“Nizami Gəncəvi kimi dühanı dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
O bildirib ki, bugünkü tədbir hər bir azərbaycanlı üçün həssas olan çox önəmli bir mövzuya – Zəngəzur kontekstində tarixi – mədəni irsimizin hazırkı vəziyyətinə və erməni saxtakarlıqlarına həsr olunub, əzəli Azərbaycan torpaqları olan Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsi artıq 100 ildir ki, türk dünyasının coğrafi parçalanmasına gətirib çıxarıb.
“Biz XX əsrin ilk onilliklərində xalqımızın payına düşən acı taleyin və bu tarixi faciənin ağır nəticələrini indiyə qədər yaşayırıq. Son 30 ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması prosesi öz kökünü məhz həmin dövrdə yaşanan faciələrdən və buraxılmış tarixi səhvlərdən götürür. Ermənistan 100 il ərzində tarixi Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizi dağıtdığı, yer üzündən sildiyi və saxtalaşdırdığı kimi 30 illik işğal dönəmində də Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlıların izlərini tamamilə silməyə, tarixi saxtalaşdırmağa çalışıb. İşğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasının qarşını almaq üçün Azərbaycan bütün beynəlxalq platformalarda öz haqq səsinin eşidilməsi üçün durmadan çalışıb. Bu mənada, mədəniyyət üzrə universal platforma olan UNESCO çərçivəsində fəaliyyəti xüsusi vurğulamaq lazımdır. Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük səyləri və şəxsi nüfuzu sayəsində Azərbaycanın tarixi və mədəni irsi bu gün dünya miqyasında daha çox tanınır və yüksək qiymətləndirilir” – deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsimizin dağıdılması və saxtalaşdırılması ilə bağlı Azərbaycan dəfələrlə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu, mümkün olmayıb.
“Beynəlxalq səviyyədə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsə qarşı vandalizmin qarşısı alınmayıb, susqunluq nümayiş etdirilib. Qlobal miqyasda saxtakarlıqla məşğul olan ermənilər, klassik Şərq-İslam memarlığı üslubunda tikilmiş karvansaraları, məscidləri, hamamları, türbələri heç cür təhrif edə bilmədiyindən çıxış yolunu onları məhv etməkdə və ya tanınmaz hala salmaqda görüb. İşğal dövründə Azərbaycan mədəniyyətinin beşiyi Şuşada olan 300-dən artıq tarixi memarlıq abidəsindən əksəriyyəti tamamilə dağıdılıb. Üzeyir Hacıbəyovun və Xan Şuşinskinin evlərinin ancaq bünövrəsi qalıb. Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Mir Möhsün Nəvvabın evləri yerlə yeksan edilib. Xan qızı Natəvanın mülkündən ancaq divar salamat qalıb. Molla Pənah Vaqifin əzəmətli muzey-məqbərə kompleksi üzlük daşlarına qədər talan edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “28 il ərzində Şuşaya yad olan ermənilər nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Xatırlayırsınızsa, ilk 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilər 1978-ci ildə Ağdərənin Marağa kəndində abidə də ucaldıb. İndi nəinki belə abidələr dağıdılıb, yerli Alban-xristian abidələri də təhrif edilib. Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunun Hünərli kəndində, Tuğ kəndində olan alban məbədləri ermənilərin saxtalaşdırmaq istədiyi alban abidələrinə misaldır. Erməni vandalizmi yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsinə deyil, həm də digər dini ziyarətgahlara qarşı da tətbiq olunub. 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsi də bu acı taleyi yaşayıb.
Azərbaycanın bir çox tarixi abidələri üzərində yerləşdirilmiş daş kitabələrdə inşa tarixi ilə yanaşı, həm ustad müəllifin, həm də sifarişçinin adları həkk olunub. Lakin müəllif hüquqlarına təcavüz sahəsində qlobal lider olan ermənilər bu kitabələri belə saxtalaşdırmaqdan çəkinməyib. Məsələn, azərbaycanlı tacir Səməd Ağa Cavanşirin XIX əsrdə Şuşada tikdirdiyi bulağın belə ərəbcə yazılan meləmat lövhəsi xaçlarla əvəzlənərək ermənilər tərəfindən saxtalaşdırılıb”.