Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi

Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının 2023-cü ildəki toplantısı və mükafatlandırma mərasimi Bakıda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında qərar verilib.

Toplantıda ölkəmizi Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq olunub. Beləliklə, Bakı 2023-cü ilin 4-8 dekabr tarixlərində  bu beynəlxalq tədbirə ev sahibliyi edəcək. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Mükafatlandırma mərasimi isə (FIA Prize-Giving Ceremony) avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif mükafatlar təqdim edilir.



Share: