Bakıda çempion olan idmançı: “Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir”

Bakıda çempion olan idmançı: “Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir”

“Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir”.

“Report” xəbər verir ki, bunu Bakıdakı dünya çempionatında 10 metr məsafəyə hərəkətli hədəfə atəş açma növündə qızıl medal qazanan Ukrayna təmsilçisi İqor Kizima deyib.

İdmançı ötən il Fransada gümüş medal qazandığını xatırladıb: “Amma bu il eyni nəticə ilə Bakıda “qızıl” mənim oldu. Bilirsiniz ki, Ukraynada siyasi vəziyyət necədir. Bu medallar hamımız üçün dəyərlidir. Ona görə də ölkəmiz üçün əlimizdən gələni etməyə çalışırıq”.

Bakıya ikinci dəfə gəldiyini söyləyən 26 yaşlı atlet ölkəmizdə onlara göstərilən münasibətdən razılığını dilə gətirib: “Burada olmaqdan məmnunam. İlk dəfə 2017-ci ildə gəlmişdim. Bu, ikinci səfərimdir. Ukraynlılar, avropalılar, ümumiyyətlə, bütün xalqlar üçün burada gözəl şərait yaradılıb. Bakı Atıcılıq Mərkəzindəki şəraiti çox adam görməyib. Onların bir qismi gördüklərimizi, sadəcə, arzu edirlər. Bizə qarşı insanların münasibəti çox gözəldir. Düzdür, Ukraynada da qonaqlara münasibət yaxşı olur. Amma buradakı diqqət daha çox təqdirəlayiqdir”.

Qızıl medalın qadın sahibi qazaxıstanlı Zuxra İrnazarova da qalib olmağından söz açıb: “Burada çıxış etmək xoşuma gəldi. Ümumilikdə, Bakı Atıcılıq Mərkəzi haqda yalnız xoş sözlər deyə bilərəm. Bu mərkəzdə məşq etmək və atış çox rahatdır. Möhtəşəm kompleksdir, xüsusən, divardan asılan şəkilləri (Qeyd: Mərkəz ötən beynəlxalq yarışlardan olan fotolarla bəzədilib) çox bəyəndim”.

İmazarova qızıl medala sahib olsa da, mükafatlandırma mərasimində kifayət qədər ciddi görünməsinin səbəbini bu cür əlaqələndirib: “Öz gülüşümü bəyənmirəm. Ona görə də medal alanda gülümsəməyi artıq hesab etdim”.

Share: