Bakı Qarabağda bu ssenari ilə hərəkət edəcək: Paşinyandan sensasiyalı şərt

Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçkidən dərhal sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etdi və sələfi Serj Sarkisyanın ehtiyat edərək, səsləndirmədiyi iddiaları irəli sürdü. O, erməni hərbi birləşmələrini gücləndirəcəklərini dedi və bununla müharibəyə hazırlıq prosesinə işarə vurdu. Ardınca əlavə etdi ki, “Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir, əks təqdirdə, danışıqlar heç bir effekt verməyəcək”. Paşinyan hətta Dağlıq Qarabağın Ermənistan tərəfindən tanına biləcəyini də açıqladı və “Azərbaycanın qorxaq olması” haqda sərsəm fikirlər səsləndirdi.

Bütün bu açıqlamaları yeni baş nazirin daxili auditoriyaya hesablanmış siyasi ritorikası hesab etmək olar. Başqa cür olsaydı təəccüblü olardı. İndiki situasiya və Paşinyanın keçdiyi siyasi yol da bunu göstərir:

1. O, sələfi Sarkisyandan daha sərt olmaqla “Sarkisyan Qarabağı daha yaxşı müdafiə edirdi” kimi gündəmə gələ biləcək iddiaların önünü indidən kəsir.
2. Paşinyan Dağlıq Qarabağ münaqişəsini Ermənistanın əsas bəlası hesab edən Levon Ter-Petrosyanın davamçısı olaraq tanınır. Bu baxımdan, onun cəmiyyətin ələ alınması üçün Petrosyanın fikirlərinin tam əksinə getməsi, yaxud da özünü belə göstərməsi təsadüfi deyil.
2. Paşinyanı küçəyə çıxaran və ona dəstək verən, yaxud da Qərbin dəstəyində vasitəçi olan erməni diasporunun ondan Qarabağ məsələsində sərt mövqe sərgiləməyi istədiyini də ehtimal etmək olar.

Bu amillər Paşinyanın Qarabağla bağlı açıqlamalarının səbəblərini ortaya çıxarır.

Lakin nəticə necə olacaq, Paşinyanın qəbul edilməsi mümkün olmayan və danışıqlar formatına tamamilə zidd şərtləri prosesi hara aparacaq? Faktiki olaraq, Ermənistanın yeni baş naziri müharibə zəngini çalır.

Mümkün ssenarilər:

SSENARİ 1: Paşinyan hakimiyyətini gücləndirəndən sonra, indiki Qarabağ mövqeyini unudur və danışıqlara davam edir.

Beləliklə:

– Ermənistanın düşdüyü blokadanın yarılması üçün danışıqlar ərazilərin qaytarılması ilə nəticələnir;
– Paşinyan hərəkatının arxasında Qərbin dayandığına və məqsədin Ermənistanın Rusiyadan tədricən uzaqlaşdırılması olduğuna inansaq, hesab etmək olar ki, ABŞ Ermənistanın Türkiyə üzərindən çıxış əldə etməsi üçün danışıqlarda real nəticələrin əldə olunmasını istəyəcək;
– Təbii ki, Rusiya faktoru burada xüsusi paya sahibdir, lakin mümkündür ki, Paşinyan Moskvadan tədricən xilas olmağın yollarını axtaracaq və bu prosesdə ona məhz Qərb dəstək verəcək;
– Ermənistanın indiki məqamda bölgədə Rusiyanın qarşısında yeganə alternativi İrandır, hərçənd, ABŞ-ın Tehrana qarşı başlatdığı hücum İrəvanın bu alternativini də sıradan çıxarır;
– Yeganə alternativ Türkiyə və Azərbaycan qalır, bunun üçün də Dağlıq Qarabağ münaqişəsinin həlli lazımdır;
– Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı Türkiyəyə “Azərbaycansız əməkdaşlıq təklifi” də artıq İrəvanın yol axtarışında olduğunu göstərir.

SSENARİ 2: Paşinyan mövqeyindən geri çəkilmir, Dağlıq Qarabağı danışıqların subyekti kimi sırımağa cəhd edir. Bu, Bakı tərəfindən müharibəyə çağırış olaraq qəbul ediləcək.

Çünki:

– Bakı hələ Bişkek protokolunun imzalanması zamanı bu məsələnin üzərindən xətt çəkib. Həmin vaxt, rusiyalı həmsədr Vladimir Kazimirov protokola Qarabağı tərəf kimi salmaq istəyəndə, Azərbaycanın adından danışıqlar aparan Afiyəddin Cəlilov Heydər Əliyevə zəng edərək, vəziyyəti məruzə edir. Heydər Əliyev ondan protokolu imzalamadan geri qayıtmasını tələb edir. Cəlilovun arxasınca Kazimirov da Bakıya gəlir, Heydər Əliyev rusiyalı həmsədrə ciddi şəkildə irad tutduqdan sonra, Qarabağ tərəf kimi çıxarılır və Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının adı salınır. Münaqişə boyunca Bakı bütün cəhdlərə rəğmən, bundan imtina edib və bundan sonra da imkan verməyəcəyi dəqiqdir;
– Paşinyanın sələflərindən seçilmək və “qalib komandan” kimi ad çıxarmaq məqsədilə Qarabağı tərəf kimi prosesə daxil etmək istəyi isə real görünür. Çünki bu baş tutarsa, o “qalib komandan” olacaq, tutmayacaqsa, danışıqlar prosesini uzadaraq, münaqişənin Ermənistanın xeyrinə olan indiki şəraitdə qalmasını təmin edəcək;
– Lakin burada Bakının mövqeyi və dünyadakı proseslərin regionda əks-sədası da məsələyə yön verə bilər;
– Deməli, bütün yollar müharibəyə aparır;

Müharibə ssenarisində üç faktor Azərbaycanın əlini gücləndirir:

İran faktoru: ABŞ İranla nüvə razılaşmasını ləğv etdi, hansı ki, bu bölgənin Vaşinqton üçün əhəmiyyətini artırır. İrana qarşı bölgədə hansısa planların işə düşəcəyi təqdirdə, Azərbaycan beynəlxalq hüquqa istinadən, işğal olunmuş ərazilərdə anti-terror əməliyyatlarına başlaya bilər.

ABŞ faktoru: Vaşinqton bölgədə gərginliyin olmasında “Rusiya sərhədlərində yeni müharibə” taktikası baxımından maraqlı görünür. Azərbaycanın anti-terror əməliyyatına Qərb dəstək verə bilər. Bu həm də Qarabağ münaqişəsinin kökdən həlli və Ermənistanın Gürcüstan kimi Rusiyanın nəzarətindən çıxması üçün Amerikaya sərfəli ola bilər.

Rusiya faktoru: Moskva Vaşinqtonun maraqlarını nəzərə alaraq, Bakının əməliyyatına qarşı çıxa bilər. Lakin Paşinyanın Ermənistanın Kremlin maraqlarının ziddinə getməsi ehtimalı, yaxud da yaxın gələcəkdə bunun baş verməsi, rusların da Azərbaycanın öz ərazilərini azad etmək hərəkatına ermənilərə qarşı “cəza metodu” kimi baxmasını təmin edə bilər.

Göründüyü kimi, proseslərin inkişafı qarışıq görünür, lakin maraqların tərs-mütənasibi Azərbaycan üçün sərfəli şəraitin yaranmasını təmin edir.

Share: