Prezident İlham Əliyev: “Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”
Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirak üçün oktyabrın 30-dan Bakıda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərinin ikinci günündə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən rəsmi qəbul olunub.
Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb.
Sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası olub.
Prezident İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. “Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var – siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir. Əminəm ki, geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq.
“Dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm” deyə, Ərdoğan vurğulayıb.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra hər iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”u və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”u, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanıb.
“İki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir. Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur”.
Tədbirdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev belə deyib. Dövlət başçısı bildirib ki, iki ölkə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir: “Müzakirə olunan məsələlərlə bağlı aramızda fikir birliyi var. Bütün müzakirə olunan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır”.
Prezident qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Onun sözlərinə görə, Türkiyə indiki prezidentin rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq”.
Prezident deyib ki, görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub: “Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım.
Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır”.
İ.Əliyev qeyd edib ki, bu, Azərbaycana qarşı göstərilən ikili standart siyasətidir: “Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycan haqq işini dəstəkləyir”.
Ölkə başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: “Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır”.
Prezident vurğulayıb ki, bugünkü toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. “Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq ”.
Hərbi əməkdaşlıqdan danışan dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb.
“Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq”, – deyə prezident vurğulayıb.
“Bu gün biz öz evimizdəyik, qonaq deyilik” deyən Ərdoğan Türkiyə və Azərbaycan arasında əlaqələrin güclü olduğunu söyləyib: “TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tiflis-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq” (yazının hazırlanmasında APA və “Report”un materiallarından istifadə olunub).
Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: “Neft qiymətlərinin aşağı düşməsi ilə ticarət həcmində azalma olmuşdu. Artıq bu sahədə də vəziyyət stabilləşib. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatacağına inanıram.
Son dövrlər müdafiə sənayesi sahəsində də əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək”.