyinə müsahibəsində deyib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycam bu istiqamətdə böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndirir: “Lakin hazırda nəqliyyat kommunikasiyalarının açılması üzrə Ermənistanla danışıqlarımızda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılması da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatın bəndlərindən biridir. Təxminən üç ildən sonra da bu bənd hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”.
O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillik ərzində Azərbaycana qarşı işğalçı siyasət yeritməsi nəticəsində regiondakı nəqliyyat-logistika arxitekturasından kənarda qalan Ermənistanın özü üçün faydalıdır: “Amma Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərini yerinə yetirməkdən imtina edirsə və təcrid vəziyyətində qalmaqda davam etmək istəyirsə, onda Bakı gözləmək niyyətində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyətinin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğru hərəkət edəcəyik”.