Rəfiqə ƏLİSƏFA
Son zamanlar gözəlləşən Bakıya baxanda adamın ürəyini bulandıran bir nüans diqqəti çəkir: aqressiv, kobud, ağzı söyüşlü, açıq-saçıq geyimli, zövqsüz makiyajlı “yeni qızların” sayı artır.
Mərkəzdə şahidi olduğum vəziyyət məni elə incidir ki! Azərbaycana gələn turist dostlarım məndən Bakıda niyə bu qədər fahişənin olduğunu soruşur. Mənsə deyirəm: Onlar gəlmələrdir!
Hardan gəlmə? Nə gəlməsi? Öz qanımızdır, öz canımızdır, öz vətəndaşımızdır.
Bir zamanlar öz zərifliyi, ləyaqəti, namusu ilə bütün Qafqazda məşhur olan qadınlarımız indi avropalı və ərəb turistlərin gözündə yüngül əxlaqlı qadınların vətənidir.
Biz hara gedirik?
Pul qazanmağın asan yolu deyirik, bədənini satmaq asandırmı? Qab yumaq ondan çətindirmi? Xadiməlik fahişəlikdən mürəkkəbdirmi? Xeyr, bu iş asan pul qazanmaq yolu deyil, bu, ən çətinidir.
Son günlərdə bu haqda o qədər düşünürəm ki! Bu “peşə sahiblər”inin durmadan artması nə ilə izah olunmalıdır? Bu bədbəxtçiliyin qarşısını necə almaq lazımdır?
Necə bu qadınları inandıraq ki, həyatda başqa çıxış yolları da var? Onları necə başa salaq ki, heç vaxt geri dönmək üçün gec deyil?
Əzizlərim! Vallah, bacarmırsınız. Bu iş sizlik deyil. Bu iş sizin, bu millətin qanında-canında yoxdur! Bacardığınız bir sahədən yapışın. Axtarsanız, elə bir sahə mütləq tapacaqsınız, amma onun fahişəlik olmadığı dəqiqdir.
Dəfələrlə sosial şəbəkədə oxumuşuq. Hansısa fahişə ərəblə qiymət danışır. Elə bil kartof alveridir…
Hətta vəziyyət o qədər iyrənc hal alıb ki, bu ərəb gedələr əxlaqlı, mərifətli qadınlarımıza da bu cür təkliflər edirlər.
Ölkədə turistlərə təqdim ediləsi bu qədər gözəl şey var. Biz isə turistlərin qabağına fahişələrlə çıxırıq.
Ən pisi də budur: Azərbaycan “qadını” (onlara qadın deməyə belə dilim gəlmir) iyrəndiyi ərəb gedələrin yatağına yıxılır.
Amma dəqiq olan budur: yıxılan təkcə bu fahişələr deyil, həm də Azərbaycan qadınının müqəddəs adıdır.
Biz bu böyük Addan yıxılırıq…