Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb.
Müstəqil. Az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bunun səbəbini son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasında görüb:
“Praktik olaraq bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir. Bu isə o deməkdir ki, bankların bütün hallarda daha aşağı faizlə ipoteka krediti təklif etmək imkanları hər zaman olub. Sadəcə, son illərədək ipoteka kreditlərinə marağın yüksək olması bankların makisumum faizlə kredit təklif etməsinə səbəb olurdu. Güman olunur ki, yaxın zamanlarda adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 6 faizədək azala bilər. Bu isə o deməkdir ki, 25 il müddətinə 8 faizlə 150 min manat kredit götürən vətəndaşımız 1157 manat ödəməlidirsə, kredit faizi 7 olanda bu göstərəici 1060 manata, 6 faiz olanda isə 966 manatadək azalır. Deməli, faizlərin 8-dən 7-dək enməsi maksimum məbləğdə kredit götürən şəxsin aylıq ödəniş məbləğinin 97 manat, 6-dək enməsi isə 191 manat azalması deməkdir. Kredit məbləği 75 min manat olanda isə 7 faizli kredit üzrə aylıq ödəniş məbləğ 535 manat, 6 faizə düşəcəyi halda isə 480 manat olur”.
İqtisadçı onu da qeyd edib ki, adi ipoteka istiqrazları orta hesabla 3 faizlə yerləşdirildiyindən onların illik faizlərinin müvəkkil banklar tərəfindən daha da aşağı salınması imkanları var.
Aygün Yusubova