İyunun 20-də Bakıda Argentinanın milli bayramı – Müstəqillik Gününün 207-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Müstəqil.Az xəbər verir ki, Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi çıxış edərək ölkəsinin müstəqillik qazandıqdan sonra müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə mövcud əlaqələrdən danışıb.
O, Azərbaycanla Argentina arasında əlaqələrin 1990-cı illərin əvvəllərində qurulduğunu xatırladaraq bildirib ki, davamlı inkişafda olan bu münasibətlər ikitərəfli ticarətin inkişafının əsasını qoyan çoxsaylı sazişlərdə əksini tapıb.
“Bu münasibətlərdə mübahisəli məsələlər yoxdur. Əksinə, ümumi beynəlxalq hüququn bir çox prinsiplərinin tətbiqi ilə bağlı oxşar baxışlar var.
Azərbaycan coğrafi mövqeyinə görə qədim zamanlardan müxtəlif xalqlar, mədəniyyətlər, etnik qruplar və dinlərlə təmasda olaraq müxtəlif mədəniyyətlərə açıq və tolerant bir ölkəyə çevrilib”, – deyə xanım səfir vurğulayıb.
Son bir ildə Azərbaycanla Argentina arasında ticarət dövriyyəsinin iki dəfə artdığını diqqətə çatdıran diplomatın sözlərinə görə, 2012-ci ildə səfirlik açıldıqdan bu günədək iki ölkə arasında xammal, emal sənayesi məhsulları, xidmətlər, əczaçılıq məhsulları, texnologiya da daxil olmaqla, ticarət dövriyyəsi on dəfə artıb.
“İqtisadiyyat, ticarət, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıqla bağlı qarşımızda çoxlu imkanlar var. Çalışırıq ki, Argentina şirkətləri Ələt Limanının təklif etdiyi imkanlardan yararlana bilsinlər və Azərbaycan Argentina məhsullarının təkcə yerli deyil, həm də regional səviyyədə paylama mərkəzinə çevrilsin”, – deyə Marianxeles Belluşi əlavə edib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Hökuməti adından Argentina xalqını milli bayram münasibətilə təbrik edib.
O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin 30 illiyinin qeyd edildiyini vurğulayıb.
“Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Argentina arasında mütəmadi qarşılıqlı dəstək və səmərəli birgə fəaliyyət mövcuddur. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı koronavirusa qarşı peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsinə və digər qərarların qəbul edilməsinə dair ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə Argentina öz dəstəyini əsirgəməyib”, – deyə nazir müavini vurğulayıb.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rəsmi hissənin ardınca “Argentina-Azərbaycan ənənəvi dəb sintezi” adlı moda nümayişi olub və yerli tanqo məktəbinin şagirdləri tərəfindən rəqslər ifa edilib.
Müstəqil.Az